Quranda Hz. İbrahimdən bəhs edilərkən onun çox diqqətçəkən bir xüsusiyyəti vurğulanır:

“Bir zaman o, Rəbbinin hüzuruna təmiz bir qəlblə gəlmişdi.” 
(Saffat surəsi, 84)

Burada işlədilən ifadə “qəlbi-səlim”dir. “Səlim” sözü ərəb dilindəki s-l-m (س ل م) kökündən gəlir. Bu kök sağlamlıq, əmin-amanlıq, salamatlıq və qüsursuzluq mənalarını ifadə edir. Qəlbi-səlim, yəni səlim qəlb, tərtəmiz, ləkələrdən arınmış, Allah sevgisində saf və bütövlükdə Ona təslim olmuş qəlbdir. Səlim qəlb pozulmamış və sağlam daxili aləmi, həqiqətə açıq, doğrunu qəbul etməyə və Allahın göstərdiyi yola təslim olmağa hazır olan qəlbi ifadə edir.


Bəs qəlbin səlim olması nə deməkdir? Bu ifadəni daha yaxşı anlamaq üçün Quranda Hz. İbrahimin necə tanıdıldığına baxmaq səlim qəlbin xüsusiyyətlərini daha aydın görməyimizə kömək edir. Çünki Allah Hz. İbrahimin səlim qəlbə sahib olduğunu bildirərkən onun bir çox gözəl xüsusiyyətindən də söz açır. Hz. İbrahimin necə bir insan olduğunu göstərən bu ifadələr səlim qəlbin necə təzahür etdiyini anlamağımıza imkan yaradır. Allah Hz. İbrahimi Quranda belə tanıdır:

“Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemətlər bəxş etdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.” 
(Nəhl surəsi, 120–122)

Haqqa yönələn, Allaha itaət edən və Ona şərik qoşmayan bir bəndə kimi tanıdılan Hz. İbrahim insanların adətlərini və atalarından miras aldıqları inancları həqiqətin ölçüsü hesab etməmiş, yalnız Allaha yönəlmişdir. Eyni zamanda Allahın nemətlərinə şükür edən, doğru yola yönələn və salehlərdən olan bir bəndə kimi təriflənmişdir.


Quranda Hz. İbrahim haqqında “özü və sözü doğru olan” mənasını verən siddiq ifadəsi də işlədilir:

“Kitabda İbrahimi də yad et. Həqiqətən, o, siddiq bir peyğəmbər idi.” 
(Məryəm surəsi, 41)

“Siddiq” ifadəsi özü və sözü doğru olan, həyatını Allahın göstərdiyi doğrulara uyğun quran və bildiyi həqiqətə sadiq qalan insanı təsvir edir. Hz. İbrahimin də sözü ilə özü, inancı ilə davranışları bir-biri ilə tam uyğunluq təşkil edirdi.

 

Hz. İbrahimin Allaha qarşı tam təslimiyyət içində olduğu da ayələrdən açıq şəkildə görünür. Belə ki, bir ayəyə görə, Allah “Təslim ol!” dedikdə, Hz. İbrahimin cavabı belə olmuşdur:

“Aləmlərin Rəbbinə təslim oldum.” 
(Bəqərə surəsi, 131)

Ayələrdən göründüyü kimi, səlim qəlbə sahib olmaqla haqqa yönələn, Allaha itaət edən və Ona təslim olan, şirkdən uzaq duran, şükür edən, özü və sözü doğru olan bir bəndə olmaq arasında güclü bir əlaqə var. Qəlbin təmizliyi insanın həqiqəti olduğu kimi qəbul etməsi və ona qarşı dürüst davranması ilə sıx bağlıdır. Səlim qəlb yalnız daxilində gözəl hisslər daşıyan qəlb deyil. O, bütövlükdə Allaha yönələn, həqiqətə açıq olan və Allaha bağlılığını həyatının bütün sahələrində əks etdirən qəlbdir.

 

İnsan çox vaxt qəlbinin təmizliyini özü haqqında düşündükləri əsasında qiymətləndirir. “Mənim qəlbim təmizdir”, “Pis insan deyiləm”, “Heç kimə zərər vermirəm”, “Niyyətim yaxşıdır” deyə düşünür. Quranda ortaya qoyulan ölçü isə bundan daha dərindir. Səlim qəlb, ilk növbədə, Allaha tam təslim olmuş qəlbdir. Doğrunun ölçüsünü öz istəklərindən, öz prinsiplərindən və ya cəmiyyətin ümumi anlayışından deyil, Allahın bildirdiyi həqiqətdən götürür. Allahın göstərdiklərindən ayrı, özünəməxsus doğruları yoxdur. Bütün varlığı ilə Allaha təslim olmuşdur və Ona bağlılığının önünə başqa heç nəyi keçirmir.


Belə ki, şirki yalnızca bütlərə tapınmaq kimi düşünmək olmaz. Allahı (haşa) kənara qoyub başqa bir varlığı və ya dəyəri Onun yerinə keçirmək insanın qəlbini Allahdan başqasına bağlaması deməkdir. Qəlbin səlim olması isə insanın qəlbində Allahdan üstün tutduğu heç bir varlığa və ya dəyərə yer verməməsi, bütün bağlılığını Allaha yönəltməsi deməkdir.

 

Lakin burada mühüm bir fərq vardır: Tərtəmiz qəlb heç vaxt səhv etməyən qəlb demək deyil. İnsan yanılır, qəzəblənir, qorxur, zəifləyir və yanlış qərarlar verir. Qəlbin səlim olması insanın heç vaxt səhv etməməsi demək deyil. Əsas məsələ səhv etdikdən sonra nə etməsidir. Səlim qəlb sahibi yanlış etdikdə səhvini müdafiə etmək əvəzinə onu qəbul edir. Öz səhvi üzə çıxdıqda həqiqəti dəyişdirməyə çalışmır. Nəfsinin xoşuna gəlməsə belə, doğru olanı qəbul edir. Çünki belə bir qəlb üçün əsas məsələ öz haqlılığını qorumaq deyil, həqiqətə sadiq qalmaqdır.


