Hamımız həyatımızda bunun nümunələrini dəfələrlə görmüşük. İnsan həyati təhlükə ilə üz-üzə qaldıqda, vicdanı təəccüblü bir sürətlə keçmişini gözdən keçirməyə başlayır. Dünyada yaşadığı ömrü və bu müddət ərzində gördüyü bütün işləri bir-bir dəyərləndirir.

 

Əgər belə bir vəziyyətlə qarşılaşan şəxs dünyada yaxşı işlər görməmiş, Allahın dininə tabe olmamışdırsa, həmin an onu dərin peşmanlıq bürüyür. Çünki ömrü boyu üzərində dayanmadığı həqiqətlər bir anda bütün aydınlığı ilə gözünün önündə canlanır. Bəlkə də həyatında ilk dəfə ölümün əslində nə qədər yaxın olduğunu dərk edir. Dünyada cənnətə layiq bir həyat yaşamadığını anlayır və keçirdiyi peşmanlığın da bundan qaynaqlandığını görür.

 

Ölümün yaxınlığını hiss etdikcə, Allaha qarşı göstərdiyi nankorluğu daha aydın dərk edir. Vicdanı ona bu davranışının cavabsız qalmayacağını hiss etdirir. Həyatında heç vaxt yaşamadığı güclü bir qorxu onu bürüyür. İçində olduğu vəziyyətdən onu yalnız Allahın qurtara biləcəyini anlayır.

Məhz vicdanına üz tutduğu üçün özünü olduğu kimi görə bilir. Buna görə də, əgər bu təhlükədən qurtularsa, yaşadıqlarını heç vaxt unutmayacağına, Allaha şükür edəcəyinə və ömrünün qalan hissəsini bu həqiqətlərə uyğun yaşayacağına söz verir. Təhlükədən xilas olmaq üçün bütün səmimiyyəti ilə Allaha yalvarır. Təki qurtulsun və ona bir daha yaşamaq fürsəti verilsin…

 

Lakin bəzi insanlar təhlükə sovuşduqdan sonra Allaha verdikləri sözə sadiq qalmırlar. Allah onları xilas edən kimi əvvəlki həyatlarına qayıdırlar. Keçirdikləri peşmanlıq və təslimiyyət hissi yenidən nankorluqla əvəz olunur. Ölümlə üz-üzə qaldıqları an dərk etdikləri həqiqətləri tezliklə unudurlar. Təhlükənin aradan qalxmasının verdiyi arxayınlıqla sanki Allaha dua edən və o peşmanlığı yaşayan özləri deyilmiş kimi Ondan üz çevirirlər. Həyatlarına qaldıqları yerdən, bəzən isə dünyaya daha möhkəm bağlanaraq davam edirlər. Allah bu insanların halını Quranda belə nümunələrlə xəbər verir:

Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında: “Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər. Ancaq onları xilas etdiyi zaman bir də görərsən ki, onlar yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Dünya həyatının fani zövqü olan azğınlığınız yalnız öz əleyhinizədir. Sonra dönüşünüz Bizədir. Biz də etdiyiniz əməlləri sizə xəbər verəcəyik. (Yunis surəsi, 22-23)

Dənizdə sizə bir çətinlik üz verdikdə Allahdan başqa dua etdikləriniz yox olub gedər. Ancaq O sizi xilas edib quruya çıxartdığı zaman siz (haqdan) üz döndərərsiniz. İnsan çox nankordur. Onun sizi quruda yerə batırmayacağından, yaxud üzərinizə daş yağdırmayacağından əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz.(İsra surəsi, 67-68) 

İnsana axirətin yaxınlığını xatırladan, onu ölüm və hesab günü haqqında düşündürən bir hadisə baş verdikdə, o, Allaha yalvarır, qurtuluş üçün dua edir və həyatının qalan hissəsini Allahın razılığını qazanmağa çalışaraq keçirəcəyinə söz verir. Bəs təhlükə sovuşduqdan sonra bu vədinə sadiq qalacaqmı? Ayələrdə də diqqət çəkildiyi kimi, insan belə bir təhlükə aradan qalxdıqdan sonra bir daha oxşar və ya başqa bir təhlükə ilə qarşılaşmayacağına, qarşılaşsa belə yenidən xilas olacağına əmin ola bilərmi?

Əlbəttə, heç kim buna əmin ola bilməz. Üstəlik, insan hər hansı bir təhlükədən yenə xilas olsa belə, bu, heç nəyi dəyişdirməz. Çünki ona verilən ömür başa çatdıqda mütləq öləcəkdir. O zaman yenə eyni peşmanlığı yaşayacaq, lakin artıq bu peşmanlığın ona heç bir faydası olmayacaq.

