İnsanların bir qismi Allaha iman etmir. Allaha iman etdiyini deyən insanların bir qismi isə fərqində olmadan bəzi düşüncə və davranışları ilə şirkə yaxınlaşa bilər. Quranda bu həqiqət belə xəbər verilmişdir:

Onların çoxu ancaq şərik qoşaraq Allaha iman edərlər. (Yusif surəsi, 106)

Şirk çox insanın düşündüyü kimi yalnız bütlərə tapınmaqdan ibarət deyil. Şirkin əsl təhlükəli tərəfi insanın Allahın mütləq qüdrətini və hakimiyyətini, Onun yaratmasındakı bənzərsizliyini haqqıyla dərk edə bilməməsidir.

 

İnsan bəzən bir hadisənin Allahın iradəsindən kənar baş verdiyini düşünə bilər. Hətta bir sözün, davranışın və ya nəticənin Allahın elmi və qüdrəti xaricində meydana gəldiyini zənn edə bilər. Halbuki bu, Allahın sonsuz qüdrətini haqqıyla təqdir edə bilməməkdən qaynaqlanan böyük bir qəflətdir.

 

Uca Allahın bəyan etdiyi həqiqət çox açıqdır. Kainatda baş verən hər şey Allahın elmi, iradəsi və yaratması ilə baş verir. Allahın elmindən kənarda bircə yarpaq belə düşməz, bircə söz belə deyilməz, bircə hərəkət belə baş verməz. Hər şey Onun sonsuz elmi, iradəsi və qüdrəti ilə var olur. Uca Allah bu həqiqəti Quranda belə bəyan edir:

Qeybin açarları Allahın yanındadır. Ondan başqası onları bilə bilməz. O, quruda və dənizdə nə varsa, hamısını bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin qaranlıqları içindəki toxum və yaş-quru nə varsa, hamısı açıq-aydın bir kitabdadır (lövhi-məhfuzdadır). (Ənam surəsi, 59).

Möminin dərindən düşünməli olduğu ən mühüm həqiqətlərdən biri budur ki, Allaha iman gətirmək yalnız Onun varlığını qəbul etməkdən ibarət deyil. Həqiqi iman Allahın yeganə Xaliq, mütləq Hakim və bütün varlıqların əsl sahibi olduğunu qəlbən və əminliklə təsdiq etməkdir.

 

Bu həqiqəti anlayan mömin səbəbləri inkar etmir, amma onlara müstəqil bir güc də vermir. Dərmanı, insanı, imkanları və şəraiti yalnız Allahın yaratdığı vasitələr kimi görür. Hər nemətin, hər nəticənin və hər hadisənin Allahın təqdiri ilə baş verdiyini unutmadan yaşayır.

 

Şirk Allahın mütləq qüdrətini layiqincə dərk etməməkdir

Şirk hər zaman açıq şəkildə özünü göstərmir. Bəzən insanın gündəlik danışığına, hadisələri izah etmə tərzinə və düşüncələrinə fərqinə varmadan daxil olur. Buna görə də mömin yalnız əməllərinə deyil, düşüncə və niyyətlərinə, hadisələrə yanaşmasına da Quranın ölçüləri ilə nəzər salır. Hər bir vəziyyətdə mütləq qüdrətin, həqiqi hakimiyyətin və yaratma gücünün yalnız Allaha məxsus olduğunu unutmur.

 

Əşyanın da bir qədəri var

İnsan bəzən əşyaların necə yerləşdirilməsi və qorunması haqqında danışarkən belə deyə bilər: “Bunu belə qoymasaydıq, sınmazdı” və ya “Daha diqqətli olsaydıq, belə olmazdı”.

 

Əlbəttə, insan ehtiyatlı olmalı və əlindən gələn tədbirləri görməlidir. Əşyalarını qorumaq, diqqətli davranmaq və lazımi tədbirləri görmək insanın məsuliyyətidir.

 

Amma mömin bilir ki, görülən tədbirlər də, onların nəticələri də Allahın təqdiri ilə baş verir. Çünki hər varlığın olduğu kimi, hər əşyanın da bir qədəri vardır. Əgər bir əşyanın sınması təqdir olunubsa, Allahın iradəsi ilə bu, baş verəcək.

Səbəblər isə yalnız Allahın yaratdığı vasitələrdir. Mömin heç bir varlığın Allahdan müstəqil gücə sahib olmadığını bilir. Buna görə də hər hadisədə Rəbbimizin hakimiyyətini görməyə çalışır.

