Həzrəti Süleyman, Uca Allahın ona böyük bir səltənət, bənzərsiz zənginlik, cinlər və quşlarla dəstəklənmiş güclü ordular və ali elmlər bəxş etdiyi mübarək bir peyğəmbərdir. Bu kitabın yazılma məqsədi, Allahın bir çox cəhətdən digər insanlardan üstün tutduğu Həzrəti Süleymanı Qurani-Kərimdə təsvir edilən xüsusiyyətləri ilə tanıtmaq və Rəbbimizin bu seçilmiş bəndəsinin nümunəvi əxlaqı üzərində düşünməyə təşviq etməkdir.
Diqqət edilməli olan başqa bir mühüm məsələ isə, Quranda Həzrəti Süleymanla bağlı bildirilən hekayələrin bir çox cəhətdən Axırzamana işarə etməsidir. Axırzaman – qiyamətə yaxın bir dövrdə, Quran əxlaqının bütün dünya üzrə hakim olacağı və insanların geniş şəkildə bu əxlaqı yaşayacağı bir çağdır. Bu dövrdə Allah, “Hadi” (doğru yola yönəldən) sifətini daşıyan bir şəxsi – Hz. Mehdini vəsilə edəcək, inkarçı fəlsəfə və ideologiyaları aradan qaldıracaq, dünyanın hər tərəfində davam edən zülm və xaosa son verəcəkdir.
Peyğəmbərimiz (s.ə.v.) hədislərində Axırzamanda baş verəcək bu hakimiyyətin Hz. Süleyman və Hz. Zülqərneynin dövrlərindəki hakimiyyətə çox bənzəyəcəyinə diqqət çəkmişdir. Məhz bu səbəbdən, əlinizdəki bu kitabda Hz. Süleyman və Hz. Zülqərneyn dövrlərini izah edən ayələr bu cəhətdən araşdırılır. Bu ayələrdəki işarələr möminlərin dünyada baş verən hadisələri daha geniş və dərin formada qiymətləndirmələrinə kömək edəcək və onların dünyagörüşlərini genişləndirəcək hikmətli açıqlamalardır. Bu kitabın əsas məqsədlərindən biri də bütün müsəlmanları Axırzamanla bağlı bu müjdələr üzərində düşünməyə və bu xəbərin həyəcan və ruh yüksəkliyini yaşamalarına təşviq etməkdir.