Din Adindan Terror Törədənlərin İç Üzü

İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir.
Doğru yola yönəlmişlər də məhz onlardır.
(Ənam surəsi, 82)

Bura qədər araşdırdığımız həqiqətlər göstərir ki, günahsız insanlara qarşı terror törətmək din əxlaqına tamamilə ziddir. Heç bir müsəlman belə günah işi görməz. Əksinə, müsəlman bu günah işi görən insanları durdurmaqla yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara təhlükəsizlik və dinclik gətirməyə borcludur və buna görə məsuliyyət daşıyır. Müsəlmanlıq terrorla bir yerdə təsəvvür oluna bilməz, əksinə, İslam terror qarşısındakı ən böyük maneə və onun çarəsidir.

Xristian, yəhudi və ya İslam terroru ola bilməz. Necə ki, bəhs edilən terroru həyata keçirən adamların quruluşuna baxarkən bu terrorun dini deyil, sosial məsələ olduğu ortaya çıxır.

Səlibçilər - Öz Dinlərini Ayaqlayan Barbarlar

Bir dinin və ya başqa bir fikir sisteminin həqiqi mesajı bəzən onun sözdə tərəfdarları tərəfindən tamamilə “oğurlana” bilər. Xristian tarixinin qaranlıq dövrünü təşkil edən səlibçilər bunun yaxşı nümunəsidir.

Səlibçilər XI əsrin sonunda müqəddəs torpaqları (Fələstin ətrafını) fəth etmək məqsədi ilə Avropadan yola düşən avropalı xristianlar idi. Sözdə dini məqsədlə yola çıxmışdılar, amma getdikləri hər yerə vəhşilik və qorxu aparmışdılar. Kitabın irəlidəki hissələrində ətraflı şəkildə görəcəyimiz kimi, mülki əhalini kütləvi halda qətliama məruz qoydular, həddindən artıq kənd və şəhəri talan etdilər. Səlibçilər müsəlman, yəhudi və ortodoksal xristianların İslam idarəçiliyi altında rahatlıq və əmin-amanlıq içində yaşadığı Qüdsü fəth etdikləri zaman isə böyük qətliam həyata keçirdilər. Bütün müsəlman və yəhudiləri vəhşicəsinə öldürdülər. Bir tarixçinin ifadəsi ilə desək, ələ keçirdikləri bütün ərəb və türkləri öldürdülər..., kişi və ya qadın bilmədən hamısını qətlə yetirdilər.15 Səlib yürüşlərinin iştirakçılarından biri olan Raymund of Aquiles bu vəhşiliyi “fəxrlə” belə qeyd edirdi:

“Görməyə dəyən maraqlı səhnələr baş verdi. Adamlarımızın bəziləri -hələ bunlar ən mərhəmətliləri idi- düşmənlərinin başlarını kəsirdilər. Digərləri onları oxla vurub yerə sərirdilər. Bəziləri isə onları diri-diri odun içinə ataraq daha uzun müddət davam edən işgəncələrə məruz qoyurdular. Şəhərin küçələri kəsilmiş başlarla, əllər və ayaqlarla dolu idi. Elə bir vəziyyət yaranmışdı ki, küçədə bunlara dəyib yıxılmadan yerimək çox çətin idi. Ancaq bütün bunlar Süleyman məbədindəkilərin yanında heç nə sayılırdı. Orada nə olduğu ilə maraqlanırsınız? Əgər sizə həqiqəti desəm, inanmağa çətinlik çəkərsiniz. Heç olmasa, bunu deyim ki, Süleyman məbədində axan qanın hündürlüyü adamlarımızın dizindən yuxarı idi”.16

Səlibçilərin ordusu Qüdsdə iki gün içində təxminən 40 min müsəlmanı yuxarıda bildirilən üsullarla vəhşicəsinə öldürdü.17

Xaçlılar o qədər barbar idi ki, IV səlib yürüşü zamanı onlar öz dindaşlarının şəhəri olan İstanbulu talan etdilər, kilsələrdəki qızılları söküb yağmalamaqdan belə çəkinmədilər.

Səlibçi orduları getdiyi hər yerdə böyük qətliamlar törətdilər. Dinc əhalini qətl edib bir çox şəhəri qarət etdilər.

