Allah dünya həyatını insanların əməllərini sınamaq üçün yaratmışdır. Əslində, bu həyat böyük bir imtahandır.
Bu imtahan isə insanların həqiqi məqsədlərini ortaya çıxarır. Kimisi Allahı sevir, Ona şükür edir, fədakarlıq və mərhəmətlə yaşayır. Kimisi də dünya həyatını və onun nemətlərindən faydalanmağı həyatının əsas məqsədi seçir. Məhz bu fərq insanları bir-birindən ayırır. Yalnız öz mənfəətini, əyləncəsini və rahatlığını düşünənlərlə Allaha yaxınlaşmaq üçün yarışanlar beləliklə bir-birindən ayrılır. İnsanların bir-birlərinə şahid olması da çox mühüm bir həqiqəti ortaya çıxarır. Onların hansı məqsədlə yaşadıqları və hansı əməlləri etdikləri görünür.
Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq. (Kəhf surəsi, 7)
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)
Dünya nemətləri ilə öyünmək və yarışmaq insanları həqiqi zövqlərdən və səmimi xoşbəxtlikdən uzaqlaşdırır.
Dünya həyatının həqiqi məqsədini bilməyən və ya bildiyi halda bunu tez-tez unudan bəzi insanlar ömürlərinin böyük hissəsini özlərini ətraflarındakı insanlarla müqayisə etməklə keçirirlər. Onlar başqalarına həsəd aparır, dünya nemətlərinə sahib olmaq üçün yarışırlar. Halbuki bu yarış insanı həqiqi xoşbəxtlikdən uzaqlaşdırır.
Allah bir ayəsində bu həqiqəti belə bildirmişdir:
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
İndiki dövrdə Instagram, X və TikTok kimi sosial media vasitələri də həsədi, dünya həvəsini və rəqabəti daha da alovlandırır.

İnsanlar başqalarının həyatını gördükcə öz həyatlarını onlarla müqayisə edir və daha çoxuna sahib olmaq istəyirlər. Halbuki mömin insan heç vaxt başqalarına və onların həyatına həsəd aparmaz. Onlarla yarışmaz. Möminlər yalnız xeyirli işlərdə yarışırlar.
Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə, yaxşı işlər görməkdə yarışın! (Bəqərə surəsi, 148)
... Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır....(Maidə surəsi, 48)
Verməli olduqlarını (sədəqəni, zəkatı) Rəbbinə dönəcəkləri üçün qəlbi titrəyərək verənlər, məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar. (Muminun surəsi, 60-61)
Bədiüzzaman Səid Nursi Həzrətləri də möminləri dünya həyatının ardınca qaçan insanların etdiklərinə aldanmamaq və onları təqlid etməmək barədə xəbərdar edir.
Hətta onları təqlid etsələr belə, onlar kimi ola bilməyəcəklərini bildirir:
Allah Quranda möminlərə dünyanın yalnız bir oyun və əyləncədən ibarət olduğunu bildirir.
Həmçinin dünya həyatının və onun nemətlərinin insanlara xüsusilə bəzəkli göstərildiyini xəbər verir.
Halbuki əsl gözəllik Allahın Qatındadır və ölümdən sonrakı həqiqi yurddadır.
Bu dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əsl həyat axirət yurdundadır. Kaş bunu biləydilər.
(Ənkəbut surəsi, 64)
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaraya və əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır. (Ali İmran surəsi, 14)
Möminlər daim Allahı xatırladan və Allahın razılığını qazanmağa vəsilə olan gözəl mühitlərdə olurlar
Möminlər həyatlarında daim ən keyfiyyətli olanı, ən təmiz olanı, ən çox rahatlıq verəni və Cənnətə ən yaxın olanı seçirlər. Onlar bəsitlikdən, zövqsüzlükdən və özlərini dəyərsizləşdirəcək hər cür mühitdən uzaq dururlar.
Hz. Süleyman (ə.s.) möminlərə bu mövzuda verilə biləcək ən gözəl nümunələrdəndir. Hz. Süleyman (ə.s.) estetikanı, sənəti və əzəməti ən gözəl şəkildə istifadə etmiş, ən keyfiyyətli mühitlər yaratmışdır. Bütün bunlarda Allahın sənətini və Ucalığını görmüş, Allaha şükür etmiş və gözəl bir nümunə olmuşdur.
Allah dünyadakı gözəllikləri möminlər üçün yaratdığını bildirir, lakin əsas olanın axirət olduğunu xatırladır:
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik. (Əraf surəsi, 32)
Möminlər hər an hər şeyi Allahın bir hikmətlə yaratdığını bilən, hər an Allahı və ölümdən sonrakı həqiqi həyatı düşünən dərin insanlardır. Onlar sadə zövqlərin, başqa insanların təqdir və təsdiqinin ardınca qaçmazlar. Tək məqsədləri Allahın razılığını, sevgisini, rəhmətini və Cənnətini qazanmaqdır. Buna görə də onların həyatları digər insanların həyatlarından tamamilə fərqli olur və heç bir yönü ilə onlara bənzəmir.
Dünyanın zahiri görünüşünə baxaraq yaşayan insanlar möminləri əsla anlaya bilməzlər. Allah bir ayəsində belə buyurur:
İnkar edənlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın! (Ali İmran surəsi, 196)
Mömin başqalarına bənzəmək istəməz, əksinə başqaları ona bənzəmək istəyər.
Möminin göstərdiyi alicənablığı, iradəni, səbri və gücü hər insan göstərə bilməz. Buna görə də digər insanlar möminin hər davranışına qibtə edirlər.
Hətta səmimi möminlərlə qarşılaşdıqda ən zəif imanlı olanlar belə özlərinin əslində dindar olduqlarını, ailələrində hacıların və din xadimlərinin olduğunu danışmağa başlayırlar.
Çünki mömin yaşadığı gözəl əxlaq və nümunəvi həyat tərziylə insanlarda heyranlıq oyadır.
Möminlər daim vicdanlarına tabe olur, Allahın razılığının ən çox olduğunu düşündükləri şeyi edirlər.
Allah dünyadakı bütün nemətləri möminlərə halal etmişdir. Gözəl məkanlar, musiqi, gözəl geyimlər, zinət əşyaları, bəzək əşyaları, evlər, ziyafətlər… Bunların hamısı möminlərə halaldır.
Allah bunu bir ayəsində belə bildirmişdir:
De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik. (Əraf surəsi, 32)
Ancaq möminlər hər vəziyyətdə və hər şəraitdə Allahın ən çox razı qalacağı yolu seçərlər. Bunun üçün ən doğru anı da vicdanları ilə bilərlər. Məsələn, bu gün Axırzaman bütün şiddətilə yaşanmaqdadır. Təkcə Qəzzada hər gün bombalar altında, aclıqdan körpələr, uşaqlar, qadınlar və kişilər həyatını itirir. Günahsız, məzlum insanların evləri yerlə-yeksan edilir, onlar öz doğma torpaqlarından didərgin salınırlar. Körpələrin aclıq və taqətsizlikdən ağlamağa belə gücü qalmayıb. Günahsız uşaqlar yemək növbələrində boş qablarını doldura bilmədən ac və susuz geri qayıdırlar. Belə bir vəziyyətdə müsəlman gündəlik həyatını heç nə baş vermirmiş kimi davam etdirməz. Çünki onun vicdanı buna yol verməz.

