İslamin Kitab Əhlinə Münasibəti

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.
(Yunus surəsi, 25)

Dövrümüzdəki terror problemi ilə paralel şəkildə əsas mövzuya çevrilən başqa bir əhəmiyyətli məsələ Qərb və İslam dünyası arasındakı münasibətlərdir. Bilindiyi kimi, 90-cı illərdən etibarən bəzi müşahidəçilər yanlış inancla Qərb və İslam dünyası arasında münaqişə olacağını irəli sürmüşdülər. S.Hanqintonun (Samuel Hunginton) məşhur “Mədəniyyətlər qarşıdurması” tezisinin əsas mövzusu da budur. Halbuki E.Seid tərəfindən daha doğru ifadə edilən “Cəhalətlər qarşıdurması” tezisi hər iki mədəniyyətlərin daxilindəki bəzi radikal və bilgisiz ünsürlərin mübaliğəsindən qaynaqlanan xəyali ssenariyə əsaslanır. Hanqintonun “mədəniyyətlər qarşıdurması” fikri elmi və vicdani heç bir dəlili olmayan nəzəriyyədir.

Tarix boyu yer üzünün hər bölgəsində müxtəlif mədəniyyətlər mövcud olmuşdur və bunlar qarşılıqlı sosial-mədəni münasibətlər qurmaqla bir növ mədəniyyət alış-verişi etmişlər. Hər irq və hər millət fərqli mədəniyyətə malikdir və hər birinin ayrı xüsusiyyətləri olur. İnsanlar qarşılıqlı şəkildə həmin mədəniyyətlərdən yeni şeylər öyrənirlər.

Bu qarşıdurma iddiası yaxın keçmişdə kommunizm vasitəsilə sınanmış və ortalığa 20-ci əsrin qanlı nəticəsi çıxmışdır. Halbuki hazırda dünyanın münaqişəyə deyil, ümumbəşəri sülhə ehtiyacı var. Bundan başqa, münaqişə yönlü siyasət heç bir fayda verməz. İslam və Qərb mədəniyyətləri arasında heç bir qarşıdurma ola bilməz. Çünki Qərb mədəniyyətinin əsasını təşkil edən musəvi-xristian inancı İslama qarşı deyil, əksinə, tam ittifaq halındadır.

Quranda musəvi və xristianlar kitab əhli adlandırılır. Bunun səbəbi hər iki din mənsublarının Allahın vəhy etdiyi ilahi kitablara tabe olmasıdır. İslamın kitab əhlinə baxışı çox ədalətli və mərhəmətlidir.

Bu ədalət hələ İslamın zühur etdiyi illərdə Quranın əsaslarına görə formalaşmışdır. Bilindiyi kimi, o dövrdə Məkkədəki bütpərəstlərin təzyiq və işgəncəsi altında inanclarını qorumağa çalışan müsəlmanların sayı az idi. Təzyiqin artması ilə müsəlmanlar Məkkəni tərk edib ədalətli rejimə sığınmağa qərar verdilər. Peyğəmbərimiz hz. Muhəmməd onlara Efiopiyadakı xristian kral Nəcaşiyə sığınmağı nəsihət etdi. Müsəlmanlar orada onları sevgi və hörmətlə qarşılayan çox ədalətli rejimlə qarşılaşdılar. Kral Nəcaşi müsəlmanların geri təslim edilməsini istəyən elçiləri rədd etdi və onların ölkədə azad yaşaya biləcəyini açıqladı. Xristianların şəfqət və mərhəmət anlayışına əsaslanan bu davranışları Quran ayələrində belə açıqlanır:

... “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi, 82)

Dövrümüzdə müsəlmanlarla yanaşı, kitab əhli mənsubları da getdikcə yayılan fahişəlik, narkotik asılılığı və homoseksuallıq kimi qeyri-əxlaqi hərəkətlərə qarşı mübarizə aparırlar. Hər üç dinin mənsubları iffət, dürüstlük, fədakarlıq kimi xüsusiyyətləri ən böyük fəzilət kimi qəbul edir.

Kitab Əhlinin Müsəlmanlarla Ortaq Inanc və Dəyərləri

Xristian və müsəlmanların inancı bir çox yöndən müştərəkdir. Eyni şəkildə, musəvilik də İslamla ortaq inancları paylaşır. Allah Quranda müsəlmanların kitab əhli ilə imanda birləşdiyini “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik” (Ənkəbut surəsi, 46) ayəsi ilə bildirir.

Hər üç dinin mənsubları:

  • Allahın bütün dünyanı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olduğuna inanır.
  • Allahın canlıları və insanı möcüzəvi şəkildə yaratdığına və insanın Allahın verdiyi ruha malik olduğuna inanır.
  • Ölümdən sonra dirilməyə, cənnət və cəhənnəmin, həmçinin mələklərin varlığına iman edir, Allahın həyatımızı qədər (tale) üzrə yaratdığına inanır.
  • Tarix boyu Allahın insanlara hz. Nuh, hz. İbrahim, hz. İshaq, hz. Yusif və hz. Musa kimi bir çox peyğəmbər göndərdiyinə inanır və bütün peyğəmbərləri sevir.

