İnkar edənlərin mal-mülkü və gücü onların daha da azmasına səbəb olmuşdur. Bu, Allah`ın Quranda açıqladığı sirdir. Allah onların əlindəki mülkün ancaq dünyaya aid olduğunu, möminlərin əsla bunlara həsəd aparmamasını əmr etmiş, bu mülklə onların küfrünü artıracağını, sonda hamısını cəhənnəmə atacağını vəd etmişdir.
Bu mühüm sirr ayələrin birində belə açıqlanır:
Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir. (Tövbə surəsi. 55)
Bu dünya imtahan mühiti olduğu üçün Allah hamıya öyüd alıb davranışlarını düzəltmək üçün möhlət verir. İnkar edənlərin axirətdəki cəzası da onlara təyin edilmiş bu vaxt bitənə qədər təxirə salınır. Belə ki, cəhənnəmə girdikdə heç bir bəhanələri qalmasın. İsrarla inkar edənlərə əllərindən gəldiyi qədər pislik etmək üçün fürsət verilir. Beləliklə, əməlləri ilə cəhənnəmdəki cəzalarına tam layiq olurlar.
Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər! (Ali-İmran surəsi, 178)

Allah inkarçılar üçün axirətdə əbədi əzab hazırlamışdır. Ancaq inkarçılar üçün dünyada da müxtəlif əzablar var. Bunlar cəhənnəmdəki əzab kimi olmasa da, əbədi əzablarının bir növ başlanğıcıdır. Eyni zamanda, peşman olub ibrət almaları və doğru yola dönmələri üçün Allah`dan xəbərdarlıq xüsusiyyəti daşıyırlar. Allah dünyada verəcəyi əzabı və səbəbini ayədə belə bildirir:
Biz ən böyük əzabdan əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar! (Səcdə surəsi, 21)
İnkarçıların inkar etməsinin ən mühüm səbəbi dünya həyatına hərisliklə bağlanmaları və anladıqları halda, dünyəvi istəklərinə görə, həqiqəti qəbul etməmələridir. Allah inkarçılar üçün dünyada hazırladığı əzabla onların dünya həyatındakı bütün nemətlərini əllərindən alır. Quranda bəhs edilən dünyəvi əzablardan bəzisi belədir:
İnkar edən qövmün üstünə çəyirtkə, həşərat, qurbağa kimi heyvanların göndərilməsi. (Əraf surəsi, 133)
Quraqlıq və məhsul qıtlığı, iqtisadi böhranların baş verməsi. (Əraf surəsi,130, Nəhl surəsi, 112)
Qarun və ya varlı bağ sahibi kimi var-dövləti ilə öyünüb azğınlaşan insanlara verilən əzablar nəticəsində onların bütün var-dövlətlərini itirməsi. (Qəsəs surəsi,76-82, Kəhf surəsi, 32-43)
İnkar edənlərin bədbəxt olması. (Əla surəsi, 11-12)
Xülyalarla yaşamaları. (Nisa surəsi, 120)
Qəlblərinin dar və sıxıntılı olması, rəzil olmaları. (Ənam surəsi, 125)
Quranda bir çox ayədə cəhənnəmə girəcək insanların xüsusiyyətlərindən bəhs edilir. Bu xüsusiyyətlərdən bir qismini belə sadalamaq olar: Allah`ı inkar edən, Allah`dan başqasını ilahlaşdıran, Allah`a şərik qoşan, özünü ilahlaşdıran, Ondan başqa saxta ilahlar, xilaskarlar, yol göstərənlər qəbul edən, Allah`ın yolundan çəkindirən, Onun yolunda ziddiyyət axtaran, Allah`ın nazil etdiyi kitabdan bəzi şeyləri görməməzliyə vurub gizlədən, Allah`ın adının zikr olunmasına mane olan, yetimin malını zülm edib yeyən, insanların haqqına təcavüz edən, ayələri təkzib edən, faiz yeyən, peyğəmbərləri haqsız yerə öldürən, insanlardan ədaləti əmr edənləri öldürən, Allah`ın elçilərinə müxalif çıxan, qəsdən adam öldürən, insanların mallarını haqsız yerə yeyən, dinini oyun-əyləncəyə çevirən, Allah`ın ayələri və elçilərinə istehza edən, yenidən dirildilməyəcəyini düşünüb axirətə inanmayan, Allah`ın hüzuruna çıxacağına inanmayan, dünya həyatına qane olan, heç bir ciddi səbəbi olmadığı halda, Allah`ın fərz qıldığı ibadətləri yerinə yetirməyən, Allah`dan qorxub-çəkinməyən, namaz qılmayan, pis işləri təşkil edən, fitnə-fəsad törədən, Allah`ın ayələrini təkzib edən, təkəbbürlə Allah`a ibadətdən boyun qaçıran, möminlərə böhtan atan, əxlaqsızlığı yayan, həqiqəti gizlədən, Allah`ın hədlərini aşan, haramları yeyən, ölçüdə-tərəzidə ədalətsizlik edən, təkəbbürlü, xəsis, hörmətsiz, eqoist, nankor, xain, qudurğan, zalım, inadkar…
Allah bu xüsusiyyətlərə malik olub ölənə qədər bu əxlaqsız hərəkətlərdən əl çəkməyən hər kafirin mütləq cəhənnəmə girəcəyini və etdiklərinin əvəzində böyük əzab çəkəcəyini bildirmişdir. “Qaf” surəsində belə deyilir:
Atın cəhənnəmə hər bir inadcıl kafiri; xeyrə mane olanı, həddi aşanı, (Allah`ın birliyinə) şəkk edəni! O kimsəni ki, Allah`la yanaşı, özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə! (Qaf surəsi, 24-26)
Allah bütün insanlara elçiləri və kitabları vasitəsilə hər şeyi bildirmişdir. Heç bir qövmü xəbərdar edib qorxutmadan əzab göndərmir (Şüəra surəsi, 24). Hər insan kifayət qədər öyüd alacaq və etməli olduğu hər şeyi öyrənəcək qədər yaşayır. Etməli olduqları hər şeyi bildikləri və düşünüb öyüd almaq üçün vaxtları olduğu halda, inkarlarına israrla davam edən insanlar cəhənnəmdə əbədiyyən yaşamağa layiqdirlər. Amma bu insanlar oraya girdikləri anda dünyada etdiklərinə görə çox peşman olarlar. Lakin bu peşmançılığın faydası yoxdur. Etdiklərini düzəltmək üçün dünyaya qayıtmaq istəyən kafirlərin yalvarışları faydasızdır. Çünki onlar verilən fürsəti dəyərləndirməmişlər və əbədiyyət haqlarını itirmişlər. Allah ayədə bu kafirlərin çarəsiz vəziyyətini belə bildirmişdir:
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Fatir surəsi, 37)
Allah Quranda inkar edənlərin cəhənnəmdə ikən oda atılacaqlarını, oddan və qatrandan paltarlar geyinəcəklərini bildirmişdir (Həcc surəsi, 19). Ancaq insanın cəhənnəmdə çəkəcəyi əzab oddan ibarət deyil.
