İnsanlıq tarixi araşdırıldıqda cəmiyyətlərin ən çox ehtiyac duyduğu və uğrunda ən çox mübarizə apardığı dəyərlərdən birinin ədalət olduğu görülür. Tarix boyu bir çox dövlət qurulmuş, konstitusiyalar hazırlanmış, hüquq sistemləri yaradılmış və beynəlxalq müqavilələr imzalanmışdır. Buna baxmayaraq, zülm, ayrı-seçkilik, korrupsiya və bənzəri ədalətsizliklər tam olaraq aradan qaldırıla bilməmişdir. Bu gün də dünyanın bir çox yerində ədalət mövzusunda ciddi problemlər yaşanmaqdadır.

Elm və texnologiya sürətlə irəliləyərkən, ədalətin eyni dərəcədə güclənə bilməməsi olduqca diqqətçəkicidir. Bunun əsas səbəbi, ədalətin yalnız qanunlarla təmin oluna biləcək bir məsələ olmamasıdır. Ən mükəmməl hüquq qaydaları belə, onları tətbiq edən insanlar ədalətli olmadıqca gözlənilən nəticəni vermir. Qanunlar cinayətləri cəzalandıra bilər, ancaq insanın vicdanını dəyişdirə bilməz. Məhkəmələr haqlı ilə haqsızı ayıra bilər, lakin heç kimin görmədiyi yerdə haqq yeməyəcək bir xarakter inşa edə bilməz. Buna görə də əsl ədalət ilk növbədə Allah qorxusu və gözəl əxlaq tələb edir.

Quran digər sistemlərdən fərqlənən bir ədalət anlayışı ortaya qoyur. Quran insanlar arasında tətbiq olunacaq hüquqi prinsipləri bildirməklə yanaşı, ədaləti həyatın vazkeçilməz bir hissəsinə çevirəcək əxlaqlı fərdlər yetişdirməyi də hədəfləyir. Çünki ədalətin daimi ola bilməsi, onu tətbiq edən insanların vicdanlarının güclü olmasından asılıdır.

 

İslam əxlaqına görə ədalət yalnız məhkəmə salonlarında yerinə yetirilən hüquqi bir məsələ deyil. Ailə daxilində, ticarətdə, iş həyatında, dövlət idarəçiliyində, təhsildə, hətta gündəlik insan münasibətlərində belə gözlənilməli olan əsas bir prinsipdir. Bir insanın güclü və ya zəif olması, varlı və ya kasıb olması, eyni inanca mənsub olması ya da fərqli bir millətdən gəlməsi ədalət anlayışını dəyişdirmir. Quranın hədəflədiyi cəmiyyət nizamında hər kəs yalnız insan olduğu üçün hüquq və hörmət sahibidir.

 

Qanunlar tək başına ədaləti təmin etməyə kifayət etmir

Günümüzdə dünyanın demək olar ki hər ölkəsində əhatəli hüquq sistemləri mövcuddur. Məhkəmələr, prokurorluqlar, təhlükəsizlik təşkilatları və nəzarət mexanizmləri cəmiyyət nizamını qorumaq üçün çalışır. Buna baxmayaraq, terrordan korrupsiyaya, qətldən işçi istismarına qədər bir çox cinayət və ədalətsizlik varlığını davam etdirir. Hətta bu cinayətlərə, ən güclü hüquq sistemlərinə sahib ölkələrdə belə müxtəlif şəkillərdə rast gəlinir.

Bu vəziyyət mühüm bir həqiqəti ortaya qoyur: Qanunlar insanın davranışlarını tənzimləyə bilər, lakin onun hər an nə etdiyini izləyə bilməz. Heç bir hüquq sistemi insanların həyatlarının hər saniyəsinə şahid ola bilməz. Məhz bu nöqtədə insanı doğru davranmağa sövq edən ən güclü amilin iman və əxlaqi şüur olduğu həqiqəti üzə çıxır. Quran insanı yalnız cəmiyyətin deyil, hər an Allahın hüzurunda olduğu şüuru ilə yetişdirir. Bu şüur, insanın heç vaxt doğruluqdan ayrılmamasını təmin edir. Çünki Allaha iman edən bir insan Onun razılığını qazana bilməməkdən çox çəkinir və Onun rızasına zidd davranışlardan böyük diqqətlə uzaq durur. Eyni zamanda, etdiyi heç bir davranışın qarşılıqsız qalmayacağını, ən kiçik yaxşılığın da, ən kiçik haqsızlığın da Allah qatında qarşılıq tapacağını bilir.