 

“Kaş ki” deyərək qədəri sorğulamamaq

İnsan bəzən belə deyə bilər: “Filankəs bunu deməsəydi, bunlar baş verməzdi” və ya “Kaş ki ora getməyəydim”. Belə düşünəndə hadisələrin başqa cür nəticələnə biləcəyini hesab edir. Halbuki baş verən hər hadisə Allahın əzəldən təqdir etdiyi qədərin bir hissəsidir. Heç bir hadisə Allahın elmi, iradəsi və yaratması xaricində baş verməz. Buna görə də mömin “kaş ki” deyərək keçmişdə ilişib qalmır. Allahın hər hökmündə sonsuz hikmət olduğuna inanır. Baş verənlərdən dərs çıxarır, səhvlərindən ibrət alır və gələcəyə Allaha təvəkkül edərək yönəlir.

 

Uca Allah belə buyurur:

De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

 


Şəfanı yalnız səbəblərdə axtarmaq

İnsan səhhəti haqqında düşünərkən bəzən fərqinə varmadan şəfanı yalnız səbəblərlə əlaqələndirir. “Dərman məni sağaltdı”, “Həkim məni xilas etdi” və ya “Bu müalicə sayəsində sağaldım” kimi ifadələr işlədir. Bu zaman şəfanı verənin Allah olduğunu unudur.

 

Həqiqi şəfanı verən yalnız Allahdır. Eyni dərman bir xəstəyə şəfa verə bilər, amma Allah istəməsə, heç bir fayda verməz. Həkim doğru diaqnoz qoya və düzgün müalicə edə bilər. Lakin bütün bunlar da Allahın izni ilə baş verir. Çünki xəstəliyi də, şəfanı da, həyatı da, ölümü də yaradan Allahdır. O, Əş-Şafi ismi ilə dilədiyinə şəfa verir.

Bu səbəbdən mömin müalicə üçün mümkün olan bütün səbəblərdən istifadə edir. Amma qəlbini səbəblərə deyil, onları yaradan Allaha bağlayır.

 

Şəfanı yalnız Allahdan istəyir. Ona dua edir və özü üçün ən xeyirli olanı yaratmasını diləyir. Çünki bilir ki, səbəblər yalnız Allahın istəyi ilə nəticə verir.

Xəstələndiyim zaman O mənə şəfa verir. (Şuəra surəsi, 80)

 

Qəzəb və gərginliyin kökündə Allaha təslimiyyətin əskikliyi dayanır

Tıxaclar, insanların səhvləri, gözlənilməz hadisələr, uğursuzluqlar və ya xoşumuza gəlməyən sözlər… Həyatda bizi narahat edən, zahirən mənfi görünən bir çox vəziyyətlə qarşılaşırıq. Mömin bilir ki, bunların heç biri Allahın elmi və iradəsi olmadan baş vermir. Buna görə də Rəbbinə təslim olur. Hər hadisədə Allahın bir hikməti olduğuna inanır və sükunətini, təmkinini qoruyur. Çünki bilir ki, hər şeyi yaradan, təqdir edən və idarə edən yalnız Allahdır.

 

Bunun əksinə olaraq, hadisələri yalnız zahiri səbəblərlə izah edən və səbəblərə müstəqil güc verən insan çətin vəziyyətlərlə qarşılaşdıqda asanlıqla qəzəblənir, narahat olur və günahı ətrafındakı insanların üzərinə atır.

Halbuki mömin bilir ki, səbəblər yalnız Allahın yaratdığı vasitələrdir. Əsl qüvvət və mütləq iradə sahibi isə Allahdır.

Bu həqiqəti dərk edən insan qəzəbə təslim olmaq əvəzinə səbirli olmağa, Allaha təvəkkül etməyə və gözəl əxlaq göstərməyə çalışır. Beləliklə, şərait nə qədər dəyişsə də, qəlbindəki sükunəti və tarazlığı qoruyur.

 

İnsanlardan mədət ummaq

İnsan çətinliklə qarşılaşanda çarəni ilk olaraq başqa insanlarda axtarır. Halbuki heç bir insanın Allahdan asılı olmayan müstəqil gücü və qüdrəti yoxdur. İnsan, əlbəttə, səbəblərə əl atır. Məsləhətləşir, kömək istəyir, dəstək alır, lazım olan addımları atır və üzərinə düşən məsuliyyəti yerinə yetirir. Amma qəlbini səbəblərə deyil, səbəbləri yaradan Allaha bağlayır. Bəzən də insan qarşısındakı şəxsin sözlərindən və davranışlarından inciyir, kədərlənir və hətta onun sevgisinə şübhə etməyə başlayır. Halbuki qəlbləri dəyişdirən, sevgini yaradan, insanları bir-birinə yaxınlaşdıran və ya uzaqlaşdıran yalnız Allahdır.

