Gaussmetr (güc, tezlik, maqnit sahəni ölçən), dünyanın maqnit sahəsi, airfoil şəkil (təyyarə qanadı), qanad ucu girdabı... Bir çox insan üçün bu terminlər bir məna ifadə etməmiş ola bilər. Məsələn, dünyanın daxili nüvəsinin bərk, xarici nüvəsinin isə maye halda olduğu, bu iki layın bir-biri ətrafında hərəkət etdikləri, bu hərəkətin də nüvədəki ağır metallar üzərində bir növ maqnit təsiri yaradaraq bir maqnit sahəsi meydana gətirdiyi, bu maqnit sahədən necə faydalanılacağı kimi təfərrüatlar bilinməyə bilər. Airfoil şəkli qanadlarda, ventilyatorlarda və pərvanələrdə olduğundan, bu şəklin ətrafında hava axını olduqda qaldırma qüvvəsi yaratdığından, bundan da qalxma və uçuşda faydalanıldığından, təyyarə mühəndisləri ya da mövzuya xüsusi maraq duyan kəslərdən başqa, kimsənin xəbəri olmaya bilər...
Mühəndislər, mütəxəssislər bu kimi məlumatları istifadə edərək yeni təyyarələr dizayn edər, maqnit sahəsinin varlığının təsirlərini araşdırar, bundan faydalanar, ola biləcək təhlükələrə qarşı tədbir görərlər.
Ancaq bu məlumatları, ya da sistemləri istifadə edənlər yalnız bu mövzuda təhsil almış, məlumatlı insanlar deyil.
Qida axtarma səfərlərində yerə heç enmədən 15.000 km uça bilən albatroslar, köçləri əsnasında dünyanın ətrafını gəzən qaranquşlar, 3.000 km-lik bir məsafəni qət edə bilən çəyirtkələr, doğumlarından qısa bir müddət sonra 6.000 kilometrlik səfərə çıxan ilan balıqları, balinalar və daha bir çox canlı da bu texniki məlumatları istifadə edərək hərəkət edər.