 

Quranın ədalət meyarı hər kəs üçün keçərlidir

Quranda ədalətin yalnız möminlərə qarşı deyil, fərqli düşüncəyə sahib insanlara, hətta düşmənlərə qarşı belə gözlənilməsi buyurulur. Allah bir ayədə belə buyurur:

“Ey iman edənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.” (Maidə surəsi, 8)

Bu ayədə bildirilən meyar insanlıq tarixinin ən güclü ədalət anlayışlarından birini ortaya qoyur. Çünki insanlar çox vaxt sevdiklərinə qarşı daha anlayışlı, sevmədikləri kəslərə qarşı isə daha sərt olurlar. Quran isə bu yanaşmanı rədd edir və ədalətin sevgi və qəzəb kimi şəxsi hisslərdən asılı olmayaraq tətbiq olunmasını əmr edir.

Quranın möminlərə bir əmri də öz əleyhlərinə olsa belə ədaləti gözləmələridir. Allah ayədə belə buyurur:

“Ey iman edənlər! Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti (təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun!” (Nisa surəsi, 135)

Bu prinsip ədalət anlayışını ailə bağlarının, iqtisadi maraqların və ictimai təzyiqlərin fövqünə qaldırır. Çünki əsl ədalət insanın öz mənfəətindən vaz keçə bilməsini də tələb edir. Məhz İslam əxlaqını üstün edən əsas xüsusiyyətlərdən biri də budur. Quran əvvəlcə insanın vicdanını tərbiyə edir, sonra həmin vicdan üzərində ədalətli bir cəmiyyət qurur. Buna görə də İslamın hədəflədiyi ədalət nizamı yalnız hüquq qaydalarına deyil, Allah qarşısında məsuliyyət duyğusu ilə hərəkət edən fərdlərə əsaslanır. Belə insanların çox olduğu bir cəmiyyətdə ədalət həyatın hər sahəsində öz əksini tapır.

 

Quran ədaləti universal bir prinsip kimi təqdim edir

Quranın ədalət anlayışı yalnız müsəlmanlar arasındakı münasibətlərlə məhdudlaşmır. Ədalət dini, dili, irqi, mədəniyyəti və ya sosial statusu nə olursa olsun bütün insanları əhatə edən universal bir prinsipdir. Qurana görə bir insanın hüquq sahibi olması üçün müəyyən bir inanca mənsub olması lazım deyil. İnsan olması onun canının, malının, şərəfinin və əsas hüquqlarının qorunması üçün kifayətdir.

Buna görə də Quran müsəlmanlara özləri ilə vuruşmayan və dinlərinə görə təzyiq göstərməyən kəslərə qarşı yaxşılıq və ədalətlə davranmalarını əmr edir:

“Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.” (Mumtəhənə surəsi, 8)

Bu ayə fərqli inanclara mənsub insanlarla münasibətlərin də ədalət, hörmət və yaxşılıq üzərində qurulmalı olduğunu açıq şəkildə göstərir. Müsəlman qarşısındakı şəxsin inancına, milliyyətinə və ya sosial mövqeyinə görə fərqli bir ədalət anlayışı yarada bilməz. İnsanların rənglərinə, nəsillərinə, vəzifələrinə və ya sərvətlərinə görə dəyər gördüyü cəmiyyətlərdə ədalətin daimi olması mümkün deyil. Çünki imtiyaz verilən hər kəs zamanla hüquqdan üstün tutulmağa başlayır. Quranın meyarı isə aydındır. Üstünlük nə nəsildə, nə sərvətdə, nə də vəzifədədir. Üstünlük ancaq təqvadadır. Belə ki, Allah Quranda buyurmuşdur:

“Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır.” (Hucurat surəsi, 13)

Burada bildirilən üstünlük, hüquqi və ya ictimai bir imtiyazı deyil, Allah qatındakı mənəvi dəyəri ifadə edir. Buna görə də İslama görə heç bir insan malik olduğu nəsil, sərvət, vəzifə və ya digər dünyəvi imkanlara görə başqalarının haqqını tapdalamaq səlahiyyətinə sahib deyil.

 

İslam əxlaqının nəzərdə tutduğu bu bərabərlik anlayışı, cəmiyyətdə etimad hissini gücləndirir. İslam əxlaqının hakim olduğu cəmiyyətlərdə insanlar bilirlər ki, haqlı olduqları müddətcə kimlikləri, iqtisadi vəziyyətləri və ya inancları səbəbindən haqsızlığa məruz qalmayacaqlar. Ədalətin həqiqi mənada bərqərar olduğu bir cəmiyyətdə isə qorxunun yerini etimad, münaqişənin yerini hüzur, təzyiqin yerini isə qarşılıqlı sevgi və hörmət alacaqdır.