Bu səbəbdən qəlbin təmizliyi insanın özü haqqında nə düşündüyündən daha çox, həqiqət qarşısında necə davrandığında üzə çıxır. İnsanın qəlbi çox vaxt öz istəkləri ilə həqiqət arasında seçim etməli olduğu anlarda özünü göstərir.

 

Səlim qəlb insanın rahat və hüzurlu olduğu vaxtlardan daha çox, çətinlik çəkdiyi və sınaqlarla qarşılaşdığı anlarda özünü göstərir. Hər şey yolunda gedəndə insan Allaha bağlı olduğunu deyə bilər. Lakin mənfəətləri zərər gördükdə, istəyi həyata keçmədikdə, ağır bir çətinliklə üzləşdikdə necə davrandığı onun qəlbinin əsl vəziyyətini göstərir. Səlim qəlb bütün bu hallarda Allahın göstərdiyi doğrulardan ayrılmayan və Ona təslimiyyətini qoruyan qəlbdir.

 

Hz. İbrahimin həyatı səlim qəlbin çətinliklər qarşısındakı davranışını görmək baxımından da mühüm nümunələrlə doludur. O, qövmünün inanclarına qarşı çıxdıqda tək qalmış, onların etirazları ilə üzləşmiş və nəhayət, ağır və əzablı bir həbs şəraitində saxlanılmaq istənmişdir. Lakin bütün bu təhdidlərə baxmayaraq, həqiqətdən vaz keçməmişdir. Quranda qövmünün onun haqqında verdiyi qərar belə təsvir edilir:

“Onlar: “Onun üçün bir bina tikin və onu (oradakı) odun içinə atın!” - dedilər”. 
(Saffat surəsi, 97)

Quranda Hz. İbrahimin oda atılması kimi ifadə edilən bu hadisə fiziki mənada oda atılmaq deyil, çox ağır həbs şəraitində saxlanılmaq deməkdir. Allah onu bu ağır şəraitdən xilas etmiş və belə buyurmuşdur:

Biz: “Ey alov, İbrahimə qarşı sərin və zərərsiz ol!” - dedik. 
(Ənbiya surəsi, 69)

Hz. İbrahimin bu davranışı səlim qəlbin çətin zamanlarda necə davrandığını göstərir. O, insanların təhdidləri qarşısında həqiqətdən geri çəkilməmiş, Rəbbinə olan güclü bağlılığını qoruyub saxlamışdır. Qövmündən ayrılarkən söylədiyi sözlər də onun Allaha olan etibarını və təslimiyyətini açıq şəkildə göstərir:

İbrahim dedi: “Şübhəsiz ki, mən Rəbbimə gedirəm. O mənə doğru yolu göstərəcəkdir”.
(Saffat surəsi, 99)

Səlim qəlb insanın hər şeyi nəzarətdə saxlaya bildiyini düşündüyü zamanlarda deyil, öz nəzarətindən kənarda baş verən hadisələr qarşısında da Allaha güvənə bilən qəlbdir. Çünki belə bir insanın etibarı öz gücündən, imkanlarından və ya şəraitin əlverişli olmasından deyil, Allaha olan imanından qaynaqlanır. Səlim qəlb çətinliklərdən heç təsirlənməyən və ya heç nədən qorxmayan qəlb deyil. Qorxduqda, sıxıntı və ya çətinliklə qarşılaşdıqda, yaxud sevdiyi bir şeydən vaz keçməli olduqda da Allaha olan etibarını və təslimiyyətini itirməyən qəlbdir. Mənfəətləri zərər gördükdə, istədiyi əlindən alındıqda, haqsızlığa məruz qaldığını düşündükdə və ya nəfsinin istədiyi ilə Allahın razı olduğu şey arasında seçim etməli olduqda göstərdiyi davranış insanın qəlbinin nə dərəcədə səlim olduğunu göstərir.

 


Quranda Hz. İbrahim haqqında bildirilən xüsusiyyətlər möminin özündə formalaşdırmağa çalışmalı olduğu gözəl əxlaqı göstərir. Allaha yönəlmək, Ona güvənmək, Onun əmrlərinə təslim olmaq, şirkə aid hər cür davranışdan uzaq durmaq, sahib olduğu nemətlərə şükür etmək, bildiyi həqiqətə sadiq qalmaq və nəfsinin istəkləri ilə Allahın razı olduğu şey arasında qaldıqda Allahın razılığını üstün tutmaq insanı səlim qəlbə yaxınlaşdıran xüsusiyyətlərdir.

 

İnsan Qurana baxaraq öz qəlbindəki çatışmazlıqları görə və özünü müsbət yöndə dəyişdirib gözəlləşdirə bilər. Nəfsinin yönləndirmələrinə qapıldığını gördükdə özünü sorğulaya, səhv etdikdə xətasını qəbul edə və Allaha daha səmimi şəkildə yönələ bilər. Bunun üçün ilk növbədə öz qəlbinə qarşı dürüst olmalıdır. Hz. İbrahimin haqqa yönəlməsini, Allaha təslimiyyətini, çətinliklər qarşısındakı dözümünü və Allahın əmrlərinə həssas yanaşmasını özünə nümunə götürən insan öz çatışmazlıqlarını görərək onları Allahın göstərdiyi doğrulara uyğun şəkildə düzəltməyə çalışacaqdır. Beləliklə, qəlbini səlim hala gətirə biləcəkdir.