Əlbəttə ki, bütün bu barbarlıq xristianlığın siyasi doktrinasına zidd idi. Çünki xristianlıq İncildə bildirilən ifadə ilə desək, əslində, sevgi mesajıdır. Matta İncilində hz. İsanın öz tələbələrinə: “Düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin”, - dediyi yazılmışdır (“Matta”, 5/44). Luka İncilində isə hz. İsanın: “Bir üzünə şillə vurana digər üzünü çevir”, - dediyi bildirilir (“Luka”, 6/29). Əhdi-cədidin heç bir yerində qarşıdurmanı qanuniləşdirən hökm yoxdur, günahsız insanların qətlə yetirilməsi isə güman belə edilə bilməz. “Məsumların qətliamı” anlayışı İncildə zalım yəhudi şahı Herodun körpə yaşdakı hz. İsanı məhv etmək cəhdi olaraq təqdim edilir.

Yaxşı, bəs xristianlıq qarşıdurmaya və gərginliyə əsla yer verməyən bir sevgi dini ikən xristian xaçlılar necə olub ki, tarixin ən böyük vəhşiliklərini törətmişdir? Bunun ən böyük səbəbi xaçlıların cahil insanlardan təşkil olunmasıdır. Öz dinləri haqqında heç bir şey bilməyən, İncili heç oxumamış, hətta bəlkə, görməmiş, xristianlığın əxlaqi normalarından xəbərsiz olan kütlələr səhv yola sürüklənmişdilər. Din adı ilə ortaya çıxan bir qrup “Allah bunu istəyir” şüarı ilə iftira atıb cahil kütlələri barbarlığa sürükləmişdi. Onlar dinin qəti olaraq yasaqladığı əməlləri bu cür saxtakar üsulla geniş xalq kütlələrinə tətbiq etmişdilər.

O dövrdə mədəni cəhətdən daha irəlidə və yüksək səviyyədə olan şərq xristianlarının, məsələn, bizanslıların səlibçilərdən daha çox insanpərvər olduğuna diqqət etmək lazım gəlir. Səlibçilər gəlməmişdən əvvəl də, onlar getdikdən sonra da ortodoks xristianları müsəlmanlarla sakit şəraitdə ortaq həyat sürmüşdülər. BBC televiziyasının şərhçisi Terri Consun sözlərinə görə, səlibçilərin Orta Şərqdən çıxması ilə mədəni həyat təkrar başlamış və üç dinin mənsubları yenə Qüdsdə birlikdə yaşamağa başlamışdılar.18

Səlib yürüşləri nümunəsi ümumi bir qanunauyğunluğu göstərir: bir fikrin ardıcılları əgər mədəniyyətdən uzaq, ideya baxımından az inkişaf etmiş cahil insanlardırsa, o zaman onların təcavüzkarlığa meyli çox yüksək olur. Bu, dindən kənar ideologiyalara da aiddir. Dünyadakı bütün kommunistlərin ən vəhşisi və qana susayanı Kambocada ortaya çıxan qırmızı kxmerlər olmuşdur. Çünki onlar kommunistlərin ən cahilləridir. Cahil insanlar qarşıdurma tərəfdarı olan bir fikri dəlilik dərəcəsinə gətirdikləri kimi, düşmənçiliyə qarşı olan fikrə, məsələn, dinə də düşmənçilik qata bilər. İslam dünyasında da bunun nümunələri yaşanmışdır və hələ də yaşanmağa davam edir.

Din adından terror törədənlərin içi üzünü tam anlamaq üçün Peyğəmbərimizin dövründəki bədəvi xarakterinə də mütləq baxmaq lazımdır.

Xristianlıq şiddətə əsla yer verilməyən sevgi dini olmasına rəğmən, səlibçilər tarixin ən vəhşi əməllərini həyata kecirdilər. Çünki bu cahil kütlələri İncili, bəlkə də, həyatı boyunca bir dəfə olsun belə oxumadıqlarından xristianlığın əxlaqi meyarlarından xəbərsizdirlər.

Qurana Görə Bədəvi Xarakteri

Peyğəmbərimizin (səv) dövründə Ərəbistanda iki əsas sosial zümrə var idi: şəhər əhalisi və bədəvilər. O dövrün şərtlərinə görə, Ərəbistan şəhərlərində olduqca inkişaf etmiş mədəniyyət hakim idi. Ticarət əlaqələri bu şəhərləri xarici dünyaya bağlayır və bu, şəhərli ərəblərin təcrübəsini artırırdı. Onlar geyim mədəniyyətinə sahib idilər, ədəbiyyatdan, xüsusilə də şeirlərdən xoşları gəlirdi. Bədəvilər isə çöldə yaşayan köçəri qəbilələr olaraq çox geridə qalmışdılar. Sənət və ədəbiyyatdan tamamilə xəbərsiz olan bədəvilər səhranın sərt şərtləri daxilində kobud xarakterə sahib olmuşdular.