Cəhənnəmdə:
• Dəmir toppuzlar var. (Həcc surəsi, 21)
• İnsanlar qandallanacaqlar. (İbrahim surəsi, 49)
• Boyunlarında dəmir halqalar və zəncirlərlə sürünəcəklər. (Ğafir surəsi, 71)
• Başlarına qaynar su töküləcək. (Duxan surəsi, 48)
• Qatrandan köynəklər geyinəcəklər. (İbrahim surəsi, 50)
• Əlləri boyunlarına bağlı halda, cəhənnəmin dar yerinə atılacaqlar. (Furqan surəsi, 13)
• Cəhənnəm üçün odun olacaqlar. (Cinn surəsi 15, Ali-İmran surəsi 10)
Burada sadalananlar cəhənnəmdəki əzabın çox az hissəsidir. Orada insanın təsəvvür etmədiyi ağır əzablar var. Peşmançılıqla birlikdə Allah`ın insanın qəlbinə verdiyi mənəvi əzab isə əbədiyyən oradakı insanların ürəklərini yandıracaq. Bu mənəvi əzaba Quranda belə diqqət çəkilir:
Sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allah`ın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb yaxar. (Huməzə surəsi, 5-7)
Dünyada ikən həddi aşdıqlarına görə, Allah`ın rəhmətindən uzaqlaşdırılan bu insanlara axirətdə heç bir nemət verilməyəcək. Cəhənnəmdə ancaq əzab çəkəcək inkarçılar cənnətdə möminlərə əbədiyyən bəxş edilən nemətlərdən onlara bir az da olsa vermələri üçün yalvaracaqlar (Əraf surəsi, 50). Lakin inkarçılara haram edilmiş bu nemətlərin əvəzində onlara doyumsuz, boğazlarını tıxayan, əzab verən, hətta dözülməz aclıqlarını təmin etməyən qidalarla susuzluqlarını daima artıran içkilər veriləcək. Onlara heç bir fayda verməməsinə, hətta əzab verməsinə baxmayaraq, əbədi olaraq bu yemək və içkilərə möhtac qalacaqlar.
Cəhənnəmdə kafirlər üçün hazırlanmış, onlara əzab və iyrənclik hissi verən yemək və içkilər Quranda belə təsvir edilmişdir:
Zəqqum ağacı (Duxan surəsi, 43-46), darı tikanı (Ğaşiyə surəsi, 6-7) cəhənnəmdəki yeməklərdəndir. Qaynar su (Vaqiə surəsi, 54-55), irinli su (İbrahim surəsi, 16-17) və qan (Haqqə surəsi, 36) cəhənnəmdəki içkilərdəndir.
Cəhənnəmdə hər kəs etdiklərinin qarşılığını tamamilə alacaqdır. Əlbəttə, inkar dərəcəsinə, Allah`ın dininə və möminlərə qarşı apardıqları mübarizəyə, dünyada etdikləri zülmün şiddətinə əsasən, insanlar arasında dərəcə fərqləri olacaq. Məsələn, möminlərin ən böyük düşmənlərindən olan və əleyhlərində gizli fəaliyyət göstərən münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağı (Nisa surəsi, 145) Quranda bildirilmişdir. Bunun kimi hər inkar edənin mütləq cəhənnəmə girəcəyi və Allah`ın ədaləti ilə əməllərinin tam qarşılığını alacağı Quranda bu ayələrdə xəbər verilir:
Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla haqsızlıq edilməz. (Əhqaf surəsi, 18-19)
Bununla yanaşı, bəzi insanların düşündüyünün əksinə, insanlar günahlarının cəzasını bir müddət çəkdikdən sonra bağışlanaraq cəhənnəmdən çıxa bilməyəcəklər. Cəhənnəmə girən hər inkarçı əbədi olaraq orada qalacaq. (Bəqərə surəsi, 80-81)
Allah ayələrdə cənnət əhli ilə cəhənnəm əhlinin bir-birlərini gördüyündən və onlar arasındakı dialoqlardan bəhs edir. Cənnət və cəhənnəm xalqının bir-birlərini görməsi cənnətdəkilər üçün şükür vəsiləsi olacaq, cəhənnəmdəkilərin isə həsrət və peşmanlıqlarını artıracaq. Cənnətdəki insanların cəhənnəmdəkiləri görməsi və aralarındakı söhbətlərdən bəzisi Quranda belə xəbər verilir:
Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım var idi. O deyirdi: “Sən, doğrudan da, inanmırsan ki, Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq?” (Sonra həmin şəxs cənnətdəki yoldaşlarına) deyəcək: “Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?” O, özü baxıb onu cəhənnəmin ortasında görəcək və deyəcəkdir: “Allah`a and olsun ki, sən az qala məni məhv edəcəkdin! Əgər Rəbbimin lütfü olmasaydı, mən də (cəhənnəmə) gətirilənlərdən olardım! ” (Saffat surəsi, 51-57)
Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün və ya Allah`ın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər. (Əraf surəsi, 50)
Quranda təsvir olunanlara əsasən, cənnətdə də dünyadakına bənzər həyat olduğunu anlayırıq. Ayələrdə cənnətdəki məkanlar təsvir olunur, bu məkanlardakı ehtişamlı mebellərdən, gözəl əşyalardan bəhs edilir. Bunlardan başqa, bəzək-düzək əşyalarına, cənnətdəki geyimə, yemək və içkiyə dair nümunələr verilir. Dünyadakılara bənzər şəkildə tərif edilən bu gözəlliklərin hər birində cənnətdəki ehtişam və dəbdəbə vurğulanır. Bununla bərabər, insanın ağlına gələn və gəlməyən hər şeyin nemət olaraq veriləcəyindən bəhs edilir. Dünyadakı həyat və cənnətdəki həyat arasındakı ən böyük fərq, şübhəsiz ki, dünyadakı çatışmazlıqların heç birinin cənnətdə olmamasıdır. Ayələrdə xəbər verilən cənnətdəki nemətlərdən və gözəlliklərdən bəziləri belədir:
• Böyük mülk və ehtişam
• Hündür qəsrlər və evlər
• Hündür taxtlar
• Atlasdan və ipəkdən gözəl paltarlar
• Qızıl və gümüş bilərziklər, incilər
• Altından çaylar axan məkanlar
• Nə isti, nə soyuq olan kölgəlik
• Qızıl məcməyilər, qədəhlər
• Ağır işlənmiş atlasdan yataqlar
• Yaşıl yastıqlar və gözəl döşəklər
• Dadı dəyişməyən süddən, süzmə baldan çaylar
• Gümüşdən büllur qablar və hələ bir çox nemət...
Göründüyü kimi, cənnət insanın ən çox zövq alacağı, qeyri-adi dərəcədə qüsursuz məkandır. Allah cənnətdəki ehtişamı bir ayəsində belə bildirir:
(Orada) hara baxsan, nemət və böyük bir mülk görərsən. (İnsan surəsi, 20)

Cənnət möminlərə dünyada etdikləri saleh əməllərin, göstərdikləri gözəl əxlaqın əvəzində Allah`ın verdiyi nemətdir. Ayələrdə maddi cəhətdən hər cür gözəlliyin təqdim edildiyi cənnətdə insanlara sıxıntı verən heç nəyin olmadığından bəhs edilir. Cənnətdə
• Əmin-amanlıq var,
• Kin və nifrət yoxdur,
• Boş söz-söhbət və yalan yoxdur,
• Yorğunluq və bezikmə yoxdur,
• Qorxu və kədər yoxdur,
• Gözəl, xoşxasiyyət insanlar var,
• Cənnətdə heç kəs qocalmayacaq, hamı həmyaşıd olacaq,
• Cənnət insanın hər cəhətdən rahat olacağı yerdir.
Əlbəttə, burada sadalananlar cənnətdəki rahat və təhlükəsiz mühiti tərif edən bir neçə nümunədir. Allah bir ayədə inanmayanların cəhənnəmdə ağlasığmaz əzab çəkərkən və möminlərin cənnətdə böyük maddi-mənəvi rahatlıq içində olacaqlarını belə bildirir:
(Qiyamət günü) zalımları qazandıqları günahların qorxusundan tir-tir əsən görəcəksən. O, mütləq onların başına gələcəkdir. İman gətirib yaxşı işlər görənlər isə cənnət bağçalarında olacaqlar. Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük nemət! (Şura surəsi, 22)
Nəfsini tanrı edən insan öz mənfəətini və rahatlığını dinin mənfəətindən üstün tutan insandır. Halbuki, əsl səmimi dindar sadəcə Allah`ı tanrı edər və ancaq Allah`ın razılığına uyğun davranar. Bu, bütün şərtlər daxilində əsaslıdır. Belə bir insan xəstələndikdə, çətinlik anlarında, mənfəətinə tamamilə zidd olsa da, öz mənfəətini əsla dinin mənfəətindən üstün tutmaz, Allah`ın qoyduğu hədləri aşmaz.
