Gözlərimizi yumub bir anlıq düşündükdə, oxuduğumuz orta məktəbin təsvirini zehnimizdə canlandırmaq an məsələsidir. Beynimizdə bir anda həmin görüntü canlanır. Halbuki gözlərimiz bağlıdır. Gözlərimiz açıqkən bir mənzərəyə baxdıqdan sonra onları yumub bu mənzərəni xatırlamaq istədikdə, həmin görüntünü yenidən zehnimizdə izləyirik. Yenə də gözlər bağlıdır.

 

Görüntünü görən fiziki bir göz yoxdur, qarşıda məktəbimizin fiziki təsviri də yoxdur, amma zehnimizdə bu görüntü demək olar ki, həqiqi halı ilə mövcuddur. Görüntünü qəbul edən bir göz olmadan bu təsvirin zehnimizdə yaradılması, qəbul edənin göz deyil, maddəyə bağlı olmayan başqa bir varlıq olduğunu açıq şəkildə göstərir. Bu qəbul edən, Uca Rəbbimizin maddədən asılı olmayaraq yaratdığı və insanlara bəxş etdiyi “ruh”dur.

 

Yuxular bu mövzunu anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Yuxuda hadisələr, məkanlar, insanlar, duyğular və üçölçülü görüntülər tam olaraq real həyatda yaşadığımız formadadır. Belə ki, yuxu zamanı bunların həqiqi olmadığına inanmaq mümkün olmur. Yuxuda yaşanan məkan həqiqidir, insanlar həqiqi, hadisələr o qədər canlı yaşanır ki, yuxuda baş verən hadisələrə görə həyəcanlanır, qaçır, hətta təngnəfəs ola bilərsiniz.

 

Yuxu zamanı qorxuya qapılır, təhlükədən qaçmaq üçün bütün gücünüzü sərf edir, o təhlükənin doğurduğu vahiməni tərəddüdsüz şəkildə yaşayarsınız. Saatlarla davam etdiyini düşündüyünüz bu qaçış və gərginlik, əslində yalnız bir neçə dəqiqəlik yuxuda baş verir. Və ən əsası, bu hadisələrin hamısı zehninizdə yaradılır.

 

Yuxu nümunəsində diqqət edilməli ən mühüm nöqtə budur: Yuxu zamanı xarici aləmə aid heç bir ünsürlə təmasda deyilsiniz. O an yaşadığınız dünya, real həyat adlandırdığınız bu dünyadan tamamilə fərqli ola bilər. Olduğunuz mühit fərqli ola bilər, tanıdığınız insanlar, hətta ana-atanız belə başqa biri ola bilər. Eviniz, qorxularınız fərqli ola bilər. Əslində bir şeyləri görməyiniz mümkün deyil, çünki gözləriniz bağlıdır. Açıq olsa belə, olduğunuz mühitlə gördüyünüz mühit üst-üstə düşməz.

 

Yuxu zamanı burnunuza gələn və çox yaxşı tanıdığınız çiçəklərin qoxusu son dərəcə aydın və realdır. Halbuki siz həmin anda bir binanın onuncu mərtəbəsində yatırsınız. Yuxuda yediyiniz almanın dadını tərəddüdsüz hiss edirsiniz, bəzən isə yediyiniz meyvə şaftalıdır, amma dadı alma kimi gəlir. Üstəlik, o aləmdə bu heç bir qəribəlik yaratmır. Halbuki əslində yatağınızda heç bir şey yemirsiniz – bütün bunlar sizə yuxuda yaradılır.

 

Yuxuda canınız yanar. Belə ki, çəmənlikdə qaçarkən ayağınız sürüşüb yıxıldığınızda, dizinizin yaralandığını görür, qanı dayandırmağa çalışır və dizinizdəki ağrını tam olaraq hiss edirsiniz. Halbuki reallıqda yataqda belə bir şey baş verməyib. Fiziki bədəninizdə heç bir zədə yoxdur.

