İman etməyənlər ilə Allaha həqiqi iman edən, Onun kitabını və Peyğəmbərimizi (s.ə.v) özlərinə rəhbər tutan insanlar arasında böyük fərqlər vardır. Mömin və inkarçı olan bu iki qrup tamamilə fərqli iki dünyanın insanlarıdır. Quranda bildirildiyi kimi, axirətdə bir-birlərindən ayrılacaqlar, bir tərəf cənnət, digər tərəf cəhənnəm əhli olacaq. Ancaq bu iki tərəf arasındakı böyük fərq, aşılması imkansız olan həddi təşkil etmir: Din əxlaqından uzaq bir mühitdə böyüyən bəzi insanlar da zamanla həqiqəti dərk edib, Allahın verdiyi hidayət üzərinə tövbə edib Allah yoluna girə bilərlər.
Quranda bildirildiyi kimi, bu, çox vaxt möminlərin yerinə yetirməklə məsul olduqları “təbliğ” (Quran əxlaqını izah etmək və yaymaq) ibadəti vəsiləsi ilə olur. Möminlər, Allahın varlığını və birliyini, Rəbbimizin haqq yolunu (Quran hökmlərini və Peyğəmbərimizin sünnəsini) bacardıqları qədər, Allahdan və axirətdən xəbəri olmayan, dünya həyatına aldanmış “cahil” cəmiyyətə izah edərlər. Cahil bir cəmiyyətdə böyümüş, lakin iman edəcək ağıla və vicdana sahib olan insanlar bu təbliğ nəticəsində iman edərlər. Ancaq Allahın varlığını və Quranın Rəbbimizin haqq kitabı olduğunu təsdiq edən bir insan, bir anda cahiliyyə dövründə yaşadığı vərdişlərdən, yanlış mühakimələrdən və düşüncələrdən bir anda qurtula bilməz.
Quranı dərindən öyrənənə və onu mənimsəyib hər şeyə Quranın rəhbərliyinə və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə uyğun baxmağa alışana qədər, cahiliyyənin təlqini nəticəsində sahib olduğu bəzi səhv düşüncə tərzini və davranışlarını davam etdirə bilər. Bundan əlavə, üzərindəki cahiliyyənin təsiri ilə yeni tanış olduğu imanlı insanların bəzi xüsusiyyətlərini anlamaqda çətinlik çəkə bilər. Buna görə də, möminlərlə yeni tanış olmuş və din əxlaqını öyrənməyə çalışan bir insanın ağlına bəzi suallar gəlməsi və bəzi məsələlərdə doğru cavabın nə olduğu ilə maraqlanması təbii haldır. Quranda bütün bu sualların cavabı vardır və cahiliyyənin bütün səhv məntiq və davranışlarına qarşı həqiqətlər öyrədilir.
Bu kitabı yazmaqda məqsəd Quran əxlaqı ilə və iman edənlərlə yeni tanış olan insanların ağlına gələcək sual və şübhələrə Quran ayələri və dəyərli Peyğəmbərimizin sünnəsi ilə cavab vermək və bu insanların cahiliyyə əxlaqından qazandıqları səhv davranış və düşüncələrin yerinə Quranda bildirilən həqiqətləri izah etməkdir.