Bir ayədə müsəlmanların peyğəmbərlər arasında heç bir fərq qoymadığı belə deyilir:

Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!” (Bəqərə surəsi, 285)

Yalnız imani mövzularda deyil, əxlaqi dəyərlər mövzusunda da kitab əhlinin inancı müsəlmanlarla uyğunluq təşkil edir. Dövrümüzdə fahişəlik, narkotik asılılığı kimi əxlaqsızlıqların, eqoist və amansız insan modelinin sürətlə yayıldığı bir dünyada kitab əhli və müsəlmanlar eyni dəyərlərə inanırlar: namus, iffət, təvazökarlıq, fədakarlıq, dürüstlük, şəfqət və mərhəmət...

90-cı illərdən bəri əsas mövzuya çevrilən “tarixin sonu” və “mədəniyyətlər qarşıdurması” kimi düşüncələrin ardından hər ölkənin çox çətin günlər yaşadığı son zamanlarda əsl həqiqət odur ki, bu fikirlərin heç bir əsası yoxdur və bunlarla problemi həll etmək mümkün deyil. Təcrübələr digərinin bədbəxtliyi üzərinə xoşbəxtlik qurmağın mümkün olmadığı göstərir. İndi problemi həll etməyin yolunu tapmaq zamanı gəlmişdir. Bunun yollarından biri Quranın kitab əhlinə verdiyi dəyərin doğru anlaşılmasıdır.

Quranda Kitab Əhlinə Verilən Dəyər

Dövrümüzdə müsəlmanlarla yanaşı, kitab əhli mənsubları da getdikcə yayılan fahişəlik, narkotik asılılığı və homoseksuallıq kimi qeyri-əxlaqi hərəkətlərə  qarşı mübarizə aparırlar. Hər üç dinin mənsubları iffət, dürüstlük, fədakarlıq kimi xüsusiyyətləri ən böyük fəzilət kimi qəbul edir.

Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da , namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)

Bu ayə müxtəlif təfərrüatı ilə kitab əhlinin müsəlmanlar üçün dəyərindən bəhs edir. Ayənin hökmünə görə, müsəlman kişi kitab əhlinin qadınları ilə evlənə bilər. Bu, çox önəmli məsələdir. Çünki Quranın “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər” (Nur surəsi, 26) hökmünə əsasən, müsəlmanlar təmiz və yaxşı insanlarla evlənməlidirlər. Bu hökm musəvi və xristianların təmiz və yaxşı insanlar olduğunu göstərir.

Bununla yanaşı, bu ayə əhəmiyyətli ölçünü müəyyənləşdirir. Bir müsəlman musəvi və ya xristian xanımla evlənir, ona: “canım, sevgilim”, -deyə xitab edir, bütün ömrünü və hətta axirət həyatını belə onunla birlikdə keçirməyə niyyət edir. Bu insan dünya həyatı boyu bütün çətinlik və gözəllikləri paylaşdığı yeganə insan olur. Xəstələndikdə qulluğunda durur və bir-birinə güvənirlər. Xurafatçılara görə, bir insan həyatını birgə keçirdiyi, canını əmanət etdiyi və uşaqlarının anası olan sevgilisinə xristian və ya musəvi olduğu üçün anidən düşmən kəsilib ona lənət edərmi? “Bu ağac mənə xəbər verdi ki, zövcəm musəvidir və onun arxasında gizlənib”, -deyərək onu öldürməyə qərar verərmi? Bunu ancaq ruhi xəstə edə bilər. Qurana tabe olan ağlı başında müsəlman üçün musəvi və xristiana sevgi ölçüsü bu ayədədir. Ayədə bundan başqa, kitab əhlinin yeməyinin halal olduğu da bildirilir. Bu, əhəmiyyətli mövzudur, çünki müsəlmanlar yemək zamanı haramlara diqqət etməlidir. Donuz əti, Allah adına kəsilməmiş heyvan əti müsəlmanlara haramdır. Kitab əhlinin yeməklərinin müsəlmanlara halal edilməsi onların etibarlı olduğunun zəmanətidir. Eyni şey kitab əhlinə də aiddir və ayənin hökmünə görə, müsəlmanların da yeməyi onlara halal edilmişdir.

Burda başqa dostluq ifadəsinə də diqqət yetirmək lazımdır. Kitab əhli və müsəlmanlar eyni süfrədə otura bilər və bir-birinə qonaq gedə bilərlər. Burada dostluq əlaqələrindən bəhs edilir. Kin və nifrət mühiti deyil, dostluq və qardaşlıq mühiti təsvir edilir.

Kitab əhlinin mövqeyindən təkcə bu ayə bəhs etmir. Allah Quranda kitab əhlinin bir qismini tərifləyir. Həmin ayələr aşağıdakılardır:

Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. (Əraf surəsi, 159)

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Ayələrdən də anlaşıldığı kimi, Quranda səmimi olan musəvi və xristianlar təriflənir və mükafatla müjdələnirlər. Allah onların cənnətə girəcəyini buyurur. Bu, Allahın sevgi ifadəsidir. Allahın razı olduğu və sevdiyi insana müsəlman düşmən ola bilərmi? Qurana görə, ola bilməz və bu cür düşmənlik günahdır. Dolayısilə, xurafatçılar Quran ayələrinə baxmayaraq, saxta hədisləri əsas alıb kitab əhli düşmənliyini yaymaqla günaha girirlər. Ən doğru olan kitab əhlini gözəl üslubla İslama dəvət etmək, qərarı isə onların öhdəsinə buraxmaqdır.