 

Bəs necə olur ki, olmayan bir yaranın ağrısını həqiqətmiş kimi hiss edə bilirsiniz? Necə olur ki, yatarkən ləzzətli bir almanın dadını hiss edə, necə olur ki, təhlükədən qaçmaq üçün qorxu, həyəcan və təşvişi bütün reallığı ilə yaşaya bilirsiniz? Otağınızdakı yatağınızda yatdığınız halda, necə olur ki, saatlarla geniş bir ərazidə qaça bilirsiniz? Niyə bu saatlar əslində yalnız bir neçə dəqiqəlik vaxtdır?

 

Əgər siz həqiqətən o mühitin içində deyilsinizsə, sizə bunu göstərən, bütün bunları sizə real kimi hiss etdirən güc nədir?

 

Əlbəttə, bütün bunları sizə hiss etdirən və ruhu daim nəzarətində saxlayan Uca Rəbbimizdir. Allah, dünyada insan üçün zehninin içində necə möhtəşəm dəqiqlikdə və gözəllikdə bir dünya yaradırsa, eyni şəkildə yuxuda da eyni dəqiqlikdə və mükəmməllikdə bir dünya yarada bilər. Bu, Allah üçün əlbəttə ki, çox asandır.

 

Rəbbimiz həm real dünya, həm də yuxular üçün eyni səbəbləri yaratmışdır: Elektrik siqnalları. Realda gördüyünüzü zənn etdiyiniz görüntülər də, yuxudakı görüntülər də elektrik siqnallarına əsaslanır. Hər iki halın da mənbəyi eynidir və hər ikisi də zehninizdə yaradılır. Buna baxmayaraq, yuxunun real olmadığını, bu dünyanın isə həqiqi olduğunu düşünürsünüz. Halbuki əslində hər ikisi də eynidir – hər ikisi də xəyaldır.

 

Yuxu gördüyünüzdə zaman fərqlidir. Məkan fərqlidir. Bəzən fizika qanunları belə fərqli ola bilər. Amma bunların hamısı yuxu əsnasında sizin üçün tamamilə realdır. Bu halda, hal-hazırda idrak etdiyiniz dünya ilə yuxuda idrak etdiyiniz dünya arasında bir fərq yoxdur. Deməli, bu dünya da zehninizdə yaradılmış bir görüntüdən ibarətdir.

 

Bir şeyi zehninizdə canlandırarkən də, onu real həyatda yaşadığınızda da, yuxuda gördüyünüzdə də, beyninizdə baş verən fiziki fəaliyyətlər eynidir. Bu fəaliyyətlərin səbəbinin kənardan gələn siqnal, məsələn işıq şüası olduğunu düşünürsünüz. Amma zehninizdə bir şeyi canlandırarkən və ya yuxu əsnasında bu görüntüləri yaratmaq üçün nə retinaya gələn işıq, nə də əlinizə batan tikan vardır.

 

Bu halda belə bir həqiqət açıq şəkildə ortaya çıxır: Bu dünyanın yaradılma tərzi yuxudan fərqli deyil. Deməli, necə ki yuxuda gördüyünüz görüntülər sizin üçün xəyal olaraq yaradılırsa, bu dünyada gördüyünüz görüntülər də sizin üçün xəyal olaraq yaradılır. Beyninizdə yaranan bir dünyanın içində, beyninizdə yaranan hadisələri izləyir, onlara gülür, onlardan sevinir, həyəcanlanırsınız. Halbuki bütün bunların hamısını Allah zehninizdə yaratmışdır.

 

Əgər insanın sahib olduğu beş duyğu yox olsa, kənarda bir dünya olsa belə, bizə göstərilən bu rəngli, hərəkətli və mükəmməl görünən dünya da ortadan qalxacaq. Bu səbəbdən gördüyümüz bir şeyin xarici dünyadakı əsli ilə eyni olduğunu iddia etməyimiz mümkün deyil. Bu yalnız Allahın zehnimizdə “yalnız bizim üçün yaratdığı” bir dünyada mövcuddur. Bunu başqalarının görüb-görmədiyini, bunun xarici aləmdə eyni şəkildə olub-olmadığını heç vaxt bilə bilmərik.