İslam Ərəbistan yarımadasının ən əhəmiyyətli şəhəri olan Məkkədə doğuldu və inkişaf etdi. Amma İslam yayıldıqca Ərəbistanın bütün qəbilələri onu mərhələli şəkildə qəbul etdilər. Onların arasında bədəvilər də var idi. Amma bədəvilərlə əlaqəli olan bir problem də var idi: onların intellektual və mədəni səviyyəsi İslamın dərinliyini anlamaq üçün çox aşağı idi. Bir Quran ayəsində onların vəziyyəti belə açıqlanır:

Peyğəmbərimizin (səv) dövründəki bədəvi cəmiyyətlər səhrada yaşayan köçəri tayfalar idi. Bədəvilər səhranın sərt şərtləri içində kobud xarakterə malik idilər.

Bədəvilər küfr və nifaq baxımından daha pis və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah biləndir və hikmət sahibidir!(Tövbə surəsi, 97)

Bədəvilər, yəni inkar və nifaq baxımından daha pis olub sərhəd tanımağa uyğun olan sosial qruplar Peyğəmbərimizin (səv) dövründə İslam dünyasına daxil oldular. Ancaq sonrakı dövrlərdə İslam dünyasında problem çıxarmağa başladılar. Bədəvilər arasında inkişaf edən “xaricilər” adlı məzhəb bunun bir nümunəsi idi. İslamın özü və Quran əxlaqının genişliyi mövzusunda heç bir anlayışa sahib olmayan xaricilər bir neçə Quran ayəsini öz həqiqi mənasından tamamilə sapındıraraq özlərindən olmayan bütün müsəlmanlara qarşı savaşa qalxdılar. Daha sonra terror əməlləri törətdilər. Peyğəmbərimizin (səv) ən yaxın səhabələrindən biri olan və Peyğəmbərimiz (səv) tərəfindən “elm şəhərinin qapısı” olaraq təsvir edilən hz. Əli bir xarici tərəfindən hazırlanan sui-qəsd nəticəsində bıçaqla şəhid edildi. Başqa sözlə, səlibçilər xristianlığı öz həqiqi mənasından tamamilə sapındıraraq onu vəhşilik təlimi kimi qələmə verdikləri kimi, İslam dünyasında ortaya çıxan bir sıra azğın qruplar da İslamı səhv izah edərək qarşıdurma yaratdılar. Onların hər ikisinin ortaq cəhəti Qurandakı ifadə ilə desək, bədəvi, yəni cahil, mədəniyyətsiz, öz içinə qapanıb qalmış, sərt və kobud təbiətli insanlar olmaları idi. Onların törətdikləri vəhşilik mənsub olduqlarını iddia etdikləri dinin deyil, cahilliyin nəticəsi idi. Öz dinlərinin əsl qaynağını belə bilmir, xürafə inanclar əsasında hərəkət edirlər.

Bədəvi xüsusiyyətinin yalnız o dövrə xas olduğunu düşünmək çox xətalıdır. Dövrümüzdə də belə insanlar vardır. Özlərindən, yaxud çevrələrindən başqasını bəyənməyən, hətta başqa dindən olanlara qarşı vəhşilik etməyi öz dininin gərəyi kimi göstərməyə çalışan bu insanların çoxlu yanlış məntiqi vardır. Təkfir etmək və qisas almaq buna nümunədir:

İslam Adından Qan Tökənlərin Yanlış Məntiqi

Eyni Allaha iman edən, hz. Muhəmmədin Allahın elçisi və Quranı haqq kitab qəbul edən bəzi müsəlmanlar bir-birini dindən çıxmaqda və küfrə düşməkdə ittiham edib qətlə yetirirlər. Xüsusilə son dövrlərdə şiələrin tolu şəkildə öldürülməsi və məscidlərinin bombalanması, eyni zamanda, gündəmdə olan İraq kimi yerlərdə bir qisim şiələrin sünnilərə hücumu diqqətləri İslam dünyasındakı anormallığa yönəltdi. Lakin bu qantökən zehniyyət nə yalnız terror təşkilatları ilə əlaqədar idi, nə də yeni bir xəstəlik idi:

Misirdə şiə olduqları üçün, İraqda isə sünni olduqlarına görə müsəlmanlar öldürülüb küçələrdə sürüklənirlər. Baxın, çoxu bilgisiz olan insanları belə vəhşiliyə aparan səbəb televiziya və məscidlərdə İslam adından danışan bəzi din alimlərinin fətvalarıdır. Digər yandan, istər Orta Şərqdə şiə və sünni qrupların eyni ölkə daxilindəki mübarizəsində, istərsə də ölkələr arasındakı məzhəb savaşlarında yenə bu xürafələrə əsaslanan yanlış din anlayışı vardır. Əlbəttə, şiddət tətbiq etmək çox yanlışdır və bu, dinin əsası olan Qurana yönəlmədən düzəlməz.