Müsəlmanlar həm özlərinin, həm də kitab əhlinin sülh şəraitində ibadətlərini yerinə yetirmələrini, daima yardımlaşma içində yaşamalarını istəyirlər.

Müsəlmanlar Kitab Əhlini Allahın Birliyinə Dəvət Edərlər

İçərilərindən zülm edənlər istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)

De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)

Bu ayələrdən göründüyü kimi, müsəlmanların vəzifəsi kitab əhlini öldürmək, pisləmək, onlara kin bəsləmək deyil. Müsəlmanlar kitab əhlini gözəl sözlə Allahın birliyinə çağırmalıdır. Tövhid inancı hər üç dində əsasdır. Müsəlmanlar onlarla görüşüb təbliğ etməli, onları Allahın birliyinə və endirilən haqq kitabların hamısına inanmağa çağırmalıdırlar. Aralarında dostluq münasibətləri olmalıdır.

Qurana Əsasən, Musəvilərin Müqəddəs Torpaqlarda Yaşamaq Hüququ Var

Ümumiyyətlə, bir qisim müsəlmanların Quran ayələri və İslamla bağlı bilgiləri az olduğuna görə musəviləri müqəddəs torpaqlardan uzaqlaşdırıb İsrail dövlətini xəritədən silmək niyyəti ilə ortaya çıxırlar. Halbuki onlar bunu etməklə Qurana müxalif davrandıqlarını dərk etmirlər. Qurana görə, müqəddəs torpaqlarda yaşamaq musəvilərin haqqıdır. Ayələrdə bununla bağlı belə xəbər verilir:

O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”. (Maidə surəsi, 20-21)

Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı (məhşərə) gətirəcəyik”, -dedik. (İsra surəsi, 104)

Ayələrdə açıq şəkildə göründüyü kimi, musəvilər həm Tövrata və həm də Qurana əsasən, müqəddəs torpaqlarda yaşamalıdır. Onların o yerlərdə olması gözəllikdir və gerçək müsəlmanlar üçün xoşdur. Allahın 3000 illik vədinin gerçəkləşdiyini görmək, hz. İbrahim və hz. Musanın dediklərinin baş verdiyinə şahid olmaq böyük müjdədir. Allah bunu minlərlə il öncə bildirmişdir və biz bu möcüzəni hazırda görürük. Bu həyəcan verici gözəllikdir. Burda bunu xüsusilə vurğulamaq lazımdır ki, Allah Tövrat və Quranda gerçək iman sahiblərinə sülhü şərt qoyur.

Müqəddəs torpaqlarda musəvilər də, müsəlman və xristianlar da yaşayacaqlar və o bölgədə sülhü hakim edəcəklər. O yerdəki torpaqlar hər kəsə bəs edir. Oradan heç kim çıxarılmayacaq və ev-eşiyini tərk etməyəcək. Bu, həm müsəlmanlar, həm də kitab əhli üçün ibadətdir. Allah hamımıza sülh diləyir.

Qurana gorə, müqəddəs torpaqlarda müsəlmanlar kimi yəhudi və xristianlar da qiyamətə qədər var olacaqlar və hər üç ilahi dinin mənsubları daim birlikdə sülhü və sevgini hakim edib qardaşlıq içində yaşayacaqlar.

Qurana Əsasən, Monastırlara, Kilsə və Sinaqoqlara Hörmət Göstərilməlidir.

Qurandan öyrəndiyimiz başqa bir önəmli həqiqət odur ki, müsəlmanlar kitab əhlinin ibadət məkanlarına son dərəcə hörmətlə yanaşmalıdırlar. Quranda kitab əhlinin ibadət məkanları olan monastır, kilsə və sinaqoqlardan Allahın qoruduğu yerlər kimi bəhs edilir:

Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir. (Həcc surəsi, 40)

Bu ayə hər müsəlmana kitab əhlinin məbədlərinə hörmət göstərməyin və o yerləri qorumağın əhəmiyyətini göstərir. Həqiqətdə Allah Quranda müsəlmanlara heç bir qövmə qarşı düşmənlik bəsləməməyi əmr edir. Bir çox ayədə hətta müşriklərə qarşı da ədalətli olmağı buyurur. Necə ki, Peyğəmbərimiz (səv) kitab əhli ilə yanaşı, müşriklərlə də sosial sistemi təmin etmək üçün bəzi müqavilələr bağlamışdır. Müşriklərə qarşı hər zaman ədalətli davranılmış, onların qorunub himayə olunması tələbi Peyğəmbərimiz tərəfindən qəbul edilmişdir.

Bu himayə hər hansı bir haqsızlıq və ya hücum ehtimalına qarşı Peyğəmbərin qorumasını tələb etmək, ona sığınmaq anlamını da daşımışdır. Həyatı boyu Peyğəmbərimizdən bir çox qeyri-müsəlman və müşrik himayə istəmiş, beləliklə, onların təhlükəsizliyi Peyğəmbər tərəfindən təmin edilmişdir. Çünki Allah “Tövbə” surəsində müşriklərin sığınacaq tələblərinin qəbul edilməsini əmr etmişdir. Həmin ayə bu şəkildədir:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. (Tövbə surəsi, 6)

Musəvi və xristianlar kitab əhlidir, yəni Allahın endirdiyi kitaba tabe olublar. Doğru-yanlış, halal-haram anlayışlarına sahibdirlər. Hamısı axirətə iman edir, etdiklərinin hesabını verəcəyini bilir, Allahın elçilərini qəbul edirlər. Bunlar müsəlmanların kitab əhli ilə birləşəcəyi ortaq inanc əsasının olduğunu göstərir.