Ancaq bir insan kiçik gördüyü bir məsələdə belə Quran əxlaqına uyğun davranmırsa, çətin gələn hər şeydə din əxlaqını tərk edərək nəfsinə xoş gələni seçirsə, bu insan nəfsini razı salmağa çalışır və ona görə də nəfsini tanrı etmişdir. Allah Quranda nəfslərini tanrı edənlər haqqında belə deyir:
Nəfsini özünə tanrı edən və Allah`ın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allah`dan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Casiyə surəsi, 23)
Şeytan insanı Allah`ın yolundan azdırmaq üçün dayanmadan fəaliyyət göstərir. Bir an belə bundan əl çəkmir, hər yolu sınayır. İnsanın zəif cəhətlərindən yanaşaraq ona öz istəklərini etdirməyə çalışır. Bir ayədə şeytanın insanları azdırmaq üçün fəaliyyət göstərəcəyinə belə diqqət çəkilmişdir:
… Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər. (Nisa surəsi, 60)
(İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uyarsa, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam! ” (Əraf surəsi, 16-18)
Şeytan insanın ən böyük düşmənidir və insanlara vəsvəsə verərək, doğrunu yanlış, yanlışı doğru göstərərək onları dindən uzaqlaşdırmağa çalışır. Ayədə bildirildiyi kimi, insanların Allah`a şükür etməsinin qarşısını almaq istəyir. Ancaq Quranda şeytana tabe olan insanların mütləq ziyan tapacağı bildirilmişdir. Ona görə, insanlar şeytanın hiyləgər tələsinə qarşı ayıq-sayıq olmalı və ona tabe olmaqdan hər vəchlə çəkinməlidirlər.
Bunu da unutmaq olmaz ki, şeytan ancaq səmimi iman gətirməyən insanlara təsir edə bilir. Allah`a şəksiz iman gətirmiş, məhşər günündən əmin olan insanlar şeytanın fəaliyyətindən təsirlənməzlər. Əgər şeytandan vəsvəsə gələrsə, dərhal Allah`a sığınarlar. Allah şeytanın inananlara qarşı olduqca gücsüz olduğunu belə xəbər vermişdir:
Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 201)
Şeytan özü də Allah`a könüldən bağlanmış səmimi ixlaslı möminlərə qarşı azdırıcı gücü olmadığını etiraf edir. Bu, Quranda belə bildirilir:
(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (pis əməllərini) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Hicr surəsi, 39-40)
Allah insanın ürəyindən keçən, heç kimin bilmədiyi bütün düşüncələri də daxil olmaqla, hər şeyi bilir. Çünki Allah`ın sifətlərindən biri Xabirdir. Yəni Allah hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olandır. İnsan qarşısındakı insanlardan fikrindən keçən düşüncələri gizlədə bilər, ancaq Allah`dan gizlədə bilməz. Ayədə bildirildiyi kimi: “Yerdə və göylərdə heç bir şey Allah`dan gizli qalmaz.” (Ali-İmran surəsi, 5). Başqa bir ayədə isə belə deyilir:
Göylərdə də, yerdə də yalnız O Allah`dır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir! (Ənam surəsi, 3)
İnsan zaman və məkandan asılıdır. Halbuki, Allah bütün nöqsanlardan uzaqdır. Zamanı, məkanı, bütün insanları, o insanların başına gələn hadisələri yaradan və hər şeyin qədərini təyin edən Allah`dır. Ona görə, Allah insanın daxilini, zahirini, bütün düşüncələrini bilir. Quranda bildirildiyi kimi: “… (Allah) ürəklərdə olanları biləndir!” (Mulk surəsi, 13)

Hər insanın və ya hər cəmiyyətin özünə görə yaxşılıq və xeyirxahlıq anlayışı var. Bəziləri üçün yaxşı təhsilli uşaqlar böyütmək, bəziləri üçün yardım fonduna üzv olmaq, bəziləri üçün də heyvan sevərlər dərnəyində işləmək yaxşılıqdır.
İnsanlar bu şəkildə özlərini aldadaraq məsuliyyətdən qaçmaq istəyirlər. Çünki hər insan, əslində, qiyamət günü Qurana tabe olub-olmadığına görə sorğu-sual ediləcəyini çox yaxşı bilir. Ancaq Allah`ın əmrlərini yerinə yetirmədiyi üçün bunu görməməzliyə vurur. Bu məsuliyyətdən qaçmayan və Quranda məsul olduğunu bilən insan isə həqiqi yaxşılığın Quranda tərif edildiyini bilir. Çünki Quran onu yaradanın hökmlərini ehtiva edir.
Bir insanın cənnəti qazanması üçün qəlbinin təmiz olması deyil, Allah`ın hökmlərini bəyan etdiyi Kitaba tabe olması gərəkir. Yəni insanın özü üçün yaşaması, heç kimin pisliyini istəməməsi, heç kimin malında, mülkündə, namusunda gözü olmaması onun cənnətə layiq insan olduğunu göstərmir. Çünki bütün bunlarla birlikdə Allah`ın Quranda bildirdiyi digər əxlaqi xüsusiyyətləri də daşımalıdır.
Allah həqiqi yaxşılığın nə olduğunu, kimlərin əsl müsəlman olduğunu bir ayədə belə bildirir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah`a, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Başqa bir ayədə Allah dərgahındakı yaxşılıq ölçüsü belə bir nümunə ilə açıqlanır:
Məgər siz hacılara su verməyi və Məscidül-həramı təmir etməyi Allah`a və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə surəsi, 19)
İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. (Tövbə surəsi, 20)
Hicrət etmək insanın bir yerdən başqa yerə getməsi, daha doğrusu, köç etməsidir. Allah`a hicrət etmək isə insanın Allah`ı tanıdıqdan, Quranı oxuyub anladıqdan sonra keçmişdəki hər cür yanlış davranışını, düşüncəsini, vərdişlərini, qısaca desək, hər şeyini tərk edib sadəcə Allah`a üz tutması və ancaq Onun istədiyi kimi yaşamasıdır.
Hz. İbrahim doğrunu gördüyü anda ətrafındakı insanların həyat tərzindən tamamilə uzaqlaşaraq dərhal Allah`a hicrət etmiş müsəlmandır. Hz. Lut da hz. İbrahim kimi üstün əxlaq göstərərək Rəbbimizə üz tutan peyğəmbərdir. Quranda hz. Lutun bu davranışı belə xəbər verilir:
Lut ona iman gətirdi. Dedi: “Mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, müdrikdir”. (Ənkəbut surəsi, 26)
Quranda İslam dininin hökmləri və möminin həyat tərzi hərtərəfli tərif edilmişdir. “Ataların dini” ifadəsi Qurandakı hökmlərdən kənar bəzi qaydalara görə hərəkət edib keçmişdən qalan vərdişlərə, adət-ənənələrə və ya qeyri-dəqiq biliklərə əsaslanan uydurma din nəzərdə tutulur. İslam adından irəli sürülən, lakin Quranda yeri olmayan batil inanc və adətlərin qaynağı elə bu “ataların dini”dir.
Cahil cəmiyyətdə “ataların batil dini”nə uyğun yaşayan insanlara tez-tez rast gəlinir. Bu insanlar müxtəlif ibadətləri və hərəkətləri nə üçün etdiklərini düşünmədən, atalarından, babalarından öyrəndikləri kimi tətbiq edir və dinə uyğun şeylər etdiklərini düşünürlər. Allah`ın razılığını qazanmağı deyil, keçmişdən onlara miras qalmış batil sistemi tətbiq etməyə çalışırlar. Bu barədə Quranda hz. İbrahimin qövmündən nümunə verilmişdir:
Onlara İbrahimin hekayətini söylə! O zaman ki, o öz atasına və tayfasına demişdi: “Nəyə ibadət edirsiniz?” Onlar: “Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!” – deyə cavab vermişdilər. Demişdi: “Onları çağırdığınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?” Onlar: “Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!” – deyə cavab vermişdilər. Demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?- Sizin və ulu babalarınızın? Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (Şüəra surəsi, 69-82)
Ayələrdən göründüyü kimi, hz. İbrahim qövmünün batil dinindən uzaqlaşmış, ancaq Allah`a üz tutmuş və qövmünə də Allah`ın tək İlah olduğunu, yeganə dinin Allah`ın dini olduğunu təbliğ etmişdir.
