Həyat boyu müxtəlif hadisələrlə qarşılaşırıq. Bəzi hadisələr illərlə yaddaşımıza həkk olunaraq unudulmur, bəziləri isə yaxın keçmişdə baş verməsinə baxmayaraq tez unudulur. Elm adamları bunu bir hadisəyə verdiyimiz əhəmiyyət və ya onu zehnimizdə nə qədər təkrarladığımızla əlaqələndirirlər. Həyatımız heç bir əhəmiyyət vermədiyimiz 24 saat ərzində unudulub gedən saysız-hesabsız hadisələrlə doludur. Bəs bütün bunlar həqiqətən də əhəmiyyətsiz, sadəcə gəlib keçən anlardır?


Məsələn, təsəvvür edin ki, bir gecə masanızda işləyərkən otağınızda ətrafda uçan bir gecə kəpənəyinin fərqinə vardınız. Onu salfetlə tutub zərər vermədən çölə buraxdınız. Kompüterin arxasına qayıtdığınız zaman ətrafda uçan yeni bir gecə kəpənəyi gördünüz. Birincisi kimi onu da tutub çölə buraxmağa çalışdınız. Çox çalışdınız, amma bu dəfə gecə kəpənəyi canını qurtardı. Cəhdləriniz uğursuz oldu; kəpənəyi geri gəlsə tutmaq üçün stolun lampasını yandırdınız və yanına kağız dəsmal qoydunuz. Hətta 10-15 dəqiqə keçsə də, kəpənəyin nə işığa gəldiyini, nə də otaqda uçduğunu görmədiniz. Bunun təəccüblü olduğunu düşünərkən stolun üstündəki kağız dəsmal diqqətinizi çəkdi. Ətrafda uçacağını gözlədiyiniz həşəratın dəsmalın üstündə sakit oturduğunu gördünüz. Onu da kağıza büküb zərər vermədən buraxdınız.


Bu sizə, beş dəqiqədən sonra heç vaxt düşünməyəcəyiniz tamamilə adi bir hadisə kimi gələ bilər. Bununla belə, adi görünən bir çox hadisələrdən də dərs alına bilər. Ona görə də hadisələri “yadımdadırsa, vacibdir, xatırlamıramsa, əhəmiyyətsizdir” kimi təsnif etmək tamamilə doğru deyil.

 

Əvvəla, heç bir hadisə təsadüfən baş vermir. İlk kəpənəyin uçuşunun səbəbi axtarışla səbəbləndirilsə də, onda sizə göstərilməyə çalışılan bir hikmət vardı. İkinci hadisədə, bu hikmət, bu dəfə uçmadan gözləyən gecə kəpənəyi vasitəsilə göstərildi. Göstərilən - Allahın həyatdakı hər hadisəni, hər bir təfərrüatı xüsusi olaraq yaratdığı və bizim üçün hikmətlərlə doldurduğu gerçəyidir. Bu həqiqət, “Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur.” (Ənam surəsi, 59) ayəsi ilə açıqlanır. Birinci kəpənəyi dərhal tutmaq da, az səy göstərməyimizə baxmayaraq ikincini tuta bilməmək də Allahın diləməsidir. Kəpənəyin tutulması sərf olunan səylə bağlı deyil. İkinci kəpənəyin heç bir səy göstərməsək də, güvənərək, təslim olaraq gözləməsi buna işarədir.

Həyatımızda qarşılaşdığımız hər hadisə, hər detal, hər an, əslində, Allahın bizim üçün xüsusi olaraq yaratdığı və hikmətlə zənginləşdirdiyi bir təcəllidir. İnsanlar çox vaxt yaşadıqları hadisələri birdən birə başverən, adi təsadüflər kimi görürlər. Bu perspektiv bizi hadisələrin arxasındakı daha dərin mənanı və onları formalaşdıran ilahi iradəni gözdən qaçırmağa vadar edir.