Məscid, kilsə və sinaqoqlar Allahın adının xatırlandığı, Allaha ibadət edilən xüsusi məkanlardır. Allah Quranda bu ibadət yerlərinin hamısına hörmət edilməsinin və bu məkanların qorunmasının zəruriliyinə diqqət çəkir.

Ortaq Kəlmədə Birləşmək

Allah Quranda müsəlmanlara kitab əhli ilə ortaq kəlmədə birləşmək üçün əmr edir:

De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. (Ali-İmran surəsi, 64)

Xristian və musəvilərə səslənirik: gəlin, Allaha inanan və vəhyinə itaət edən insanlar olaraq ortaq iman kəlməsində birləşək. Hamımız yaradıcımız Allahı sevib əmrlərinə tabe olaq. Allahın bizi daha da doğruya çatdırması üçün dua edək. Kitab əhli və müsəlmanlar bu şəkildə ortaq kəlmədə birləşsələr və bir-birinin düşməni deyil, dostu olduqlarını anlasalar, dünya fərqli məkana dönər. Şəfqət və sevgi ilə, elmin nuru ilə xurafat və dinsizliyə səbəb olan düşüncələrə qarşı fikri mübarizə aparılsa, əsrlərlə davam edən ədavət, münaqişə və terror hadisələri sona çatar; ortaq kəlmə üzərində hüzur içində mədəniyyət qurular.

Müsəlmanların diqqət etməli olduğu əhəmiyyətli məsələlər vardır. Unutmaq olmaz ki, Allahın bizə fərqli millət və inanclar haqqında açıqladığı meyarlar açıq şəkildədir: Quran əxlaqı hər cür irqçiliyi ortadan qaldırır.

Müsəlman, xristian və yəhudi olan bütün inanclıların bir olub Allaha qəlbən yönəlməsi ilə dünyadakı bütün pisliklərin sonu gələcəkdir.

Quranda keçmişdə yaşayan bəzi musəvilərin xətalarından dolayı tənqid olunduğu doğrudur. Lakin bunlar müsəlmanların musəvilərə qarşı ədavət aparmasına qətiyyən səbəb olmamalıdır. Bir qisim musəvilərin işlədiyi günahlar əsla musəvi dininə və millətinə aid edilə bilməz. Yenə Quranda bizə insanlar haqqında müəyyən irq, xalq və ya dindən olduqları üçün ümumi hökm verməmək əmr olunur. Fərqli insan cəmiyyətlərində həm yaxşı, həm də pis insanlar mövcuddur. Quranda buna diqqət çəkilir. Məsələn, kitab əhlinin bir qisminin Allaha və dinə qarşı üsyankar davrandığı söyləndikdən sonra bunun istisnası da xəbər verilir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Allah hər elçiyə Allahın tək olduğunu, bütün ibadət və itaətin yalnız Ona yönəlməli olduğunu vəhy etmişdir. Lakin elçilərin təbliğ etdiyi insanların bir qismi doğru yola yönələr, bir qismi isə inkar edər. Bəziləri yaxşıların tərəfində olub, bəziləri də pis yola düşərlər. Bu, Allahın qanunudur. İman edənlər bunu bilməli, hər dindən gözəl əxlaqlı və səmimi dindarların olduğu kimi, əxlaqsız insanların da olacağını unutmamalıdırlar.

Arzumuz budur ki, insanlar irqçi düşüncələrdən uzaqlaşıb millətindən və inancından asılı olmayaraq, bir arada sülh içində yaşasınlar və hər kəsə hörmət göstərilən bir dünya qursunlar. Şübhəsiz ki, iman edənlərin birləşib xurafat və dinsiz ideologiyalara qarşı aparacağı fikri mübarizə sülh və hüzuru təmin edəcək. Allah ayələrdə belə buyurur:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. (Hud surəsi, 116)

Kitab Əhli Və Müsəlmanlar Niyə Birlikdə Hərəkət Etməlidir?

Xristianlıq, musəvilik və İslamı bir-birinə yaxınlaşdıran, birlikdə hərəkət etməli olduğunu göstərən başqa bir önəmli həqiqət dövrümüzdə dünyada təsirli olan dinsiz fəlsəfələr və bunların səbəb olduğu fəlakətlərdir. Bununla yanaşı, hər üç İlahi dinə əlavə edilən radikal düşüncələrin təxribatlarıdır.