Elçilərin əksəriyyəti göndərildikləri qövmlər tərəfindən atalarının dininə qarşı çıxmaqla, bu dini aradan qaldırmaqla ittiham edilmiş və yaşadıqları dövrdə hakim olan batil dinin mənsublarının hədə-qorxusuna və təzyiqinə məruz qalmışlar. Bununla əlaqədar, ayələrdən bəziləri belədir:
Onlar: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. (Yunis surəsi, 78)
Onlara: “Allah`ın nazil etdiyinə tabe olun!” - deyildikdə, onlar: “Xeyr, biz atalarımızın getdiyi yola tabe olacağıq!” – deyə cavab verərlər. Bəs Şeytan onları cəhənnəm odunun əzabına çağırırsa necə? (Loğman surəsi, 21)
Xeyr. Onlar: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getdik!” – deyirlər. (Zuxruf surəsi, 22)
Allah Quranda iman gətirən və saleh əməllər işləyən möminlərdən bəhs edir. Allah dərgahında dəyər və üstünlük ölçüsü insanın qadın və ya kişi olması deyil, iman gətirməsi və saleh əməllər işləməsidir. İslamın hökmlərinin və Allah`ın əmrlərinin yerinə yetirilməsinə görə hər kəs məsuldur. Quranda həm qadınların, həm də kişilərin etdiyi yaxşılıqların əvəzini bərabər şəkildə alacağı xəbər verilir:
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)
Bundan əlavə, Allah başqa ayələrdə də insanın cinsiyyətinin deyil, təqvasının, yəni Allah`dan qorxaraq nəfsini Allah`ın razı olmadığı hər cür günah və üsyandan, əxlaqsızlıq və azğınlıqdan qorumasının, axirətdə onu ziyana uğradacaq hər cür pislikdən çəkinməsinin əhəmiyyətli olduğunu bildirmişdir:
Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allah`dan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)

Allah`ın Quranda əmr etdiyi hökmlər çox açıqdır və bunlardan xəbərdar olan hər kəs bu hökmləri tam yerinə yetirməlidir. Ayələrdən xəbərdar olan, amma Allah`ın əmrlərini yerinə yetirməyən insan vicdanının səsini dinləmədiyi üçün qəlbi qatılaşır, ağlı və şüuru kütləşir, bir müddət sonra həqiqətləri görə bilmir. Ayələrdə tərif edilənləri anlamır, doğruları görmür. Etdiklərinin əvəzində sonunun necə olacağını belə dərk etmir.
Allah ayələrində dünya həyatını axirətdən üstün tutanların, ayələri təkzib etmək üçün mübarizə aparanların, Allah`a qarşı yalan uyduranların, sadəcə nəfsinin əmrlərini yerinə yetirənlərin, iman gətirdikdən sonra inkar edənlərin, mübarizədə geri qalmağı seçənlərin və zəngin olduğu halda Allah yolunda infaq etmək istəməyən insanların qəlblərinin, qulaqlarının və gözlərinin möhürlənəcəyindən və üzərilərinə ağırlıq çökəcəyindən bəhs edir. Bundan əlavə, ayələrdə bu insanların cəhənnəm əhli olduğu xəbər verilir:
Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə surəsi, 7)
Bunlar o kəslərdir ki, Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir. Onlar qafildirlər! Şübhəsiz ki, axirətdə ziyana uğrayanlar da onlardır! (Nəhl surəsi, 108-109)
Quranda fəsad törədənlərə aid bir çox nümunə verilmişdir. Ancaq fəsad törədənlərin əsas xüsusiyyəti Allah`a, Allah`ın elçilərinə və kitablarına qarşı çıxmaları, dinə və müsəlmanlara mane olmaları, Allah`ın hədlərini aşmalarıdır. Onların bu əsas xüsusiyyəti bir ayədə belə bildirilir:
Törətdikləri fitnə-fəsada görə, Allah yolundan döndərən kafirlərin əzablarının üstünə bir əzab da artıracağıq! (Nəhl surəsi, 88)
Ayələrdə insanları Allah`ın yolundan döndərməyə çalışanların yer üzündə əkini, nizam-intizamı pozduğu, qarışıqlıq törətdiyi, Allah`ın əmr və qadağalarını aradan qaldırmağa çalışdığı, çəkini və tərəzini əskildərək saxtakarlıq etdiyindən bəhs olunur. Bunun əvəzində, Allah həm dünyada, həm də axirətdə bu insanların cəzasını verəcək və onları, yuxarıdakı ayədə də bildirildiyi kimi, müxtəlif yollarla əzablandırır, sonsuz ədaləti ilə fitnə-fəsad törətməyə cəhd edən hər kəsə layiq olduğu qarşılığı tamamilə verir.

Quranda münafiqlər iman gətirmədikləri halda, iman gətirmiş kimi görünən, ona görə də aralarında yaşadıqları möminlərdən mənfəət əldə edəcəyini düşünən ikiüzlü insanlar kimi tərif edilirlər. Allah münafiqlərin fitnə-fəsad törədən olduğunu və möminlər arasında fitnə çıxarmağa çalışdığını, yəni möminlər arasındakı birliyi pozmaq üçün gizli fəaliyyət göstərdiyini bildirmişdir. Bu xüsusiyyətlərinə görə də onlar “nifaq (ayrılıq, fitnə-fəsad) salan” mənasını verən “münafiq” adlandırılırlar.
Münafiqlərin digər mühüm xüsusiyyəti möminlərin bəzi çətinliklərlə üzləşdiyi dövrlərdə həqiqi üzlərini göstərmələri, başqa vaxtlarda isə özlərini büruzə verməmələridir. Möminləri aldatdıqlarını düşünən bu insanlar, əslində, özləri yanılırlar. Allah aşağıdakı ayələrdə münafiqlərin yanıldığını belə bildirmişdir:
İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allah`a və qiyamət gününə iman gətirdik”, - deyirlər. Onlar elə güman edirlər ki, Allah`ı və möminləri aldadırlar. Bilmirlər ki, əslində, ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (Bəqərə surəsi, 8-10)
Din və axirət haqqında hər şeyi öyrəndikləri, elçini görüb tanıdıqları və möminlərlə birlikdə yaşadıqları halda, alçaqlıq edərək təkəbbürdən və dünyəvi mənfəət üçün imandan üz çevirmələri, fitnə çıxarmaları, elçiyə və möminlərə düşmənçilik etmələri, inkarçıların yanına gedib onları möminlərə qarşı təşviq etmələrinə görə, Allah onlara ən böyük əzabı vəd etmişdir:
Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan! (Nisa surəsi, 145)
Allah Quranda münafiqlərin bir çox xüsusiyyətini tərif edərək möminləri bu inkarçı qrupa qarşı xəbərdar etmişdir. Ona görə, gizli fəaliyyət göstərən bu azğın qrupun bütün əlamətləri Quranı yaxşı bilən üçün aydındır. Qəlbində xəstəlik olan münafiqlər Allah`ın ayələrindən xəbərdar olan diqqətli möminin gözündən qaçmaz. Bu insanların içindəki inkarın əlamətləri nə qədər gizlətməyə çalışsalar da, hərəkət, söhbət və müxtəlif hadisələrə reaksiyalarında üzə çıxır. Möminlər bu əlamətləri olan insanların dəqiq münafiq olduğunu deyə bilməzlər, ancaq bu cür insanlara qarşı çox ehtiyatla davranarlar. Münafiqlərin tanınmasına kömək edən çox aşkar bəzi əlamətlər aşağıdakı ayədə bildirilmişdir:
Münafiqlər Allah`ı aldatmağa çalışırlar. Halbuki, əslində, (Allah) onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allah`ı olduqca az yad edərlər. (Nisa surəsi, 142)
Ayədən göründüyü kimi, münafiqlərin gördüyü işlərdə insanların razılığını güdməsi, göstəriş üçün hərəkət etməsi möminlərin hiss edəcəyi əlamətlərdir. Bu insanların gec-tez iç üzünün ortaya çıxacağı və Allah istəsə, üzlərindən və danışıq tərzlərindən də özlərini bəlli edəcəyi ayədə xəbər verilmişdir:
Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların kin-küdurətlərini zahirə çıxartmayacaqdır?! Əgər Biz istəsəydik, onları mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın. Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir! (Muhəmməd surəsi, 29-30)
Quranda işlədilən “cahil” sözü xalq arasında işlədilən “cahil” sözündən fərqli məna daşıyır. Quranda ifadə edilən cahillik insanın yaradılış məqsədindən, Yaradanımız olan Allah`ın üstün xüsusiyyətlərindən, Allah`ın nazil etdiyi kitabdakı məlumat və hikmətdən, sonsuz həyatı ilə əlaqədar mövzulardan xəbərsiz olması və bu cahillikdən doğan həyat tərzini mənimsəməsidir.