 

Halbuki Allah “Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz.” (Yunus surəsi, 61) ayəsində hər şeyin Onun ixtiyarında olduğunu bildirir. Allah bəzən kəpənəyin uçuşunda, bəzən yarpağın düşməsində, bəzən də kiçik, gözlənilməz bir hadisədə bizə bir ismarıc verir. Bu mesaj bizə bəzən səbir, bəzən şəfqət, bəzən də Allaha təvəkkülü öyrətmək üçündür.

 

Buna görə də, məhdud perspektivimiz əsasında hadisələri xeyirli və ya pis olaraq dəyərləndirmək çox vaxt doğru bir nəticəyə gətirib çıxarmaz. Çünki hadisələrin necə cərəyan edəcəyini və hansı hikmətə malik olduğunu həqiqətən bilən Uca Allahdır. Ona görə də yaşadığımız heç bir hadisənin “bu önəmsiz bir şeydir” deyərək üstündən keçməməliyik və ya rədd etməməliyik. Önəmli olan hadisələrdə dərsləri görmək, Allahın bizə göstərdiyi əlamətlərin fərqində olmaq, onlardan öyrənmək və bu dərslərdən əldə etdiyimizi həyatımızda tətbiq etməkdir. Çünki insan ancaq bu yolla həqiqi mənada yetkinləşə, dərinləşə və Allaha yaxınlaşa bilər.

 

Ustad Bədiüzzaman Səid Nursi Risalə-i Nur toplusunda gözəl bir hekayə ilə bu mövzuya toxunmuşdur. Bədiüzzaman "Sözlər" adlı əsərinin 23-cü fəslində gəmidə səyahət edən iki adamın hekayəsini belə izah edir:

 

Bir vaxtlar belində və başında ağır yük daşıyan iki kişi bilet alıb böyük bir gəmiyə mindilər. Onlardan biri gəmiyə minən kimi dərhal yükünü yerə qoyub üzərində oturdu və ondan sadəcə göz qulaq oldu. O biri isə həm axmaq, həm də təkəbbürlü olduğu üçün yükünü yerə qoymadı. Ona dedilər:
- “Ağır yükünü gəmiyə qoy ki, rahat olasan.”
- O, "Xeyr, etmərəm. İtə bilər. Mən güclüyəm. Əşyalarımı kürəyimdə və başımda qoruyacağam" cavabını verdi.
Yenə ona dedilər:
- "Həm səni, həm də bizi daşıyan bu təhlükəsiz sultanın gəmisi daha güclü və daha yaxşı qoruyur. Başın gicəllənib, yükünlə dənizə düşə bilərsən. Üstəlik, zaman keçdikcə gücün də azalacaq. Bu əyilmiş belin, ağılsız başın getdikcə ağırlaşan bu ağır yükləri daşıya bilməyəcək. Kapitan da səni bu halda görsə ya ‘dəlidir’ deyib səni gəmidən atacaq, ya da 'bu adam satqındır, gəmimizi günahlandırır, bizi məsxərəyə qoyur, həbs edilməlidir' əmrini verəcək. Üstəlik, hər kəsin gülüş mənbəyi olacaqsan, çünki diqqətli insanlar sənin zəifliyini ortaya qoyan təkəbbürünlə, acizliyini göstərən qürurunla, ikiüzlülüyünü və zəlilliyini nümayiş etdirən rəğbətinlə səni gülünc görəcəklər, hərkəs sənə güləcək”.
Bu sözlər deyiləndən sonra kasıb özünə gəldi, yükünü yerə qoyub üstündə oturdu. Dedi: "Ay! Allah səndən razı olsun. Sıxıntıdan, zindandan və istehzadan qurtuldum".

Elə isə, ey Allaha təvəkkülsüz insan! Bu adam kimi sən də ağlını başına al, Allaha təvəkkül et. Beləliklə, bütün kainata yalvarmaqdan, hər bir hadisə qarşısında titrəməkdən, təkəbbürdən, məsxərəyə çevrilməkdən, axirət sıxıntısından və dünyanın zülm və məşəqqət zindanından azad olarsan.

