Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s) üstün əxlaqı, mərhəməti, doğruluğu, təvazökarlığı, insan sevgisi və daha bir çox gözəl xüsusiyyəti ilə bütün bəşəriyyətə nümunə olmuş seçilmiş bir peyğəmbərdir.

 

Peyğəmbərimizin həyatı araşdırıldıqda gözəl əxlaqın həyatın hər sahəsində necə həssaslıqla yaşana biləcəyi aydın şəkildə görünür. Onun səbrli olması, bağışlamağı, dürüstlüyü, əmanətə sadiqliyi, hər zaman haqqı müdafiə etməsi, məzlumun yanında olması və insanlar arasında heç bir fərq qoymaması İslam əxlaqının ən gözəl nümunələrini əks etdirir.

 

Bu üstün əxlaqın ən bariz təzahürlərindən biri də, şübhəsiz ki, ədalət anlayışıdır. Peyğəmbərimiz (s.ə.s) həyatı boyunca ədaləti yalnız müsəlmanlara qarşı deyil, inancı, irqi, qəbiləsi və ya sosial mövqeyi nə olursa olsun, bütün insanlara qarşı eyni həssaslıqla tətbiq etmişdir. Bu xüsusiyyəti ilə də bəşəriyyət tarixinə ümumbəşəri bir ədalət modeli bəxş etmişdir.

Onun ədalət anlayışının ən diqqətçəkən cəhətlərindən biri də insanlar arasında heç vaxt mənsubiyyətinə görə fərq qoymamasıdır. İslamın ilk illərində Mədinə rəngarəng bir şəhər idi. Müsəlmanlarla yanaşı, orada yəhudilər, xristianlar və başqa inanc qruplarına mənsub insanlar da yaşayırdı.

 

Bu qədər fərqli icmanın bir yerdə, sülh içində yaşaya bilməsi təsadüfi deyildi. Bunun sirri sadə idi. Hər kəsin hüququ qorunurdu. Peyğəmbərimiz atdığı addımlarla elə bir etimad mühiti yaratmışdı ki, ona müraciət edən hər kəs kim olursa olsun ədalətlə qarşılanacağına əmin idi.

 

Quranda bu ümumbəşəri ədalət prinsipi belə əmr edilir:

Ey iman edənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Bu ayə ədalətin insanların mənsubiyyətinə görə dəyişən bir rəftar olmadığını göstərir. Mömin sevdiyi və ya sevmədiyi şəxsə görə fərqli meyar tətbiq edə bilməz. Hətta özü ilə arasında mənfi münasibət olan şəxslərə qarşı belə ədalətli davranmağa borcludur.

 

Allah Peyğəmbərimizə fərqli inanca mənsub insanlar arasında da ədalətlə hökm etməyi əmr etmişdir:

De ki: “Mən Allahın nazil etdiyi kitaba iman etmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur.” (Şura surəsi, 15)

Allahın bu əmri İslamda ədalətin dinə görə ayrı-seçkilik tanımadığını aydın şəkildə göstərir. Ədalət yalnız müsəlmanlara verilmiş bir hüquq deyil, cəmiyyətdəki bütün insanların əmin-amanlıq içində yaşaya bilməsinin əsas şərtidir. Peyğəmbərimiz (s.ə.s) bu prinsipi sözləri ilə olduğu qədər əməlləri ilə də həyata keçirmişdir. Bu anlayışın tarixi nümunələrindən ən mühümü Mədinə bəyannaməsidir. 

Başda müsəlmanlar və yəhudilər olmaqla, Mədinədə yaşayan fərqli icmalar arasında imzalanan bu sənəd hər kəsin hüquq və məsuliyyətlərini müəyyən etmiş, din və vicdan azadlığını təminat altına almışdır. Bəyannamənin diqqətçəkən bəndlərindən bəziləri bunlardır:

“Bəni Əfv yəhudiləri möminlərlə birlikdə tək bir ümmətdir. Yəhudilərin dini özlərinə, müsəlmanların dini də özlərinədir."

“Bizimlə həmrəy olan yəhudilər heç bir haqsızlığa məruz qalmayacaq, həmçinin onların əleyhinə olan düşmənlərinə dəstək verilməyəcəkdir.”

Bu bəndlər fərqli inanc qruplarının qanun qarşısında təminat altına alındığını və ədalətin din ayrı-seçkiliyə yol vermədən tətbiq edildiyini göstərir. Beləliklə, Mədinədə yaşayan insanlar fərqli inanclara sahib olsalar da, ortaq hüquq prinsipləri çərçivəsində sülh və təhlükəsizlik içində birlikdə yaşamışdılar.

 

Peyğəmbərimizin insanlara baxışını ən gözəl şəkildə göstərən nümunələrdən biri də Vida xütbəsidir. Burada o, insanların üstünlüyünün irqə, dilə, soya və ya qəbiləyə deyil, yalnız təqvaya bağlı olduğunu bəyan etmişdir:

“Ey insanlar! Rəbbiniz birdir, atanız da birdir. Ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə üstünlüyü yoxdur. Üstünlük ancaq təqvadadır.”

Bu sözlər bəşəriyyət tarixinin ən güclü bərabərlik bəyanatlarından biri kimi qəbul edilir. Çünki insanlar arasında üstünlüyü müəyyən edən meyarın dünyaya gələrkən sahib olduğu xüsusiyyətlər deyil, əxlaq və Allaha qarşı məsuliyyət şüuru olduğunu göstərir.

 

Peyğəmbərimizin ədalət anlayışı yalnız müsəlmanlara yönəlməmişdir. Belə ki, Quran himayə istəyən müşriklərə belə təminat verilməsini əmr edir:

Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra (iman etməzsə,) onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür. (Tövbə surəsi, 6)

Bu ayə müharibə şəraitində belə ədalət və mərhəmətin tərk edilməməli olduğunu göstərir. Qarşı tərəfdə olan bir insan belə təhlükəsizlik tələb etdikdə ona bu təminatın verilməsi əmr olunur.

Həzrəti Məhəmmədin (s.ə.s) əks etdirdiyi bu anlayış yalnız öz dövrünə aid tarixi bir tətbiq deyil. Günümüzdə də fərqli dinlərin, mədəniyyətlərin və millətlərin birlikdə yaşamasının yolu eyni ümumbəşəri ədalət anlayışından keçir. İnsanlar mənsubiyyətlərinə görə deyil, haqlı olub-olmadıqlarına görə qiymətləndirildiyi təqdirdə həqiqi mənada təhlükəsizlik və ictimai dinclik təmin edilə bilər.

 

Peyğəmbərimizin əks etdirdiyi ədalət anlayışı yalnız müsəlmanlar üçün deyil, bütün bəşəriyyət üçün ümumbəşəri bir nümunədir. Onun ədaləti əsas götürən yanaşması mənimsənildikdə insanların inancları, mənsubiyyətləri, irqləri və ya sosial statusları səbəbindən ayrı-seçkiliyə məruz qalmadığı, haqqın və ədalətin üstün tutulduğu bir cəmiyyət nizamı qurulacaqdır. Belə bir anlayışın geniş yayılması ilə birlikdə təhlükəsizlik, dinclik və ictimai sülh güclənəcək, dünya ədalətin hakim olduğu, daha yaşanası və daha təhlükəsiz bir yerə çevriləcəkdir.