 

Heç bir insanın Allahın iradəsi olmadan başqasına fayda və ya zərər verəcək müstəqil gücü yoxdur. Buna görə də mömin çətinliklə qarşılaşanda ilk növbədə Rəbbinə yönəlir, Ona dua edir və həqiqi köməyin yalnız Allahdan gəldiyini bilir. Səbəblərə müraciət edərkən də nəticəni səbəblərdən deyil, Allahdan gözləyir. Çünki bilir ki, bütün imkanları yaradan və bəndələrinə kömək edən yalnız Allahdır.

 

Rəbbimiz bu həqiqətlə bağlı belə buyurur:

Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kim onu aradan qaldıra bilməz. Əgər Allah sənin üçün bir xeyir diləsə, heç kim Onun lütfünə mane ola bilməz. Onu, bəndələrindən dilədiyi kimsəyə bəxş edər. O bağışlayandır, mərhəmətlidir. (Yunis surəsi, 107)


Kədər, narahatlıq və gələcək qorxusu

İnsan bəzən kədərlənir, narahat olur, gələcəklə bağlı təşviş keçirir və nəyisə itirməkdən qorxur. Bu hisslərin arxasında çox vaxt yaşanan hər şeyin Allahın elmi, iradəsi və yaratması ilə baş verdiyini unutmaq dayanır. Halbuki heç bir müsibət, nemət və ya imtahan Allahın təqdiri xaricində baş vermir.

İnsan hadisələrə yalnız zahiri səbəblərdən baxanda təşvişi və qorxusu daha da artır. Amma bütün işlərin Allahın əlində olduğunu dərk edəndə Rəbbinin sonsuz rəhmətinə və hikmətinə sığınır, təvəkkül edir.

Çünki bilir ki, Allahın hər hökmündə saysız-hesabsız hikmət və xeyir var.

 

Xətaları öz üzərinə götürmək

İnsan etdiyi xətalara görə kədərlənə və peşman ola bilər. Özünü sorğu-suala çəkməsi də mümkündür. Əgər bu hal onu səmimi tövbəyə yönəldirsə, bu, gözəl əxlaqdır.

Amma insanın daim özünü günahlandırması, ümidsizliyə qapılması və özünü dəyərsiz görməsi doğru deyil. Çünki insanı da, onun əməllərini də yaradan Allahdır.

Rəbbimiz belə buyurur:

Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır. (Saffat surəsi, 96)

İnsan bəzən etdiyi xətalar vasitəsilə öyrənir, yetkinləşir və Rəbbinə daha çox yönəlir. Yeriməyi öyrənən uşağın yıxıla-yıxıla ayaq üstə durmağı öyrənməsi kimi, mömin də etdiyi xətalardan ibrət götürür, tövbə edir və eyni yanlışı təkrarlamamağa çalışır. Səmimi edilən hər tövbə Allahın izni ilə insanın mənəvi cəhətdən yetkinləşməsinə səbəb olur.
 

 

Sevgini Allahdan ayrı görməmək

Sevgi Allahın insanın qəlbinə yerləşdirdiyi böyük bir nemətdir. Lakin bu gün filmlərdə, seriallarda və müasir kino dünyasında sevgi çox vaxt Allahdan ayrı bir duyğu kimi təqdim olunur.

 

İnsan sevdiyi şəxsi həyatının mərkəzinə qoyduqda və ona yalnız Allaha aid olan bir dəyər verdikdə, fərqinə varmadan sevgini bütləşdirmək təhlükəsi ilə üzləşir.

 

Halbuki həqiqi sevgi Allah xatirinə sevməkdir. Sevdiyimiz insanda gördüyümüz gözəllik, mərhəmət, sədaqət, vəfa və digər gözəl əxlaq xüsusiyyətləri Allahın bir lütfüdür. Mömin sevdiyi insanı Allahın ona verdiyi bir əmanət kimi görür. Sevgisini Allahın rızasına uyğun yaşayır və sevdiyi insanla yalnız dünyada deyil, axirətdə də birlikdə olmağı ümid edir.