Dövrümüzün ən tanınan və insanlara ən çox zərər verən ideologiyaları arasında materializm, kommunizm, faşizm, anarxizm, irqçilik, nihilizm və ekzistensializm kimi cərəyanları göstərmək olar. Bunların kainat, cəmiyyət və insan haqqındakı saxta və aldadıcı düşüncələrinə inanan bir çox insan imanını itirmiş və ya şübhəyə düşmüşdür. Bundan başqa, bu ideologiyalar insanlığı böyük böhranlara, münaqişə və müharibələrə sürükləmiş, dünyaya dəhşətli fəlakətlər gətirmişdir. Bunların səbəb olduğu acılar hələ də davam etməkdədir. Həmin ideologiyalar Allahı və yaradılışı inkar etməklə Darvinin təkamül nəzəriyyəsinə əsaslanırlar. Darvinizm dinə qarşı fəlsəfələrin əsasını təşkil edir. Heç bir elmi əsası olmayan bu nəzəriyyə qısa olaraq canlıların təsadüflər nəticəsində və həyat mübarizəsi sayəsində təkmilləşdiyini iddia edir. Dolayısilə, darvinizmin insana verdiyi aldadıcı mesaj bu şəkildədir: heç kimə qarşı məsuliyyət daşımırsan, həyatını təsadüflərə borclusan, yaşamaq üçün mübarizə aparmalı, lazım gələrsə, digərlərini əzməlisən. Bu dünya münaqişə və mənfəət dünyasıdır...

“Təbii seleksiya”, “həyat mübarizəsi”, “güclülərin həyatda qalması” kimi darvinist anlayışların verdiyi sosial mesaj belə bir təhlükəli şərtləndirmədir. Bu əxlaq anlayışı insanlara eqoist, mənfəətpərəst, amansız və zalım olmağı öyrədir. Şəfqət, mərhəmət və fədakarlıq kimi məziyyətləri isə aradan qaldırır. Bu darvinist təlqin, şübhəsiz, kitab əhlinin inancına və həmçinin Quran əxlaqına tamamilə ziddir. Dolayısilə, darvinist təlqin hər üç dinə müxalif bir dünyanın əsasını təşkil edir.

Bu həqiqətin qarşısında Allaha inanan və gözəl əxlaqı qəbul edən kitab əhli və müsəlmanlar əməkdaşlıq etməlidirlər. Hər üç dinin mənsubları əl-ələ verib onsuz da heç bir elmi əsası olmayan, yalnız materialist fəlsəfə uğrunda canlı tutulmaq istənilən darvinizmin yanlışlığını bütün dünyaya anlatmalıdırlar. İnancsızlıqdan qaynaqlanan bütün zərərli ideologiyalara (kommunizm, faşizm, irqçilik) və əxlaqi degenerasiyalara qarşı birlikdə fikri mübarizə aparmalıdırlar. Bütün dinlərə əlavə edilən xürafələrin ortadan qalxması üçün doğru olanları yaymağa çalışmalıdırlar. Bunlar gerçəkləşdiyi təqdirdə, dünya qısa zamanda hüzur və ədalətə qovuşar.

Antisemitizmə Artıq Son Verilməlidir

Dünya tarix boyu zalımlıqdan öz payını aldı...

Məsələn, Hülaku xan bir həftə davam edən Bağdad hücumu zamanı təxminən 200 000 müsəlmanı qətl etdi və Bağdadda yüz illik tarixi miras tamamilə yox oldu. Vikinqlər isə zalımlıqları ilə tarixə istədiklərini zor və şiddət gücünə alan qövm kimi keçdilər. Dövrümüzdə də oxşar nümunələr davam edir. Məsələn, Suriyada rejim öz xalqını hədəf alıb, Şərqi Türkistanda, Kəşmirdə və İraqda tam mənası ilə qırğın yaşanır. Qısası, dünya sözlə deyilməsi çətin olan şiddət hadisələrinə şahidlik etdi və bu, hələ də davam edir.

Tarix boyu başqalarına görə daha çox hədəf alınan cəmiyyətlər də vardır. Məsələn, musəvilər kimi. Əziyyətləri oğlan uşaqlarını öldürüb qızlarını sağ buraxan Firon dövründə başladı. Musəvilərə qarşı təzyiqlər qədimdə assurilərin və babillilərin zamanında və musəviləri öldürüb məbədlərini, şəhərlərini dağıdan romalılar dövründə də davam etdi. Musəviləri orta əsrlərdə də hədəf aldılar. Onlara qarşı ayrı-seçkilik edildi və getdikləri hər yerdə təqib olundular. Bu zülm altı milyon musəvinin nasistlər tərəfindən qətl edildiyi yaxın dövrlərə kimi davam etdi. Bu işgəncə hələ də davam edir.

Avropada antisemitizm ictimaiyyətdə xoş olmayan ifadələr və daha da pisi qəddar hücumlar şəklində davam edir. İş yerlərinin və avtomobillərinin yandırılması, “yəhudilər qaz otaqlarına”, “yəhudilərə ölüm” kimi şüarlarla yüzlərlə insanın etiraz yürüşləri, sinaqoqlara atəş açılması və molotov kokteyli atılması bunlardan yalnız bir neçəsidir. Yaxın vaxtlarda Fransada bir yəhudi cütlüyün evlərində vəhşi hücuma məruz qaldığı Kretey olayı hələ də yaddaşlardadır. 2006-cı ildə Fransada bir gəncin qaçırılıb həftələrlə işgəncə edildikdən sonra çılpaq halda atıldığı və yaraları səbəbindən öldüyü də hələ unudulmayıb.

