Hz. Mehdi ilə əlaqədar hədislərin sayı o qədər çoxdur ki, həm şiə, həm də əhli-sünnə qaynaqları olmaq üzrə; iki İslami təriqətin nəql etdiyi hədislər içərisində çox az mövzu bu qədər çox saya çatmışdır. Şiələrdə Peyğəmbərimiz (s.ə.v.)-dən və Əhli-beyt imamlarının hamısından hz. Mehdi haqqında hədislər köçürülmüşdür.

Əhli-sünnənin də Rəsulullah (s.ə.v)-dən bu mövzuda köçürdükləri hədislər mütəvatir olub, onların başda olanların böyük bir hissəsi də buna şahidlik etmişlər:
Bunu Suyuti də "əl-Havi lil-Fətava" kitabında eynilə nəql edir.
İbni-Həcəri-Heysəmi, "Əs-Savaik", səh. 165-də (Misir bas.) deyir ki: Əbu Hüseyni-Acuri belə deyir: Hz. Mehdinin zühuru, Əhli-beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı, İsa aləyhissalamla birlikdə zühur edəcəyi və Fələstin torpaqlarındakı "Babı-Led" də dəccalı (fikirlə) öldürmək üçün ona kömək edəcəyi, ümmətə imamət edəcəyi və İsa (ə.s)-ın da onun arxasında namaz qılacağına dair Mustafa səllallahu əleyhi və alihdən nəql olunan hədislər, ravilərinin sayının çoxluğundan mütəvatir və məşhurdur."
Şəblənci "Nur-ul Əbsar", səh. 171-də (Misir Şa'biyye bas.) deyir ki: "Hz. Mehdinin Əhli-beytdən olduğu və yer üzünü ədalətlə dolduracağına dair Peyğəmbər səllallahu əleyhi və alihdən nəql olunan rəvayətlər mütəvatirdir və dəccalı (fikirlə) öldürmək üçün İsaya kömək edəcəyini bildirən hədislər də mütəvatirdir."
Misirli Şeyx Məhəmmədi-Hənəfi "İthafu Əhl-əl-İslam" (əl yazma) adlı kitabında deyir ki: "Hz. Mehdinin zühur edəcəyinə dair Peyğəmbər səllallahu əleyhi və alihdən nəql olunan hədislər mütəvatirdir."
Tədqiqatçı Məhəmməd ibn Rəsul Bərzənci "əl-İşaatu li Əşrat-is Sae" (s. 87, Misir bas.) adlı kitabında deyir ki: "Məhəmməd ibn Həsən Əsfəvi "Mənaqib-Şəfii " adlı kitabında belə deyir: Hz. Mehdi və onun Peyğəmbərin Əhli-beytindən olduğuna dair Rəsulullahdan nəql olunan rəvayətlər mütəvatirdir."
Şeyx Məhəmməd Sabban "İsafur Rağıbin səh.140-da (Misir bas.) deyir ki:"Hz. Mehdinin zühuru, Əhli-beytdən olduğu, yer üzünü ədalətlə dolduracağı və Fələstindəki "Babı-Led" də dəccalı (fikirlə) öldürmək üçün İsaya kömək edəcəyi, ümmətə imam olub İsanın onun arxasında namaz qılacağına dair Peyğəmbər səllallahu əleyhi və alihdən gəlib çatan hədislər mütəvatirdir. "
Süveydi "Səbaikuz-Zəhəb" səh.78-də (Misir bas.) deyir ki: "Alimlərin üzərində ittifaq etdikləri şey budur ki, hz. Mehdi Axırzamanda qiyam edəcək və yer üzünü ədalətlə dolduracaq."