1. Küveytdəki İmam Cəfəri Sadiq məscidinin bombalanması
2. Yəməndə məscidə hücum
3. İraq Hərbi Hava Qüvvələrinə mənsub 1700 şiə əsgərinin öldürüldüyü "Camp Speicher" qətliamı.

Təkfir Etmək, Yəni Dindən Çıxmaq Ittihamı

Günahsız insan qanı tökməyə ibadət kimi yanaşan, öz dinlərindən olmayanlara yaşamaq hüququ verməyən və İslam coğrafiyasında durmadan qan axıdan fitnənin yayılmasına səbəb olan qatı ixtilaflığın kökündəki problemlərdən biri təkfir etməkdir: təkfir etmək bir şəxsi, yaxud qrupu “dindən çıxıb İslamı tərk etdin” şəklində ittiham etməkdir. Təkfirçi kimi təbir edilən xurafatçı qruplar qənaətləri gəldikdə insanların qətlini vacib elan edirlər. Lakin Allah Quranda bir kimsənin müsəlmanlığını qəbul etməmək haqqını şəxslərə vermir. Bir şəxs imandan sonra inkar etsə belə, onun cəzası Allah qatındadır:

İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. (Şura surəsi, 10)

Hökm yalnız Allahındır. O, əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bilmir. (Yusif surəsi, 40)

Dövrümüzdə bir qisim sünni qrupların şiələri, şiə qrupların da sünniləri təkfir edib biri-birinə nifrət etdiklərinin, bərabər namaz qılmadıqlarının, hətta bir-birini öldürdüklərinin şahidi oluruq. İslam dininə sonradan əlavə edilən təkfir məntiqinin Quranda heç bir şəkildə yeri yoxdur. Müsəlmanlar arasındakı bu fitnə “firqeyi-naciyə”dən (nicat tapmış firqə) bəhs edən hədisə əsaslandırılır. Bir çox rəvayətdə yer alan və Quranda qətiyyən əsası olmayan bu hədisin ən çox istifadə edilən şəkli belədir:

“Ümmətim 73 firqəyə ayrılacaq. Onlardan biri xaric, hamısı cəhənnəmlikdir; o biri də mənim və səhabələrimin yolu ilə gedənlərdir”.

Dövrümüzdə bəzi şiələr sünniləri, sünnilər də şiələri kafir elan edirlər. Halbuki Quranda belə bir təkfirin heç bir səbəbi yoxdur. Peyğəmbərimiz (səv) də müsəlmanları bir-birlərini inkarçılıqla günahlandırmaqdan çəkindirmişdir.

Bu məntiq fərqli rəvayətlərdə müxtəlif formalarda mövcuddur. Məsələn Tirmizidə “biri xaric, digərləri cəhənnəmə girər” ifadəsi yoxdur. Hakimdə isə bu hədis “ümmətim yetmiş iki qüsurlu firqəyə ayrılacaq, ən böyüyü öz keflərinə iş görər; halalı haram, haramı halal edər” kimi qısa şəkildə rəvayət edilmişdir. (Müstədrək, 4/430)

İslam dünyasının bölünüb parçalanması Quranı kafi görməyən, xürafə və uydurma hədislərlə İslama fərqli görünüş verməyə çalışan zehniyyətin məhsuludur. Peyğəmbərimizin dövründəki kimi Quran müsəlmanı olmağın yerinə özlərinə görə halal və haramlar çıxaran və yalnız öz şərhlərinin ən doğru olduğuna inanan xurafatçı çevrələr İslamı özlərindən fərqli yaşayan müsəlmanların imanlarının əsassız olduğuna hökm verirlər. Halbuki Allah belə bir düşüncəni Quranda qadağan etmişdir:

Ey iman gətirənlər! Allah yolunda çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” -deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. (Nisa surəsi, 94)

Hədislərə nəzər yetirdikdə Peyğəmbərimizin də müsəlmanları bir-birini küfrdə günahlandırmasını qadağan etdiyi görünür:

“Kim bir insanı kafir deyə çağırarsa, yaxud elə olmadığı halda: “Ey Allahın düşməni”, -deyərsə, o söz özünə qayıdar”. (Səhihi-Müslim)