Antisemitizmə şahidlik edən tək ölkə Fransa deyil. Argentinadan Tunisə, İrlandiyadan İspaniyaya qədər bir çox ölkə musəvi topluluqlarını hədəf almış durumdadırlar. Musəvilər İsrailə böyük dəstəyi ilə tanınan ABŞ-da belə kimliyini və dini ibadətlərini gizlətmək məcburiyyətindədirlər. Nyu-Yorkda musəvi təkkəsi qoyduğu üçün səbəbsiz yerə dörd nəfərin hücumuna məruz qalan bir gənc, bir neçə qızın şüşə atdığı və pis yəhudi dediyi 12 yaşlı musəvi qız, Kaliforniyada hücumdan qabaq: “Hayl Hitler”, -deyə qışqıran beş nəfərin hücumuna məruz qalan bir musəvi də ABŞ-dakı hadisələrə nümunədir.

Orta Şərq isə antisemitizmin ən pis nümunələrinə başçılıq edir. Xüsusilə Qəzza-İsrail savaşından sonra musəvilərə qarşı nifrət yaş və cinsə baxmadan artmağa davam etdi. Bəs yaxşı, bəzi adamlar yəhudilərə nifrət etməyi niyə haqlı görür?

Keçmişdə bəziləri “Sion müdriklərinin protokolları” (The Protocols of the Elders of Zion) kimi məşhur antisemit təbliğat səbəbindən onları yaşadıqları cəmiyyətdən təcrid etdiyini düşündüyü yəhudilərdən nifrət etdilər. Bu həssaslıq daha sonra qan iftirası və musəvilərin şeytanın vücud halı olduğu qorxunc yalanlarla qızışdı. Bu gün İsrail və Fələstin arasındakı münaqişə gücünü həmin bu musəvi nifrətindən alır və bundan çox vaxt küçələrdəki müsəvilərə qarşı şiddəti məşrulaşdırmaq üçün istifadə olunur. Əlbəttə, cəmiyyətdəki siyasi rəhbərlər və fərdlər xəta edə bilərlər. Lakin bir neçə nəfərin hərəkətinə əsaslanıb bütün topluluğu günahlandırmaq Quran əxlaqına uyğun deyil. Musəvilər sakitliyi və təvazökarlığı ilə tanınırlar. Gündəlik ibadətləri ilə məşğul olan sakit təbiətli insanlardır. Belə sakit və çəkingən insanların tarix boyu əzablara düçar olması çox təəccüblüdür.

Tarix boyu yəhudilərə edilən zülm tamamilə İslama zidd olan irqçi mühakimələrin nəticəsi idi. Qurana görə, yəhudilər kitab əhlidir. Onlar hörmət edilməli, sevgi ilə yanaşılmalıdır.

İsrailin yürütdüyü siyasətə etiraz etdikdə bütün cəmiyyətə qarşı gəlmədən mülki mövqedən çıxış etmək lazımdır. Allah müsəlmanları belə hərəkətlərdən çəkindirir. Quranda belə buyurulur:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 5)

Hər topluluqdan və hər millətdən pis insanların çıxması adi haldır. Müsəlman cəmiyyətlərinin içində saysız qatil, yalançı, günahkar və əxlaqsız insanlar olduğu kimi, musəvilərin də içində uyğunsuz hərəkətlərə yol verənlərin mövcudluğu normal haldır. Bununla yanaşı, bir şəxsin əməllərindən dolayı bütün topluluğa antipatiya bəsləmək çox məntiqsiz və mənasız işdir. Ən əhəmiyyətlisi isə bu, Qurana tamam ziddir.

Qurana əsasən, musəvilər kitab əhlidir. Onlar qorunmalı, hörmət və sevgi ilə qarşılanmalıdır. Allah bir çox ayədə musəviləri sədaqət və dindar olduqlarına görə tərifləyir. Doğrusu, musəvilər Musa peyğəmbərə sədaqətlərindən ötrü müsəlmanlara gözəl örnək təşkil edirlər.

Bu həqiqətlər onu göstərir ki, İslamiyyətdə və musəvilikdə belə bir anlaşılmazlığa səbəb olacaq heç bir əsas yoxdur. Hər kəs Allahın dünyanı sevgi üçün yaratdığını və düşmənlik bəsləməyin Allahın diləyinə zidd olduğunu anlayarsa, dünyaya qardaşlıq və sülh hakim olar.

Peyğəmbərimizin (səv) Kitab Əhli ilə Münasibətləri

◉ Peyğəmbərimizin kitab əhlinin toy süfrələrinə qatılıb xəstələrini ziyarət etdiyinə dair rəvayətlər mövcuddur.

◉ Nəcran xristianları yanına gəldikdə hz. Muhəmməd əbasını onlar üçün çıxarıb yerə sərmişdir.

◉ Peyğəmbərimizin xanımlarından biri Misirdən gəlmiş xristian Mariya binti Şəmun idi.

◉ Peyğəmbərimizin xanımlarından biri hz. Səfiyyə anamız isə Mədinədəki musəvilərdən Madıroğulları qəbiləsinin başçısı Hüyəy bin Əhtabın qızı idi.

◉ Hz. Muhəmməd Əvs və Xəzrəc qəbilələri ilə bağlanan Mədinə müqaviləsinə musəvilərin də qatılmasına izin vermiş və beləliklə, onların müsəlmanların arasında ayrı dini qrup olaraq varlığını davam etdirməsini təmin etmişdir.

◉ Mədinə müqaviləsinin “Bəni-Əvf musəviləri inananlarla birlikdə cəmiyyət qurdular. Musəvilərin dini özlərinə, müsəlmanların da dini özlərinədir” hökmü ilə müsəlmanların musəvilərin ənənə və inanclarına göstərdiyi anlayışın təməli Peyğəmbərimizin dövründə atılmışdır. Yenə eyni mətnin 26-33-cü maddələrində kitab əhlinə mənsub vətəndaşların müsəlmanlarla eyni haqlara sahib olduğu, 16-cı maddədə isə onlara qarşı haqsızlıq edilməyəcəyi göstərilir.

