Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz. (Bəqərə surəsi, 185)
Ey iman edənlər, sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın! Əgər Quran nazil edilərkən onlar haqqında soruşsanız, onlar sizə açıqlanar. Allah onları (indiyə qədər bu cür suallar verənləri) bağışlamışdır. Allah bağışlayandır, həlimdir. (Maidə surəsi, 101)
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı, başqa ilahlar olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”. (Ənam surəsi, 19)
Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə mərhəmət edilsin! (Əraf surəsi, 204)
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”. (Yunis surəsi, 15)
Bu Quran Allahdan başqasına isnad edilə bilməz. O, ancaq özündən əvvəlkiləri təsdiqləyən və Kitabı (hökmləri) bəyan edəndir. Onda heç bir şübhə yoxdur. O, aləmlərin Rəbbi tərəfindəndir. (Yunis surəsi, 37)