“Möminə lənət etmək onu öldürmək kimidir. Bir mömini küfrdə günahlandıran onu öldürmüş kimi olar”. (Səhihi-Buxari)

“Bizim kimi namaz qılan, qibləmizə dönən və kəsdiyimizi yeyən kəs Allahın və Rəsulunun təminatını əldə etmişdir. O halda, (belələrini öldürmək surəti ilə) Allahın verdiyi təminat və əhdi pozmayın”. (Səhihi-Buxari)

“Bir şəxs (müsəlman) qardaşına: “Ey kafir”, -deyə xitab edərsə, ikisindən biri bu sözü üzərinə almış olar. Əgər dediyi kimidirsə, küfr onda qalar, deyilsə, söyləyənə dönər”. (Səhihi-Buxari)

“Bir kimsə müsəlman qardaşını təkfir edərsə, (təkfir edilən və ya edəndən) birinin üzərinə dönər”. (Əl-Müsnəd)

Peyğəmbərimizin dövründə möminlərin arasında münafiqlər, qəlbinə iman yerləşməyənlər və fasiqlər də olmuşdur. Allah Quranda Peyğəmbərimizin hökmünə razı olmayan, anormal hərəkətlərə yol verən, hətta gizlin şəkildə dinsiz olan şəxslərdən bəhs etmişdir. Lakin Peyğəmbərimiz təbliğə davam edib hər kəsin imanını ayırd etmədən gücləndirməyə çalışmışdır. Onları küfrlə ittiham etməmişdir. Heç kim başqasının imanı ilə bağlı hökm və ya bununla bağlı cəza verə bilməz.

Allah müsəlmanların ayrılığa düşməsinin və ya çəkişməsinin axirətdə qarşılığının olacağını bildirir:

Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)

Quranda müsəlmanların birlik olması, qardaş kimi yaşaması, dağılıb ayrılmaması, dost olub çəkişməməsi əmr edilir:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran surəsi, 105)

Müsəlmanların birləşməyinə kömək etməyib bölücülük və nifrət yaradanlar və ya bir-birinin dindən çıxmasına fətva verənlər bir qisim müsəlmanları şiddətə təşviq edirlər. Məzhəb imamlarına əsaslanıb müsəlmanlara qarşı cihad elan edənlər xətaya düşürlər və bunun hesabını axirətdə verə bilməyəcəklər. Allah Quranda müsəlmanların arasını düzəltməyi belə əmr edir:

Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hücurat surəsi, 10)

Qisas Hökmünün Yanlış Tətbiqi

Qurandakı hökmlər xüsusilə hz. Muhəmməd dövründə ərəb cəmiyyətlərində yayılan kin və şəxsi intiqam duyğularından irəli gələn cəzalandırmanı ortadan qaldırmağı məqsəd güdür. Quranın daşındırıcı xüsusiyyəti bu hökmdə də görünür və cinayətin qarşısını almaqla həyatı qoruyur. Qisas da bu hökmlərdən biridir:

Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı və ona müvafiq qaydada diyə ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır. (Bəqərə surəsi, 178)

Qisasdan bəhs edən bu ayədə diqqət çəkən şey bağışlamaq və əfv etməyin təşviq edilməsi və bunun daha gözəl olduğunun bildirilməsidir.

Odur ki, qisasda bizim üçün həyat vardır. Qisasın kimlərə tətbiq olunacağı və kimin tətbiq edəcəyi bəzi şərtlərə bağlanmışdır. Məsələn, qisas almağa kimin haqqı çatdığı ayədə bu şəkildə açıqlanmışdır:

Allahın, haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. (İsra surəsi, 33)

Digər tərəfdən, “Maidə” surəsinin 178-ci ayəsində bildirildiyi kimi, ölən şəxsin yaxını qisasdan vaz keçib diyə (qanbahası) istəyə bilər ki, bu da bağışlamağa təşviqdir. Başqa bir ayədə Allah bağışlamağın yaxşı əməl olduğunu belə bildirir:

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)

Quran ayələrindən göründüyü kimi, məqbul olan əfv və islah etməkdir. Bunun İslamdan öncə də Allahın bəyəndiyi əxlaq olduğu bildirilir:

Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, yaralara da (yaralar) qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə, bu, onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır. (Maidə surəsi, 45)

Qurana Əsasən, Zülmün Qarşılığı Zülm Deyil

İslam dini adından istifadə edən terrorçu liderlərdən və ya bunu məşru göstərməyə çalışan din adamlarından niyə bu qətliam və intihar hücumlarına fətva verdiklərini soruşduqda müsəlmanlara edilən zülmün qisasını aldıqlarını deyirlər. Əlbəttə, dünyanın müxtəlif yerlərində müsəlmanlar qətliam, haqsızlıq və zülmə məruz qala bilərlər. Lakin bunun qarşılığı zülm deyil və Allah bunu qadağan etmişdir. Qisas hökmlərindəki əfvetmə tövsiyəsi də bu həqiqətin göstəricisidir.