Allah`ı bir İlah kimi tanımayan, Onun elçiləri vasitəsilə göstərdiyi doğru yolla getməyən insanların cahillik etdiyinə Quranda belə diqqət çəkilmişdir:
Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” – deyə cavab vermişdilər. (Hud) demişdi: “Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!” (Əhqaf surəsi, 22-23)
Allah Quranda insanın yaradılış mərhələləri ilə bağlı çox məlumat verir. Bu məlumatların çoxu o dövrdə yaşayan insanların heç bilmədiyi, ancaq dövrümüzdə elm sayəsində kəşf edilmiş faktlardır. Bu da Quranın saysız-hesabsız elmi möcüzələrindən biridir. Quranda insanın yaradılışı ilə bağlı verilən məlumatların xülasəsi belədir:
Nütfə adlandırılan və spermləri daşıyan qidalandırıcı maye təkcə spermlərdən ibarət deyil. Əksinə, nütfə müxtəlif mayelərin qarışığından təşkil olunmuşdur. Quranda da nütfədən bəhs edilərkən qarışıq maye olduğuna diqqət çəkilir. Bu, ancaq dövrümüzdə elmin köməyi ilə kəşf edilmiş həqiqətdir.
Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)
Qarışıq maye olan nütfənin içindəki milyonlarla spermdən ancaq bir dənəsi yumurtanı mayalandırır. Yəni insanın özü nütfənin hamısı deyil, onun kiçik bir hissəsidir. Quranda da insanın nütfənin hamısından deyil, sadəcə bir hissəsindən yaradıldığı bildirilir:
Məgər o tökülən bir qətrə nütfə deyildimi?! (Qiyamət surəsi, 37)
Spermlə yumurtanın birləşməsindən ibarət olan və ziqot adlandırılan tək hüceyrə dayanmadan bölünərək çoxalır və getdikcə ət parçasına çevrilir. Ancaq ziqot bu böyümə əsnasında bir boşluqda dayanmır, torpağa yerləşən köklər kimi ana bətninin divarına çıxıntıları vasitəsilə yapışır. Bu da çox yaxın keçmişdə kəşf edilmiş həqiqət olmasına baxmayaraq, Quranda əsrlər əvvəl bildirilmişdir:
Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ələq surəsi, 1-2)
Ana bətni inkişaf edən ziqotu əhatə edən və amnion adlı maye ilə doludur. Bu maye kənardan gələn zərbələrə qarşı körpəni qoruyur. Quranda körpənin qorunan yerdə inkişaf etdiyi də xəbər verilmişdir:
Məgər Biz sizi dəyərsiz bir sudan xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi?! (Mursəlat surəsi, 20-21)
Allah insanın yaradılış mərhələlərindən bir qismini “Muminun” surəsində bildirmişdir. Uşağın inkişaf mərhələlərinin eynilə ayələrdə tərif edildiyi kimi baş verməsi bu gün bioloji cəhətdən də sübut edilmişdir:
Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur! (Muminun surəsi, 12-14)
İnsanlara dinin və gözəl əxlaqın təbliğ edilməsi Allah`ın əmridir:
İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən, nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi, 104)
Allah bir ayədə “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et...” (Nəhl surəsi, 125) şəklində əmr etmişdir. Allah`ın dininə dəvət edərkən Quranın hökmlərini hikmətlə və öyüd-nəsihətlə izah etmək lazımdır. Təbliğ zamanı Allah`ın varlığı, birliyi və bənzərsiz yaratma sənəti kimi mövzular danışılaraq dinə dəvət edilən insanın Allah`a olan sevgisi, hörməti və qorxusu artırılır. Gözəl əxlaqlı insanın müxtəlif hadisələrdə necə davranacağı hərtərəfli tərif edilir. İnsanın dünyadakı həyatının məqsədi, imtahan olunduğu, ölümün yaxınlığı, ölümdən sonra haqq-hesab çəkiləcəyi, buna əsasən, cənnətə və ya cəhənnəmə gedəcəyi də izah olunur. Allah`ın sonsuz ədaləti ilə cənnəti və cəhənnəmi necə hazırladığı da xatırladılaraq həmin insanı pis sondan qorxudub çəkindirmək lazımdır. Allah`ı, Quranı və axirəti bu təriflərlə tanıyan insanlar bu mərhələdən sonra vicdanlarını dinləyərək hərəkət etdikləri təqdirdə Allah`ın əmrlərini tam yerinə yetirməyə çalışırlar.
İnsan gündəlik həyatda çoxlu şeyləri düşünür. Məsələn, həmin gün görəcəyi işləri, gedəcəyi yerləri, ona deyilən yaxşı və ya pis şeyi, işi və ya məktəbi ilə bağlı etdiklərini, uzunmüddətli planlarını və s. Bunlara bənzər bir çox fikir zehnini məşğul edə bilər. Bunların hamısı vacibdir, lakin bu cür düşüncələr insanın beynində lazımi qədər yer tutmalıdır. Çünki daha təcili və insanın əbədi həyatını maraqlandıran daha mühüm məsələlər var.
İnsan, əvvəla, özünün və ətrafındakı bütün canlıların necə yaradıldıqlarını, onların necə yaşadıqlarını hərtərəfli düşünməlidir. Bununla bağlı bütün varlıqları yoxdan yaradan və yaşadan Allah`ı və Onun sifətlərini dərindən düşünməlidir. Daha sonra bu sonsuz qüdrət və elm sahibi Yaradanın onu yaratma məqsədini və ondan nələr tələb etdiyini düşünməlidir. Allah`ın ayələrini və əmrlərini ən yaxşı şəkildə yerinə yetirmək üçün qətiyyətli olmalıdır. Onu gözləyən labüd sonu, yəni ölümü və axirət həyatını da unutmamalı, daima bunu yadında saxlayaraq davranmalıdır. Onu bu təcili məsələlərdən uzaqlaşdıraraq qəflətə sürükləyən, fani, sonsuz həyatı üçün faydalı olmayan, hətta zərər verən iş, düşüncə, hərəkət və söhbətlərdən çəkinməlidir.
İnsanın zehni qabiliyyəti, əslində, çoxdur. İnsan bundan istifadə etməyi bilməli, zehnini lazımsız fikirlərlə məşğul etməməlidir.
Gündəlik həyatında insan bir tərəfdən də bu mühüm məsələləri düşünə bilər. Hətta bu məsələləri hərtərəfli şəkildə, mövzu-mövzu, ayələrlə şərh edərək düşünə bilər. Məsələn, gününün 9-10 saatını iş yerində və ya məktəbdə keçirən bir şəxs gün ərzində düşünməli çox şeylə qarşılaşır. Bunlar Quranda tərif edilən insan xarakterləri, düşdüyü, yaşadığı mühitlər ola bilər. Vicdanını dinləmə, nəfsinə tabe olma, həsəd, təvazökarlıq, təvəkkül, səbir kimi yüzlərlə mövzunu bir-bir yaşayaraq düşünər, həm də bu mövzular üzərində hərtərəfli şəkildə düşünərək dərinləşə bilər. Əsas odur ki, insan bu fürsətləri görsün və yaxşı dəyərləndirsin.