Dünya müharibələr və sıxıntılar içində boğularkən, müsəlmanlar hər tərəfdən kömək dilədiyi bir dövrdə Dəccaliyyət dünyanı daha böyük müharibələrə sürükləmək üçün gündən-günə yeni hücumlar törədir. Dinsizliyin kabusu insanlığı hər tərəfdən bürüyür. Hər gün bu dəhşətin qurbanı qadınlar və uşaqlar olur, günahsız insanların qanı tökülür. Bədbəxtlik və vahimənin hər yeri sardığı bir vaxtda, səmimi bir mömin heç vaxt yalnız öz qayğıları və gündəlik həyatının dalınca qaçmaz. Əksinə, o, müsəlmanlara yardım əli uzatmaq, dünyada sülhü, hüzuru və sevgini bərqərar etmək üçün əlindən gələn hər şeyi son nəfəsinə qədər əsirgəməz.
Bir insan sevdikləri, yaxınları və ailə üzvləri gözü önündə öldürülərkən, yaxud özü ölüm təhlükəsi ilə üzləşərkən və ya ağır xəstəliyə tutularkən, onları xilas etmək üçün bütün gücünü və maddi-mənəvi imkanlarını necə ortaya qoyarsa, dünyanın bugünkü vəziyyəti də insanlardan məhz belə bir fədakarlıq tələb edir.
Bir insan fəlakətlə üz-üzə qaldıqda, maddi imkanı varsa, evini, avtomobilini, pulunu ehtiyacı olanlar üçün əsirgəməz. Malını-mülkünü artırmağın hesabını aparmaz, avtomobili olduğu halda ikincisini almağın, ya da daim yeni paltarların ardınca qaçmaz. Əksinə, sahib olduğu hər şeyi ehtiyac sahiblərinə yönəldər, əlindəkini onlarla bölüşər.
Axır zaman hər dövrdən fərqli, özünəməxsus xüsusiyyətlər daşıyan bir dövrdür. Bu dövrdə yaşayan hər şüur və vicdan sahibi insan çiynində böyük bir məsuliyyət daşıyır. Axirətdə isə hər kəs göy qübbəsini sarsıdan fəryadlarla köməyə çağıran məzlumlar üçün nə etdiyinin hesabını verəcək.

Allah Quranda “sizə nə olub ki” deyərək bu həqiqəti belə xatırladır:
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz?
(Nisa surəsi, 75)