İslama Görə, Günah və Cinayət Şəxsin Özünə Aiddir.

Allah zülmü Quranla qadağan etmişdir. Bundan başqa, İslamda günahın şəxsə aid olması prinsipi vardır. Bir ərazini bombalamaq qətliam törətmək deməkdir və uşaq, qadın, yaşlı demədən edilən hücumlar cinayətdir. Buna bənzər olaraq insanları yalnız millətinə, dininə və məzhəbinə görə öldürüb intiqam almaq da İslama tamamilə ziddir.

İslamda savaş hüququnun təməlində ədalət, sülh və bağışlamaq var. Yaşamaq və yaşatmaq əsasdır. Dolayısilə, Allahın müəyyən sərhədlər daxilində qəsdən adam öldürməyə qarşı daşındırıcı mənada buyurduğu və ardından bağışlamağı təşviq etdiyi qisas hökmü fərdi intiqam hissi ilə cəmiyyətlərə və həmin cəmiyyətlərin üzvlərinə tətbiq oluna bilməz. Qurandakı hökmlər bu qədər açıq-aydındır. Lakin yenə də din adından terror törətmək istəyənlərin mövcudluğu terrorun psixologiyasını araşdırmağı labüd edir:

Terrorun Yanlış Psixologiyası

Təcavüzkarlığı, öldürməyi, vuruşmağı, zülm etməyi məqsəd olaraq mənimsəyən terrorçular Allah qorxusundan və sevgisindən tamamilə uzaqdırlar.

“Terror” anlayışının gündəlik istifadə olunan mənasından daha geniş əhatəsi vardır. Dövrümüzdə terror anlayışı, ümumiyyətlə, ideoloji radikal qruplaşmaların silahlı mübarizəsini ifadə edir. Terror azərbaycanca “qorxutmaq” və “hədələmək” mənasını verir. Lakin bunun əhatəsi insanların bütün həyatını qorxuya salacaq qədər daha böyükdür. Terror insanları hədələməklə müəyyən düşüncəni mənimsətmək üçün hər cür şiddəti ehtiva edir. Ancaq hər vəziyyətdə terrorun hədəfi dolayı yolla, yaxud birbaşa xalqın özü olur. Terror təşkilatı terroru xalqı öz tərəfinə çəkmək üçün tətbiq edir. Əldə etdiyi qorxudan güc qazandığını və bunun sayəsində xalqın və ya onun bir hissəsinin özünə dəstək verəcəyini düşünür. Bu, terror deyildikdə anlaşılan ilk mənadır və ümumiyyətlə, sol terror kimi xarakterizə olunur. Bir də üçüncü dünya ölkələrində rast gəlinən və diktatura rejimləri tərəfindən tətbiq olunan terror vardır. Əslində, burdakı məntiq sol terrordakı məntiqin makro tətbiqindən başqa bir şey deyil. İqtidar başçısı təzyiqçidir; iqtidardan yalnız şəxsi mənfəətləri üçün istifadə edir. Bu səbəbdən dolayı, müxtəlif müxalifətlərlə üz-üzə qalır. Belə vəziyyətdə həmin diktator rejim müxalifətdən daha güclü olduğunu sübut etmək üçün eyni formuldan istifadə edir: terror tətbiq edir ki, xalq özündən qorxsun və bu, ona güc qazandırsın.

Terror təşkilatları öz ideologiyalarına bağlı olaraq haqsızlıq və zülm etdiyini düşündüyü rəhbərləri yox etməklə daha xoşbəxt həyat gətirəcəklərini irəli sürürlər. Halbuki bu, heç də doğru yanaşma deyil. Allah “Bəqərə” surəsinin ilk ayələrində belə düşünənlər haqqında buyurur:

Onlara: “Yer üzündə fəsad törətməyin!” -deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” -deyirlər. Sözsüz ki, onlar fəsad törədəndirlər, amma başa düşmürlər. (Bəqərə surəsi, 11-12)

Diqqət edilirsə, terroru bir metod kimi mənimsəyənlər bəzən bir-birindən qarşılıqlı faydalanmaq üçün ittifaqa girirlər. Çünki terror törədənlər malik olduğu silahlar vasitəsilə renta qazanırlar. Bu yerdə ideallar yox olur.