Ətrafında baş verənlərə: çiçəklərin açmasından səmada quşların uçmasına, nəfəs aldığı oksigenin nisbətindən və canlılara verdiyi faydadan ürəyinin döyünməsinə qədər bir çox mövzunu ətraflı düşünə bilər. Suallar verərək, cavablarını axtararaq, adət halını almış izahlardan kənara çıxaraq düşünən insan dərin düşünməyə başlayar. Allah Quranda möminlərin düşünən insanlar olduğunu belə bildirir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran surəsi, 190-191)

Bir məsələ üzərində düşündükdə insanın diqqəti başqa şeylərə yayına bilər. Mühüm məsələ haqqında düşünərkən insan birdən-birə sabah edəcəyi lazımsız iş və ya əlində tutduğu qələm haqqında fikirləşə bilər. Fikrin dağılması isə dərinləşməyin qarşısını alır.
Həmçinin bir məsələ haqqında kifayət qədər məlumat olmadıqda da insanın düşünmə qabiliyyəti müəyyən həddə qədər irəliləyir. Amma bu da düşünməyə mane olan səbəb deyil. İnsan necə və nə haqda düşünəcəyini bilərsə, o sahədə özünü təkmilləşdirər və lazım gələrsə, biliyini də artıra bilər.
Ancaq düşünməyə mane olan ən mühüm amillərdən biri, şübhəsiz, ülfətdir, yəni hadisələrə alışqanlıq eynəyinin ardından baxmaqdır. İnsan hərtərəfli düşünməsə, dünyaya gəldiyi andan etibarən ətrafında baş verən hadisələri təbii qarşılaya bilər. Məsələn, canlılardakı qeyri-adi dizaynı görməz. Həmişə görməyə adət etdiyi üçün qarışqanın öz çəkisindən 200-300 dəfə ağır cismi asanlıqla metrlərlə uzağa daşıdığını, bunun çox mühüm detal olduğunu, qarışqaya bu cür çətin işi həyata keçirməyə kömək edən mexanizmi kimin verdiyini heç düşünməz. Özünün belə bir şeyi əsla edə bilməyəcəyini isə ağlına belə gətirməz. Bir quşun qanadındakı xüsusiyyətləri, qanad mexanizminin xüsusi dizayn tələb etdiyinin fərqinə varmaz. Halbuki, dərin düşünən insan bircə tükü belə əlinə alıb, onu hərtərəfli tədqiq edərək çox mühüm nəticələrə gələ bilər. Tükdəki nizamdan tükü təşkil edən maddənin möhkəmliyinə qədər bir çox mühüm detalı özü tapa bilər. Bircə tükə baxaraq onun üzərindəki yaradılış dəlillərini müəyyən edə bilər.
Ancaq bunu da bildirmək lazımdır ki, ülfətsiz düşünmək üçün insanın mütləq çox şey bilməsinə ehtiyac yoxdur. Sadəcə ətrafındakı canlılara, səmaya və hətta öz bədəninə diqqətlə baxması kifayət edər. Allah buna “Qaf” surəsində belə bir nümunə ilə diqqət çəkir:
Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! (Bütün bunları Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik). Bəndələrə ruzi olsun deyə! Biz onunla ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! (Qaf surəsi, 6-11)
Allah Quranda insana düşünməyi tövsiyə edir. Bir çox ayədə nümunə verərək: “İbrət almırsınızmı?” - deyə soruşur.
Əslində, insan gün ərzində ibrət alıb düşünəcəyi, Allah`ın sənətini görəcəyi, Onun yaratmasındakı dəlilləri qavrayacağı və Onun ucalığını, böyüklüyünü anlayaraq Allah`ın şanını ucaldacağı çox fürsətlə qarşılaşır. Düşünməyən insan qarşısına çıxan bu fürsətləri gündəlik həyatın axışı içində baş verən hadisələr kimi dəyərləndirir və bunların əhəmiyyətini dərk etmir.
Məsələn, qəza və ya xəstəliklə qarşılaşdıqda bunun ona Allah`a üz tutması üçün yaradılmış xüsusi hadisə olduğunu düşünməz. Halbuki, Allah ayələrində insanlara düşünmələri üçün xüsusi verilən sıxıntılardan bəhs edir:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tevbe Suresi, 126)
Bununla bağlı edilən xəbərdarlıqları qulaqardı etmək isə insanın özünə zərər verir. Habelə bu, insanın düşünmədiyinə görə verdiyi itkilərdən təkcə biridir.
Düşünməyən insan ətrafındakı gözəllikləri də dərk etməz. Allah`ın yaratdığı incəliklərdən zövq almaz. Hər şeyin yaradanı olan Allah`ın varlığının dəlillərini, Onun ucalığını qavramaz. Bu isə insan üçün böyük nemət itkisidir. Çünki dünyadakı bütün gözəllikləri yaradanın Allah olduğunu anlamayan insanın axirətdə heç bir ümidi olmaz. Dünyadakı hər şeyin ölümlə sona çatacağını zənn etdiyi üçün bu müvəqqəti şeylərdən əsl mənada zövq alması mümkün deyil. Əksinə, gördüyü gözəlliklərə gec-tez bir gün itirəcəyi şeylər kimi baxar. Bu da nemətlərdən zövq almaq əvəzinə, onlara baxıb sıxıntı çəkməsinə səbəb olar.
Düşünməkdən qaçan insanın əksinə, hər şeyi Allah`ın yaratdığını düşünən insan baxdığı hər şeydə Allah`ın sənətini görür, hər şeyin insan üçün xüsusi yaradıldığını anlayır.
Məsələn, insan da daxil olmaqla, bütün canlılardakı mükəmməl sistemləri, yaşadığı planetin və kainatın qeyri-adi güclə inşa edildiyini düşünmək insanın əvvəla Allah`ı daha yaxşı tanımasına vəsilə olur. Bu da o insanın qəlbinə mülayimlik verir və Allah`a olan hörmətini, sevgisini və qorxusunu artırır. Bu insan ətrafdakı ağaclardan quşlara, qarışqalardan kəpənəklərə qədər hər cür canlıda, bu canlıların malik olduğu hər mexanizmdə daima Allah`ın sənətini, ucalığını gördüyü üçün imanı güclənir. Allah ancaq düşünən insanların ətraflarındakı iman dəlillərini görüb dəyərləndirəcəklərinə belə diqqət çəkir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allah`ın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır. (Bəqərə surəsi, 164)
Allah`a şəksiz iman gətirən insan dünyanın məqsədsiz yer olmadığını, düşünməli və yerinə yetirilməli çox mühüm şeylərin olduğunu da qavrayar. Ona verilən hər şeyin bir nemət olduğunu bilər və şükür edər. Axirəti daima düşünər və o günün qorxusundan uzaq olmaq üçün bağışlanma diləyər.
Düşünməyin ən mühüm xüsusiyyəti də, şübhəsiz, hər kəsin öz səyi ilə əldə etdiyi qazanc olmasıdır. Kimsə kimsəni bir şey haqqında düşünməyə məcbur edə bilməz. Ona görə, hərtərəfli düşünən insan özünə fayda verər. Allah Quranda ancaq düşünən insanın qarşılaşdığı hadisələrdən ibrət alacağına və ibrət alan insanların əbədi həyatlarında xilas olacağına diqqət çəkir. Digər insanların isə öyüd-nəsihətdən qaçdıqlarını, buna görə böyük peşmançılıq çəkəcəyini xəbər verir:
Əgər nəsihət etmək fayda versə, öyüd-nəsihət ver! (Allah`dan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir! Bədbəxt isə ondan qaçacaqdır. (O bədbəxt ki) ən böyük oda girəcəkdir. Orada nə öləcək, nə də yaşayacaqdır! (Əla surəsi, 9-13)
İnsan hər gün oyandığı andan etibarən Allah`ın ona verdiyi nemətlərlə qarşılaşır. Nəfəs alır, görür, eşidir, düşünür, ürəyi döyünür, hüceyrələri yenilənir. Acır, yemək yeyir və ləzzət alır, güc qazanır. Susayır, susuzluğunu təmin edir. Danışır.