Həqiqi sevgi insanı Allahdan uzaqlaşdırmır, əksinə, Allaha daha da yaxınlaşdırır. Allah rızası üçün yaşanan sevgi insanı mərhəmətə, fədakarlığa, sədaqətə və qarşılıq gözləmədən yaxşılıq etməyə yönəldir. Qəlbə həqiqi sakitlik gətirən sevgi də məhz budur.

 

Təkəbbür və özünü aşağı görmək

İnsanın sahib olduğu gözəlliklərlə, imkanlarla, məqamla, mal-dövlətlə, uğur və qabiliyyətlərlə öyünməsi ilə sahib ola bilmədiklərinə görə özünü dəyərsiz görməsi əslində eyni yanlış düşüncədən qaynaqlanır. Çünki hər iki halda insan sahib olduqlarını və ya sahib ola bilmədiklərini öz dəyərinin ölçüsünə çevirir.

 

Halbuki insan Allah tərəfindən yaradılmış və hər an Onun rəhmətinə və nemətlərinə möhtac olan aciz bir bəndədir. İnsanın sahib olduğu gözəlliklər, qabiliyyətlər, maddi imkanlar, məqam və uğurlar öz gücü ilə qazandığı xüsusiyyətlər deyil, Allahın ona lütf etdiyi nemətlərdir.

 

Bu həqiqəti dərk edən mömin özünə verilən nemətlərlə öyünmür. Sahib ola bilmədiklərinə görə də özünü əskik və ya dəyərsiz görmür. Çünki bilir ki, bütün gözəlliklərin və üstünlüklərin həqiqi sahibi Allahdır.

 

İnsanın görünüşü, var-dövləti, məqamı və ya biliyi onun həqiqi dəyərini müəyyən etmir. Çünki bunların hamısı keçicidir və Allahın diləməsi ilə insana verilir. Əsl dəyər və üstünlük Allahın rızasını qazanmaq üçün göstərilən səmimi səydə və təqvada olur.

 

Mömin də sahib olduğu gözəl xüsusiyyətləri öz uğurunun nəticəsi kimi görmür, onları Allahın bir lütfü kimi qəbul edir. Gözəl yaradılışını, qabiliyyətlərini, biliyini, məqamını, uğurunu və sahib olduğu bütün nemətləri Rəbbindən gələn bir ikram kimi görür.

 

Allah Quranda bu həqiqəti belə xatırladır:

Bağına girdiyin zaman: “MaşaAllah! Qüvvət yalnız Allaha məxsusdur!” - deməli deyildinmi?! Əgər mal-mülk və övlad cəhətdən məni özündən aşağı görürsənsə, (Kəhf surəsi, 39)

 

Gözəl əxlaqı özündən bilmək xətası

Səbir, təvazökarlıq, səxavət, mərhəmət, fədakarlıq və səmimiyyət kimi bütün gözəl əxlaq xüsusiyyətləri Allahın bəndələrinə bəxş etdiyi dəyərli nemətlərdir.

İnsan bu xüsusiyyətləri yalnız öz səyi ilə qazandığını düşündükdə, Allahın ona bəxş etdiyi bu nemətlərin fərqinə varmaya bilər. Qəlbə səbir verən, insanda mərhəmət hissi yaradan, imanı və gözəl əxlaqı sevdirən Allahdır.

Allah Quranda belə buyurur:

Sən səbir et! Sənin səbrin yalnız Allahın köməyi ilədir. Onlar üçün kədərlənmə və qurduqları hiylələrə görə narahat olma! (Nəhl surəsi, 127)

Bu səbəbdən mömin “Mən çox səbirliyəm”, “Mən fədakar bir insanam” deyərək bu xüsusiyyətləri yalnız özünə aid olan dəyərlər kimi görmür. Sahib olduğu hər gözəl əxlaqın Allahın bir lütfü olduğunu bilir və buna görə Rəbbinə şükür edir.

 

Gözəl əxlaq insanı özü ilə öyünməyə deyil, sahib olduğu nemətlərin Allahdan gəldiyini görməyə və daha çox şükür etməyə yönəldir.

 

Nemətləri özündən bilmək

İnsan bəzən fərqinə varmadan sahib olduğu nemətləri öz gücü ilə qazandığını düşünə bilər. Halbuki insanın aldığı hər nəfəs, içdiyi hər qurtum su, yediyi hər tikə və sahib olduğu hər imkan Allahın lütfüdür. İnsana ruzi verən, bədəninə güc verən, nemətləri yaradan və ona çatdıran yalnız Allahdır. İnsan yalnız Allahın özü üçün təqdir etdiyi nemətlərdən faydalana bilər.