Terrorçular üçün adam öldürmək yaşayış forması sayılır. Günahsız insanlara və uşaqlara rahatlıqla güllə və ya bomba ata bilirlər. Qan tökmək onların məqsədinə çevrilmişdir və bundan zövq alırlar. Gözü dönmüş vəhşi heyvan kimidirlər. Aralarında azacıq da olsa mərhəmətli birini görsələr, onu xain və qorxaq adlandırıb cərgədən çıxarırlar. Onsuz da çox vaxt bir-birinə silah qaldırıb fraksiyaçıları qətlə yetirirlər.

Terrorizm tamamilə şeytani qan tökmə quyusudur. Hər kim bu vəhşiliyə dəstək verirsə, şeytani sistemi dəstəkləmiş olur. Bir terrorçunun dini anlayış və simvollardan istifadə etməsi heç kimi yanıltmamalıdır. Bu şəkildə saxta dinə bürünən terrorçular həm qan tökdükləri üçün, həm də bununla dinin əleyhinə təbliğat apardıqları üçün ikiqat günahkardırlar. Terrorla din tamamilə zidd anlayışlardır. Terrorizm aqressiv olmağı, savaşıb öldürməyi və zülm etməyi mənimsəmişdir. Lakin bütün bunlar Qurana görə, zalımlıqdır. Allah sülhü, uzlaşmağı, yaxşılıq etməyi və insanların arasını düzəltməyi əmr edir. Terroru və hər cür təxribatçı əməlləri qadağan edir və bunu edənləri lənətləyir:

Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rəd surəsi, 25)

Terrora bulaşanlar Allah qorxusundan və sevgisindən tamamilə uzaq olub xəstə ruha sahibdirlər.

Terrorçu Amansızdır, Tək Məqsədi Yox Etməkdir

Rus anarxizminin qurucusu M.Bakunin və tələbəsi Neçayev ideal terrorçunu belə təsvir edir:

“Varlığının tək məqsədi yalnız sözləri ilə deyil, hərəkətləri ilə də cəmiyyətin mövcud quruluşuna qarşı savaşmasıdır. Mədəni dünyaya aid qanunlara, əxlaqi dəyər və əməllərə geri dönməz şəkildə qarşı çıxar... Yalnız bir şeyi bilir: yox etmək”.19

Bu şəxslərin sözlərindən başa düşüldüyü kimi, terrorçular maddi-mənəvi hər şeyi əngəl görüb bütün əxlaqi dəyərləri rədd edirlər. Bakunin bir başqa sözündə belə demişdir:

“Gecə-gündüz (terrorçunun) bir düşüncəsi, bir qayəsi var: amansız şəkildə yox etmək. Bu arada məqsədini reallaşdırmaq üçün soyuqqanlılıqla və istirahət etmədən çalışar. Hər zaman ölməyə və məqsədinə mane olan hər kəsi əlləri ilə öldürməyə hazır olmalıdır”.

Terrorizmin əl kitabçası kimi tanınan “İnqilabçı kitabçası”nda terrorçunun tərifi belə verilir:

“... Özünə qarşı sərt olduğu kimi, başqalarına da elə olmalıdır. Hər cür insan münasibətlərinə, sevgi və dostluğa olan meyilliliyə inqilab savaşının həyəcanı ilə güc gəlinməlidir”.20

Bu sözlər terrorun qaranlıq üzünü ortaya qoyur və terrorun sülh və sevgi dini olan İslamla tam mənada zidd olduğunu göstərir.

İslam Boston Hücumu Kimi Bütün Terror və Şiddət Əməllərini Lənətləyir

Terrorizm şiddət, qorxu və xaosun hakim olduğu bir cəmiyyətin xəyalındadır.

2013-cü ildə ABŞ-da təşkil olunan Boston marafonunda həyata keçirilən terror hadisəsi bütün səmimi müsəlmanlar tərəfindən eyni 11 sentyabr terror hücumunda və digərlərində olduğu kimi şiddətlə lənətləndi. Üç nəfərin öldüyü və yüzlərlə insanın yaralandığı bu hadisə İslam dünyası ilə Qərb dünyasının arasını vurmaq üçün planlanmış qanlı provokasiya idi. Qərbə İslamın guya şiddət və terroru məşru sayan din olduğunu göstərmək üçün təşkil olunmuş bu cür təhrikçilik hərəkətləri müxtəlif ölkələrdə dəfələrlə sınandı və müvəffəqiyyətli oldu. Boston hücumunun ardından ABŞ-da müəyyən media qurumları eşidənləri heyrətləndirən və insanları açıq şəkildə müsəlmanlara qarşı şiddətə və cəmiyyətdən təcridə təşviq edən açıqlamalar verdi. Bu provokasiyalar həmişə olub və olacaq. Lakin bunlara görə müsəlmanların da üzərinə əhəmiyyətli vəzifə düşür: Təkcə terroru lənətləməklə kifayətlənməmək, gerçək İslam əxlaqını bütün dünyaya anlatmaq.