◉ Peyğəmbərimiz 630-cu ildə müsəlman olduqlarını bildirmək üçün Mədinəyə gələn Ximyər hökmdarının elçilərinə bu təlimatı vermişdir: “Bir musəvi və ya xristian müsəlman olduğu təqdirdə möminlərdən olur (onlarla hüquqi baxımdan bərabərdir). Kim musəvi və ya xristianlıqda qalmaq istəyirsə, ona müdaxilə edilməz”. (İbn Hişam, “əs-Sirə” II, 586)

◉ Nəcran xristianları Mədinəyə altmış nəfərlik heyət göndərdilər. Mədinəyə çatan Nəcran heyəti məsciddə Peyğəmbərimizin hüzuruna çıxmış, ibadət vaxtı gəldikdə orda ibadət etmək istəmişdirlər. Səhabələr buna etiraz etsə də, Allah Rəsulu məscidi onlara verdi. Onlar da Şərqə dönüb ibadət etdilər. (İbn Hişam, “əs-Sirə”, 573-574; Həmidullah, “İslam Peyğəmbəri”, I, 619-620)

◉ Peyğəmbərimizin dövründə musəvi və xristianlara verilən amannamələrlə kitab əhlinin hüquqları qorunmuşdur. Sonrakı dövrlərdə hər hansı bir anlaşılmazlıq olanda kitab əhli bu amannamələri göstərmişdir. Məsələn, dəməşqli xristianların onlara verilən amannaməni dövrün xəlifəsi hz. Ömərə göstərib problemlərinin həll edilməsini istədikləri tarix kitablarında mövcuddur.

◉ Peyğəmbərimiz xristian İbn Harris bin Kab və qövmünə yazdırdığı razılaşma mətnində bu maddələri yazdırmışdır: "Şərqdə və qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, can və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Xristianlardan heç kim istəmədən İslamı qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayət və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər".

◉ Peyğəmbərimizin Ədruh, Məkna, Xeybər, Nəcran və Aqabədən olan kitab əhlinə verdiyi sənədlər müsəlmanların kitab əhlinin can və mal güvənliyini zəmanətə aldığını və onlara inanc və ibadət azadlığı verdiyini göstərir.

◉ Peyğəmbərimiz təbliğə başlayanda ilk dəfə Məkkədə bəzi xristianlarla qarşılaşmışdı. Hətta özünə vəhyin gəldiyi ilk günlərdə onunla və hz. Xədicə ilə ilk dəfə danışanlardan biri Varaqa bin Nofəl İncilin ilk əl yazmalarına sahib xristian idi. (Buxari, Bədül-vəhy, 3)

◉ Xəlifələr dövründə dağıdılan kilsələr müsəlmanlar tərəfindən təmir edilir, yeni sinaqoq və monastırların inşa edilməsinə icazə verilirdi. Məsələn, Mədain xaricindəki və patriarx Mar Ammə tərəfindən daha öncə yandırılan Əziz Sergey monastırı hz. Osman dövründə yenidən inşa edilmişdir.

◉ Suriyanın fəthindən sonra müsəlmanlar Şamdakı Əziz Con kilsəsində namaz qılırdı, xristianlar da bazar günləri öz ibadətlərini sərbəst şəkildə yerinə yetirirdilər. İlk dinin mənsubları eyni məsciddə sülh içində "ibadət edirdilər.

Peyğəmbərimizin Tövrat Və İncillə Bağlı Tətbiqatı

Müslim belə nəql edir: “Əbu Hüreyrənin şahidliyi ilə hz. Peyğəmbərdən belə nəql olunur ki, Peyğəmbərimiz buyurmuşdur ki, kitab əhli Tövratı ibranicə oxuyur, müsəlmanlar üçün ərəbcəyə tərcümə edirdilər”. (Mişkətül-Məsabih, I kitab, 6-cı hissə, səh. 42)

“Əl-Hafiz əl-Zəhəbi qeyd edir ki, yəhudilikdən İslama dönən Abdullah ibn Salam Peyğəmbərin yanına gəldi və ona: “(Dünən gecə) Quranı və Tövratı oxudum”, -dedi. O da cavab verdi: “Bunu bir gecə, o birini də başqa gecə oxu”. (Al-Thalabi, Al-İman; al-Thalabi, Tathkarar al-Huffadh, I cild, səh. 27)

“Hz. Muhəmmədin yaxın çevrəsindən Abdullah ibn Əmr müntəzəm Tövrat oxuyurdu. Bir gün gecə yuxusunda bir əlində bal, digərində yağ tutduğunu, bəzən o biri, bəzən də bu biri əlindən yediyini görür. Sonra o, yuxusunu Peyğəmbərə danışır. Peyğəmbərimiz Abdullahın yuxusunu iki kitabı, yəni bəzən Tövratı, bəzən də Quranı oxuması ilə açıqlayır”. (Səhih Buxari, 6-cı cild, 987-ci hədis, səh. 439)