Bunlar Allah`ın insan üçün yaratdığı nemətlərdən sadəcə bir neçəsidir. Nemətlərin fərqinə varan insan Allah`ın qədrini haqqı ilə təqdir edir. Çünki Allah şanı çox uca olandır, hər şeyin sahibidir, yaradanıdır. Allah`ı üstün sifətləri ilə düşünərək tanımaq lazımdır. Allah ayələrdə şanının ucalığını bizə belə bildirir:
Allah`ı lazımınca qiymətləndirmədilər. Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə bükülmüşdür… (Zumər surəsi, 67)
Kainatda insanın öz yaradılışından qiyamətin meydana gəlmə mərhələlərinə, göylərin yaradılmasından dənizlərin və dağların varlığına qədər hər hadisədə ehtişam və hüdudsuz güc var. Bu güc yalnız üstün ağıl sahibi olan Allah`a aiddir.
Allah insanlara kitablar nazil etmişdir və peyğəmbərlər göndərmişdir. Özünü həm yaratdığı canlılardakı bənzərsiz sənəti və elmi ilə, həm də kitabları və peyğəmbərləri vasitəsilə bizə tanıdır. İnsan isə Allah`ın ucalığını, böyüklüyünü haqqı ilə təqdir etmək üçün olduqca dərin düşünməlidir.
İnsan aciz yaradılmışdır, ona görə, bəzi şeyləri unudur və ya hər hansı məsələdə səhv edir. Unutmamaq və səhv etməmək sadəcə Allah`a aid xüsusiyyətlərdir. Əsas odur ki, doğru olanı xatırladıqda insan həmin şeyi dərhal tətbiq etsin. Allah buna dair “Ənam” surəsində belə bildirir:
... Əgər şeytan sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma. (Ənam surəsi, 68)
Ayədən göründüyü kimi, insan unudaraq və ya bilmədən səhv edə bilər. Ona görə, insanın unutduğuna və ya səhv etdiyinə görə kədərlənməsi və ya narahat olması çox yersizdir. Belə hallarda möminlər Allah`ın sonsuz mərhəmətinə sığınmalı və: “…Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma...” (Bəqərə surəsi, 268) - deyərək dua etməlidirlər.
Allah quranda keçmişdə yaşamış bütün xalqlara elçi göndərdiyini bildirmişdir. Allah`ın elçiləri göndərildikləri tayfalara doğru yolu göstərmiş, insanlara Allah`ın qadağalarını xəbər vermiş, ölümün yaxınlığını, cənnətin və cəhənnəmin varlığını, dünyada yaşama məqsədlərini izah etmiş və onları Allah`ın dininə dəvət etmişlər. Allah`ın ədaləti ilə bütün insanlar Onun elçiləri vasitəsilə xəbərdar edilib qorxudulmuş və müjdələnmişlər. Bu, onu göstərir ki, axirətdə insanlar: “Mənim heç nədən xəbərim yox idi”, - deyə bilməyəcəklər, çünki hər insan Allah`ın dəvətini eşitmişdir. Allah bir ayəsində insanlara belə bildirir:
Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən qorxudan bir peyğəmbər gəlib-getməsin! (Fatir surəsi, 24)

Peyğəmbərlərin daima Allah`ın dinini təbliğ etməsi inkar edənləri narahat edir. Çünki izah edilənləri anlayan və tətbiq etməyə başlayan insanlar tamamilə dəyişməyə, inkar edənlərin batil sistemindən uzaqlaşmağa başlayırlar. Məsələn, iman gətirdikdən sonra ancaq Allah`dan qorxmalı olduqlarını bildikləri üçün onları başqa heç nə ilə qorxutmaq olmur. Daima dinin mənfəətini güdərək hərəkət etdikləri üçün inanan insanları heç nə qorxutmur və doğru yoldan ayırmır. Bu insanlar hər cür şəraitdə, əvəzində nə verilsə də, ədalətdən və haqqı söyləməkdən çəkinmir, doğru bildiklərindən dönmürlər.
Bu vəziyyət isə inkarçıları narahat edir, çünki bu, onların dünyəvi mənfəətlərinə ziddir. Məsələn, inkarçılar öz həyat tərzlərinə uyğun yaşamağa və ətrafdakıları da buna uyğun yaşatmağa çalışırlar, lakin peyğəmbərin yetişdirdiyi möminlər ancaq Allah`ın əmrlərinə əməl edirlər. İnkarçıların cahil sisteminin yanlışlığın, dünya və axirətdə insanlara rahatlıq və xoşbəxtlik bəxş edən dinin gözəlliyini insanlara öyrədirlər.
Məhz bu səbəblərə görə, inkar edənlər hər dövrdə müxtəlif yollarla göndərilən elçilərə mane olmağa çalışıblar. Buna dair Quranda müxtəlif nümunələr inananlara xəbər verilir. İnkarçılar əvvəlcə çox əsassız və ağıldan kənar söhbətlərlə Allah`ın elçilərinin izah etdiyi mövzuları təkzib etməyə çalışırlar. Sözlü hədə-qorxu ilə onların qarşısını almağa cəhd göstərirlər. Bu cür nəticə almadıqda isə fiziki metodlara əl ataraq inananları haqq yoldan döndərməyə çalışırlar. Lakin bu metodlardan heç biri fayda vermir, elçilərin və saleh möminlərin izah etdiyi doğruların əksinə dəlil gətirə bilməz, onların fikirlərinə zidd olan fikirlər irəli sürə bilməzlər.
Allah bir çox ayədə inkar edənlərin hədə-qorxularına, peyğəmbərlər haqqındakı əsassız iddialarına aid nümunələr vermişdir:
Qövmünün kafir başçıları dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. Bu adamda, sadəcə olaraq, bir dəlilik var. Hələ bir müddət gözləyin!” (Muminun surəsi, 24-25)
Bu, sadəcə olaraq, Allah`a iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik! (Muminun surəsi, 38)
... Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” – dedilər. (Ğafir surəsi, 24)
Quranda Allah bu cür iftiraların inkarçılar arasında bir növ ənənə halını aldığını bir ayədə belə bildirir:
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. (Zəriyət surəsi, 52-53)
İnkar edənlərin Allah`ın elçilərinə və möminlərə qarşı hədə-qorxuları və fiziki mübarizələri heç vaxt bitmir. Çünki Allah “... Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!” (Ali-İmran surəsi, 139) ayəsi ilə dünyada və axirətdə Öz tərəfdarlarının üstün olduğunu müjdələmişdir.
Göründüyü kimi, tarix boyu inkarçılar möminlərə qarşı daima mübarizə aparıblar. Ancaq bu mübarizələr həmişə möminlərin lehinə nəticələnmişdir. Bu, Allah`ın vədidir. Allah Quranda bu qanununu belə bildirir:
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadilə surəsi, 21)
Allah möminlərin dostudur. Allah Onu özünə dost tutan, ancaq Onun rizasını güdən möminlərin qoruyucusudur. Allah möminlərin dünyadakı hər işinə kömək edir, dəstək olur, möminlərin Allah rizası üçün etdikləri hər iş mütləq xeyirlə nəticələnir. Bir ayədə: “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!” (Nəhl surəsi, 128) - deyə xəbər verilir. Allah başqa bir ayədə iman gətirənlərə dəstək olduğunu belə müjdələmişdir:
Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! (Bəqərə surəsi, 257)
Bundan əlavə, Allah`a könüldən iman gətirən möminlər də bir-birlərinin dostudur. İnanan insanlar daima bir-birini gözəl şeyə dəvət edir, pis şeylərdən çəkindirirlər. Bir-birlərini cənnətə layiq insanlara çevirmək, axirətdəki dərəcələrini artırmaq üçün səy göstərirlər. Allah Quranda inananların kimləri dost tutmalı olduğunu belə bildirmişdir:
Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Hər kəs Allah`ı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allah`ın firqəsidir. (Maidə surəsi, 55-56)
Allah`a könüldən iman gətirməyən, Allah`ın hədlərini tanımayan, Allah`dan qorxub-çəkinməyən insanlardan möminlərə dost olmaz. Hər şeydən əvvəl, bu insanlar Allah`ın sevmədiyi kəslərdir. Allah`ın dostluğunu, sevgisini və rizasını qazanmaq istəyən mömin, əlbəttə, Onun sevmədiyi, hətta Ona düşmən olanları dost tutmaz. Bu hərəkəti ilə Allah`ın dostluğunu və razılığını itirəcəyini bilər. Allah möminləri bu hərəkətdən çəkindirmişdir:
Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allah`a öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz? (Nisa surəsi, 144)
İman gətirməyənlər dostluğa layiq deyillər. Əvvəla, onlara güvənmək olmaz. Şəxsi mənfəətlərinə, nəfslərinə və ya təkəbbürlərinə zidd olduğu üçün Allah`ın ayələrindən üz döndərən, Allah`ın dostluğunu itirməyi qəbul edən bir insanın hər hansı adamla dostluğunda sadiq və vəfalı olması da gözlənilməz. Əlbəttə, öz mənfəətinə zidd olduqda dostunu da tərəddüd etmədən tərk edər. Hətta işinə yaradıqda ona xəyanət etməkdən də çəkinməz.