Hər kim müsəlman olduğunu deyib dini üçün terror və şiddəti dəstəklədiyini deyirsə, o adam ya müsəlman görünüşündə bir fitnəkardır, ya da dinini doğru-düzgün bilməyən cahil insandır. Bilgisizlikdən dolayı bunu deyən insana Quranın doğru şərhləri açıqlanarsa, o, bu yanlışlıqdan vaz keçər. Lakin fitnəkara fürsət verməmək bütün insanların İslam haqqında doğru məlumatlandırılması deməkdir. İslamın şiddət və nifrəti əsla qəbul etmədiyini hər kəs bilərsə, fitnəyə səbəb olan hər hansı durum da qalmaz.

Xristian və musəvi aləmində İslam düşmənliyinə təhrikçilik olduğu halda, digər tərəfdə, yəni İslam dünyasında da musəvi və xristian düşmənliyi meydana gətirməyə çalışan bəzi insanlar vardır. Onlar Quranı deyil, uydurma hədisləri əsas alıb şiddəti dəstəkləyən xurafatçı çevrənin fərdləridir. İslam dünyasında bu vəziyyət, həqiqətən, çox ciddi problemdir. Bütün səmimi müsəlmanlar belə şəxslərin İslam dünyasının üzvü və təmsilçisi kimi tanınmasından narahatdırlar. Çünki onların İslamın gerçək dəyərləri ilə heç bir əlaqəsi yoxdur. Özlərini sevgi və mərhəmət hisslərindən məhrum ediblər. Təkcə başqa dinin nümayəndələrinə deyil, hətta müsəlmanların da bir çoxuna nifrət edirlər. Tanımadığı insanlara qarşı başqa zümrədən olduqları üçün ədavət bəsləyə bilirlər. Bu, həqiqətən də qəbuledilməz düşüncədir. Müxtəlif din mənsublarını, fərqli köklərdən gələnləri bir-birinə düşmən edib aralarında fitnə çıxarmaq tarix boyu savaşdan bəslənən insanların vaz keçmədiyi yöndəmdir. Halbuki dünyamız hamının xoşbəxt və rifahlı yaşaması üçün yetəri qədər genişdir və bol imkanlara sahibdir. Dava-dalaş çıxarmağa heç bir əsas yoxdur və bunun üçün göstərilən səbəblər yalnız mənasız oyunlardır.

Sülh içində yaşamaq savaşmaqdan çox asandır. Məsələn, nə israillilərin , nə də fələstinlilərin divarların arasında bomba və raket qorxusu içində yaşamağa məcbur etmək qəbul edilə bilər. Biri hz. İsmayılın, digəri isə hz. Yaqubun oğulları olan iki millətin bu vəziyyəti insanlıq üçün böyük ayıbdır.

Bizim əsas istəyimiz sevgi və hörmət dolu insanların düşüncəsinin radikal zehniyyətə üstün gəlməsidir. Bunun üçün İslam, xristian və yəhudi dünyasının ağıllı insanları birlikdə hərəkət etməlidir. Yaxşıların ittifaqı şərtdir. Bu ittifaq tək müsəlmanların arasında deyil, kitab əhli ilə də qurulmalıdır. Əks təqdirdə, nə terrorun, nə də şiddət hadisələrinin qarşısını almaq olar.

Allah əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola yönəldir. (Yunis surəsi, 25)

Terrorçular üçün insan öldürmək bir həyat tərzidir. Qan tökmək isə onlar üçün zövq və məqsəddir. Buna görə günahsız insanları amansızcasına güllələyə bilir, kiçik uşaqların üzərinə bomba ata və evləri partlada bilirlər.

 

Iqtıbaslar

15 Geste Francorum, or the Deeds of the Franks and the Other Pilgrims to Jerusalem, trans. Rosalind Hill, London, 1962, s. 91

16 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, s. 261

17 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, s. 262

18 Alan Ereira, David Wallace, Crusades: Terry Johns Tell the Dramatic Story of Battle for Holy Land, BBC World Wide Ltd., 1995.

19 http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html

20 http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html