Bu hekayədən də anlaşıldığı kimi, Allaha təslim olmaq bəşəriyyətə verilən böyük bir rahatlıqdır. Biz nə qədər səy göstərsək də, nəzərdə tutulan nədirsə o olacaq. Olmağımız lazım olan yerdə, olmamız lazım olan vaxtda olacaq və yaşamağımız lazım  olan şeyi yaşayacağıq. Yaşadıqlarımızı dəyişdirmək niyyəti ilə etdiyimiz cəhtlər belə əslində qədərimizin bir hissəsidir. Quranda təvəkkül edənlərin Allah tərəfindən sevildiyi və qorunduğu bildirilir:

“Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.”(Talaq Surəsi, 3)

Hz Musanın həyatında bu mövzuda möminlər üçün çox gözəl nümunələr vardı. Onun körpə ikən sandığa qoyulması, saraya aparılıb orada böyüdülməsi, gücsüz olduğu halda sonradan güc sahibi olması, yəhudilərə rəhbərlik edib onları xilas etməsi Allaha təslim olmağın vacibliyini göstərir.

 

Hz Musaya qarşı olan Firon isə hər zaman öz nəfs və imkanlarını qoruyaraq yaşayan insanların simvoludur. Lakin Firon bütün qüdrətinə və izzətinə baxmayaraq arzularına çata bilmədi. Hz Musa isə Allaha təslim olmanın mükafatını həyatının hər anında Firona qalib gələrək almışdır.

Hər bir varlıq, hətta milyonlarla işıq ili uzaqda olan bir atom belə, onun üçün müəyyən edilmiş qədərə tabedir. Bəzən bir kəpənəyin sakit gözləməsi bizə səbir və Allaha təvəkkülü öyrədir. Bəzən isə kəpənəyin dəfələrlə qaçması bir insanın əzmkarlığının və səyinin uğur üçün kifayət etmədiyini xatırladır. Baş verənlərə müqavimət göstərmək əbəsdir. Həyatımızda yaşadığımız hər bir hadisə, istər böyük, istərsə də kiçik olsun, zahirən müsbət və ya mənfi görünsün, Allahın bizə olan sevgisinin və qayğısının təzahürüdür. Allah bəndələrini müxtəlif hadisələrlə tərbiyə edərək yetişdirir, olqun hala gətirir, gözəlləşdirir.

 

Allah Bəqərə surəsinin 216-cı ayəsində müsbət və ya mənfi görünən bütün hadisələrin arxasında bizim üçün hazırladığı bir xeyir və hikmət olduğunu xatırladır:

“Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.” (Bəqərə surəsi, 216)

Bu ayəyə görə, gecə kəpənəyi timsalında olduğu kimi, hadisələrin bizim öz səyimizlə olacağını zənn etmək Qurana uyğun deyil. Həqiqətən də, Kəhf surəsində Hz. Musanın və elm sahibi insanın yaşadığı hadisələrin bilinməyən və gözlənilməz tərəfləri təsvir edilir. Bu təslimiyyət o demək deyil ki, insan “hər şey olduğu kimi olacaq” zənn edib heç bir şey etməsin. Nuhun gəmi tikməsi, Yusifin qardaşını geri qaytarmaq üçün plan qurub və həyata keçirməsi, hicrət dövründə Məhəmməd peyğəmbərin (s.ə.s) mağaraya sığınması peyğəmbərlərin səbəbləri nəzərdən qaçırmadıqlarını, əksinə, cəhd göstərdiklərini göstərir. Önəmli olan bu cəhdi ilahiləşdirməməkdir; başqa sözlə, hadisələrin gedişatını və nəticəsini öz zəhmətimizə bağlamamaqdır.

Unutmayaq ki, Allahın yaratdığı heç bir şey məqsədsiz, rastgələ və ya təsadüfi deyil. Hər şeydə bir xeyir, gözəllik, hikmət var. Əgər biz ancaq düzgün baxmağı və görməyi bilsək, həyatımızda baş verən ən kiçik hadisələr belə böyük nemətlərə, ilahi dərslərə çevriləcək. Və biz Allahın yaxınlığını, sevgisini və mərhəmətini daha dərindən hiss edəcəyik.