İnkarçılar əsla həqiqi mənada fədakarlıq etməzlər, çünki bütün həyat və düşüncə tərzləri eqoizm üzərində qurulmuşdur. Dost dedikləri insanın axirətdəki vəziyyətini düşünməz, onu cəhənnəmdən uzaqlaşdırmaq üçün yaxşılığı əmr edib, pislikdən çəkindirməzlər. Qısaca desək, həqiqi dost xüsusiyyətlərinə malik deyillər. Allah bu cür insanların müsəlmanlara düşmən olduğunu bildirmiş və onları dost tutmamağı əmr etmişdir:
Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə dost tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, ayələri artıq sizə izah etdik. (Ali-İmran surəsi, 118)
Şeytanın ən əsas xüsusiyyəti insanları Allah`ın yolundan döndərməkdir. Ona görə də inkar edən, insanları Allah`ın yolundan uzaqlaşdıran, Allah`a və dinə qarşı çıxan, insanlara Allah`ı, axirəti və dini unutduran hər kəs şeytanın köməkçisi və dostudur. Ancaq bu insanlar etdiklərinə görə dünya və axirətdə ziyana uğrayacaqlar. Allah şeytanın insanları azdırmaq cəhdini və onu dost tutanların sonunu belə xəbər vermişdir:
Allah ona lənət etdi. O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən sapdıracaq, xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allah`ın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allah`ı qoyub şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 118-119)
Kimsə dünyada ikən cənnətə gedəcəyinə əmin ola bilməz. Allah “... Allah`a qorxu və ümidlə yalvarın...” (Əraf surəsi, 56) ayəsi ilə insanın həm qorxu, həm də ümid içində olmasını bildirir. Hər insan gücünün çatdığı qədər cəhd edərək, Quranın hökmlərini tam yerinə yetirərək və Allah`ın buyurduğu gözəl əxlaqı həyatının hər anına tətbiq edərək Allah`ın razılığını qazanmağa çalışmalıdır. Bu cəhdinin əvəzində cənnətə girəcəyinə ümid edə bilər, lakin əsla buna əmin olmamalıdır.
Elçilər qövmlərini Allah`ın dininə dəvət etdikdə hər qövmdə onlara qarşı çıxan, fəaliyyətlərinə mane olan, iman gətirənlərə çətinlik törədən təbəqə olmuşdur. Quranda bu insanların, əsasən, o qövmün öndə gələnləri olduğu bildirilir. Çünki bu insanlar zəngin, güclü və məqam sahibi olan şəxslərdir. Bu insanların Allah`ın elçilərinə qarşı çıxmasının və azğınlıq etməsinin səbəbi dünyəvi imkanlarını, nüfuz və etibarlarını itirmə qorxusundan qaynaqlanır. Quranda onların hər dövrdə olduğu belə xəbər verilmişdir:
Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada yaramaz işlər görsünlər. Halbuki, onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər. (Ənam surəsi, 123)
Əslində, bu insanlar da tamamilə Allah`ın yaratdığı qədərə tabe olan və möminlərin üstünlüklərinin üzə çıxması üçün Allah`ın xüsusi yaratdığı şəxslərdir. Quranda bildirildiyi kimi, Allah bu insanların qurduğu tələyə özlərini salmış, sahib olduqlarını da hələ dünyada ikən əllərindən almış və möminləri onların yerlərinə varis etmişdir. Allah Misirdə güc və mövqe sahibi olan firon və əyanları ilə hz. Musa və onunla birlikdə olan möminlərin mübarizəsinin nəticəsini belə xəbər verir:
Zəif görünən o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq tərəflərinə varis etdik. Səbir etdiklərinə görə, Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları və ucaltdıqlarını isə viran qoyduq. (Əraf surəsi, 137)
Nəhayət, Biz onları bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və gözəl yerdən kənar etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Şüəra surəsi, 57-59)
Allah`ın bütün möminlərə aid olan bu qanunu başqa bir ayədə belə açıqlanır:
Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya surəsi, 105)
Qövmlərin inkarçı başçılarının axirətdəki sonu isə labüd əzabdır.
Saleh əməl Allah`ın razılığını qazanmaq üçün edilən saleh əməllərdir. Bir insan ilk baxışda xeyirli və fədakar işlər görə bilər. Məsələn, ehtiyacı olan insanlara çoxlu yardım edə bilər. Ancaq etdiyi yardımın miqdarı o işin saleh əməl olduğunu göstərmir. Çünki insanlar bütün bu yardımları cəmiyyətdə yaxşı tanınmaq, insanlara göstəriş üçün və ya iş həyatında etibar qazanmaq üçün edə bilərlər. Saleh əməl yalnız Allah`ın razılığını qazanmaq məqsədilə edilən əməldir.
İnsan saleh əməl edərkən həmin işi əlindən gəldiyi qədər yaxşı etməyə çalışar. Çünki məqsədi göstəriş deyil, o işdə Allah`ın razılığını qazanmaqdır. Bu səmimi cəhdinə görə saleh əməllər edən möminlər bir çox ayədə cənnətlə və gözəl həyatla müjdələnirlər:
İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar! (Hud surəsi, 23)
Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 97)
Mömin bütün mülkün əsl sahibinin Allah olduğunu və Allah`ın mülkü istədiyinə verdiyi bilir. Ona görə, maddi zənginlik əldə etdikdə, azğınlaşmaz, ona verdiyi nemətlərə görə Allah`a şükür edər və mal-dövlətini Allah`ın rizasına uyğun sərf edər.
Allah Quranda mülk sahibi olan bir adamın misalını çəkir. Bu adamın çox bərəkətli bağları vardı. Ancaq bu nemətləri ona Allah`ın verdiyinə əhəmiyyət vermədən nankor davranır və mal-dövləti ilə öyünür. Mömin olan dostu ona bu davranışına görə xəbərdarlıq edir və belə deyir:
Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: “Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allah`ı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman barı: “MaşaAllah, qüvvət yalnız Allah`a məxsusdur!” – deyəydin... (Kəhf surəsi, 37-39)
Mömin də, ayədə bildirildiyi kimi, nemətlərə görə dərhal Allah`ı zikir etməli və Ona şükür etməlidir.
Hikmət sahibi olmaq hər zaman ağıllı, faydalı, xeyirli danışmaq və davranmaqdır. Hikmət sahibi olan şəxs hadisələrin iç üzünü və həqiqi tərəflərini görür və dərindən qavrayır. Ona görə hər qərarı, hər hərəkəti faydalı olur. Söhbəti təsirlidir. İzah etdiyi hər şey insanların qəlbində səmimi iz qoyur.
Hikmət hər an Allah`a üz tutan, Qurana uyğun yaşayan, daima Qurana əsasən düşünən səmimi və ixlaslı insanlara Allah qatından bəxş edilən xüsusiyyətdir. Allah “Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir...” (Bəqərə surəsi, 269) ayəsi ilə hikmətin böyük nemət olduğunu bildirmişdir.