“Əbu Səid Hudridən: Peyğəmbərimizdən belə soruşduq: “Ey Allahın Rəsulu, İsrail oğullarından bir şey nəql edə bilərikmi?” Belə buyurdu: “Bəli, edə bilərsiniz. Onlardan bir şey yazsanız, bilin ki, onlarda daha maraqlı məlumatlar vardır”. (Hənbəl, Müsnəd, 111-12, hədis nömrə: 11034)

Peyğəmbərimiz Hər Zaman Sülh Tərəfdarı Olmuşdur

Peyğəmbərimiz heç vaxt müharibə arzulamamış, İslam əxlaqını insanlara dinc yolla çatdırmağa çalışmışdır. Buna görə də hücum və təzyiqlərə illərlə səbir göstərmiş, lakin bunlara cavab vermək zəruri olduqda Allahdan gələn vəhylə savaşa izin vermişdir. O, təzyiq və hücumlar həyati təhlükəyə çevrilmədikcə və sülh yolu mümkünsüz olmadıqca heç bir ölkəyə müharibə elan etməmişdir.

Mutə savaşı müsəlmanların Peyğəmbərimiz həyatda ikən ən qanlı və ən çətin müharibəsi olmuşdur. Peyğəmbərimiz bu orduya Zeyd bin Harisəni başçı təyin etmiş və orduya aşağıdakı məsləhətləri vermişdir:

“Allahın adı ilə və Allah yolunda Onu inkar edənlərlə savaşın. Xəyanət etməyin. Qulaq və burun kimi bədən üzvlərini kəsməyin. Uşaq, qadın, yaşlı və məbəddəki din adamlarını öldürməyin. Xurma və başqa ağacları kəsməyin, evləri dağıtmayın”. (Buxari)

Savaş əsnasında göstərilməsi gərəkən əxlaqi prinsiplər isə belə sadalanır:

  1. Yalnız müharibəni təşviq edən və müharibədə iştirak edənlərlə müharibə edilir.
  2. Kilsələrdəki rahiblərə qətiyyən toxunmaq olmaz.
  3. Uşaqlara zərər vermək olmaz.
  4. Qadınlara zərər vermək olmaz.
  5. Yaşlılara zərər vermək olmaz.
  6. Əkin yerlərinə zərər vermək olmaz.
  7. Əhdə vəfa göstərmək və müqavilələrə sadiq qalmaq lazımdır.
  8. Heyvanlara zərər vermək olmaz.
  9. Zülmə yol vermək olmaz.
  10. Şəhərləri dağıtmaq olmaz. (Ahmet Hamdi Akseki, Abdurrahman Azzam Paşa'nın "Allah'ın Peygamberlerine emanet ettiği ebedi risalet", Diyanet İşleri Başkanlığı Neşriyat, Ankara, 1948, ön söz)

Əsri-səadət dövrünün sülh və hüzurla davam etməsinin ən əhəmiyyətli səbəblərindən biri Quran əxlaqını yaşayan Peyğəmbərimizin ədalətli olmasıdır. Əcnəbi yazıçılar da Peyğəmbərimizin bu üstün xüsusiyyətindən təsirlənib onun gözəl əxlaqını əsərlərində təsiredici ifadələrlə tərifləmişlər. Corc Bernard Şou (George Bernard Shaw) “Səmimi İslam” əsərində bu xüsusiyyətləri belə qeyd edir:

“Hz. Muhəmmədin dinini möhtəşəm canlılığı səbəbi ilə daima üstün tutmuşam. Hər dövrə xitab edən, həyatın dəyişən mərhələlərinə uyğunluq təşkil edən tək din kimi gəlir mənə. Onu -o misilsiz insanı- araşdırdım və məncə... İnsanlığın xilaskarı adlandırılmalıdır. Əgər onun kimi bir şəxs modern dünyanın hökmranlığını öhdəsinə götürsəydi, çox ehtiyac duyulan sülh və xoşbəxtliyi gətirib dünyanın problemlərini həll etməkdə müvəffəqiyyətli olardı... (Sir George Bernard Shaw, The Genuine Islam, cilt.1, No.8, 1936)

Dövrümüzdə dünyanın dörd tərəfində meydana gələn münaqişə və qarşıdurmaların tək həlli xurafatdan təmizlənmiş şəkildə Quran əxlaqını mənimsəmək və Peyğəmbərimiz kimi din, dil və irq fərqi qoymadan ədalətdən ayrılmamaqdır.

Peyğəmbərimiz Kitab Əhlinə Müqavilə Əsasında Imtiyazlar Vermişdir

Peyğəmbərimizin dövründə çoxlu sayda müqavilə ilə musəvi və xristian cəmiyyətlərinə həyat və hüquqlarını zəmanətə alan müxtəlif imtiyazlar verilmişdir. Sina dağında yerləşən “St. Catherine” monastırının rahiblərinə verilən haqlar buna nümunədir. Bu sənədlər müsəlman idarəçiliyi altında olan və ya İslamın hökmranlığını qəbul edən kitab əhlinə hüquqi, dini və sosial haqlar tanıyırdı. Problemlər bu sənədlər əsasında həll edilirdi. Məsələn, tarix kitablarında Şamdakı xristianların bir problemlə üzləşdikdə imtiyazlarının qeyd olunduğu bu müqavilə sənədlərini xəlifə Ömərə (rə) göstərdikləri və problemlərin bunun əsasında həll olunmasını istədikləri yazılır.