O məni yedirir və içirir. (Şuəra surəsi, 79)

Mömin sahib olduğu heç bir nemətin həqiqi sahibinin özü olmadığını bilir. Malını, sağlamlığını, vaxtını, qabiliyyətlərini və bütün imkanlarını Allahın ona verdiyi əmanətlər kimi görür. Bu şüur onu şükür etməyə yönəldir. Çünki mömin bilir ki, bütün tərif və şükürlər yalnız nemətlərin həqiqi sahibi olan Allaha məxsusdur.

 

Uğuru yalnız özündən bilmək

İnsan bəzən əldə etdiyi uğurları öz zəkası, zəhməti və qabiliyyəti ilə əlaqələndirir. Halbuki çalışmaq insanın üzərinə düşən məsuliyyətdir. Nəticəni və uğuru yaradan isə yalnız Allahdır.

Universitetə qəbul olmaq, yüksək qiymət almaq, ticarətdə uğur qazanmaq və ya hər hansı bir məqsədə çatmaq yalnız Allahın diləməsi ilə baş verir. Bəzən çox çalışan insan istədiyi nəticəni əldə edə bilmir. Bəzən də Allah gözləmədiyi qapıları açır. Beləliklə, bəndə nəticəni yaradanın yalnız Allah olduğunu daha yaxşı dərk edir.

Bu səbəbdən mömin çalışır, bütün halal və mümkün səbəblərdən istifadə edir. Amma qəlbini uğura deyil, Allaha bağlayır. Uğur qazandıqda şükür edir, çətinlik qarşısında səbir edir və hər vəziyyətdə Rəbbinə təvəkkül edir.

 

 

Nəticə

Şirk insanın həyatında diqqət etməli olduğu çox ciddi bir məsələdir. Çünki insan bəzən fərqinə varmadan yalnız Allaha aid olan gücü və hakimiyyəti səbəblərə, insanlara və ya hadisələrə verə bilir. Halbuki Allaha səmimi şəkildə təslim olan mömin bütün gücün, qüdrətin və hökmün yalnız Allaha məxsus olduğunu bilir.

Bu səbəbdən insan hər an qəlbinə və düşüncələrinə diqqət etməli, onları Quranın ölçüləri ilə yoxlamalıdır. Gün ərzində qarşılaşdığı bir çox hadisə ilə Allah onun təvəkkülünü və Özünə olan bağlılığını sınayır.

 

Bir xəstəlik, yorğunluq, gözlənilməz bir sıxıntı, incidici bir söz, qarşıya çıxan bir maneə və ya istədiyi nəticəyə çata bilməmək… Belə anlarda mömin diqqətli olur. Çünki insan baş verən hadisələrə yalnız görünən səbəblərdən baxanda, Allahın hər şeyi əhatə edən iradəsini və hadisələrdəki hikmətini gözdən qaçıra bilər. “Ni­yə belə oldu?” deyərək qədərə etiraz etmək və hadisələrin arxasındakı ilahi hikməti görə bilməmək insanın mənəvi cəhətdən zəifləməsinə səbəb ola bilər.

 

Halbuki Allahın yaratdığı hər hadisədə bir hikmət və xeyir var. Bəzən bir sıxıntı insanın Allaha daha çox yönəlməsinə səbəb olur. Bəzən bir itki insana sahib olduğu nemətlərin dəyərini göstərir. Bəzən də bir çətinlik insanın səbrini və Allaha təslimiyyətini gücləndirir. Mömin bilir ki, həyatında baş verən ən kiçik hadisədən ən böyüyünə qədər hər şey Allahın sonsuz elmi və rəhməti ilə yaradılır.

 

Bu həqiqəti unutmaq insanı yanlış düşüncəyə aparır. İnsan nemətləri özündən bilir, uğurlarını yalnız öz gücü ilə əlaqələndirir və hadisələrin yalnız səbəblərdən asılı olduğunu düşünür. Halbuki həqiqi rahatlıq səbəblərə deyil, onları yaradan Allaha güvənməklə gəlir. İnsan hər vəziyyətdə Allahın təqdirinə təslim olduqda qəlbi də rahatlıq tapır.

Bu səbəbdən mömin həyatının hər anında Allahla olan bağını qoruyur. Qarşılaşdığı hər hadisədə Rəbbinə yönəlir, Onun hikmətinə güvənir və qəlbini yalnız Allaha bağlayır.

Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Vəkil olaraq Allah yetər! (Nisa surəsi, 132)