 

Burada bəhs edilənlər, əslində, dindən uzaq yaşayan insanların ortaq ruh halıdır. Allah Quranda onların vəziyyətini belə xəbər verir:

İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi. (Yunis surəsi, 12)

İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönəlib Ona dua edərlər. Sonra Allah onlara Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir qrup yenə Rəbbinə şərik qoşar. (Rum surəsi, 33)

İman gətirməyən insanlar ayələrdə təsvir edildiyi kimi, çətinliklə üzləşdikləri anda Allaha yönəlirlər. Lakin təhlükə sovuşan kimi Ona verdikləri sözü unudaraq yenidən nankorluq edirlər. Bu da göstərir ki, yaşadıqları peşmanlıq səmimi peşmanlıq deyil, yalnız həmin an içində olduqları çarəsizlikdən qaynaqlanır.

Səmimi şəkildə yaşanan peşmanlıq necə olmalıdır?

Əslində, hər insan vicdanında bunun cavabını bilir. Allaha iman edən insanlara xas olan və insana fayda verən peşmanlıq belə olmur. Həqiqi peşmanlıq bir anda unudulan hiss deyil. Əksinə, insanı dəyişdirən, onu doğru addımlar atmağa sövq edən, hətta bəzən həyatında köklü dəyişikliklərə səbəb olan bir duyğudur.

 

Qəlbində səmimi peşmanlıq hiss edən insan ona verilən ömrün qalan hissəsini Allahın razılığına uyğun yaşamağa çalışır və Allahın bağışlayan, mərhəmət edən olduğuna ümid edir. Şərait dəyişsə və ona yeni bir fürsət verilsə belə, bir daha əvvəlki davranışlarına qayıtmır. Çünki Allahın ayələrində bildirildiyi kimi, belə bir nankorluğun yalnız öz əleyhinə olacağını bilir.

 

Quranda verilən bütün bu nümunələr səmimiyyətlə üzərində düşünməyimiz və onlardan dərs çıxarmağımız üçün dərin hikmətlər daşıyır. Allah gəmidəki insanların yaşadıqlarını bizə ibrət olaraq bildirir. Ayələrdə təsvir edilən bu nankorluq, əslində, hər insanın nəfsinin meyl göstərə biləcəyi bir xüsusiyyətdir.

 

Buna görə də hər insan nəfsinin bu meylindən çəkinməli, ayələrdə təsvir edilən insanların vəziyyətindən dərs çıxarmalı və vicdanına bu sualları verməlidir:

“Mən belə bir vəziyyətlə qarşılaşsaydım, necə davranardım? Nələrə görə peşman olardım? Allah məni bu təhlükədən qurtarsaydı, həyatımda nələri dəyişəcəyimə Ona söz verərdim? Nələrdən vaz keçər, hansı qərarlarımı səmimiyyətlə həyata keçirməyə başlayardım?”

Lakin insanın bunları düşünüb doğru qərar verməsi üçün mütləq belə bir təhlükə ilə üzləşməsi lazım deyil. Heç kim bu gün təhlükəsizlik içində yaşadığına görə sabah da bənzər bir hadisə ilə qarşılaşmayacağına əmin ola bilməz.

 

Bəlkə də insan çox yaxın zamanda belə bir hadisə yaşayacaq. Bəlkə də ömrünün sonuna qədər bununla heç qarşılaşmayacaq. Ancaq dəyişməyən bir həqiqət var: əcəli çatdığı an ölüm mələklərini yanında görəcək.

 

Əgər həmin an Allahın razılığına uyğun bir həyat yaşamadığını anlayarsa, mütləq peşman olacağı şeylər olacaqdır.

 

Allaha sığınmaq veriləcək ən doğru qərardır

Ayələrdə təsvir edilən və hər insanın öz nəfsindən tanıdığı bu peşmanlığı nə dünyada, nə də axirətdə yaşamaq istəməyən insanın atacağı ən doğru addım Allaha yönəlməkdir. Ondan qorxub çəkinmək, Quranda bildirdiyi əmrlərə itaət etmək və bu qərarı təxirə salmamaq lazımdır. Çünki ölüm hər kəsə düşündüyündən daha yaxındır. Buna görə də insan verdiyi səmimi qərarları səbir və iradə ilə həyata keçirməlidir.

 

İnsan ölümü və axirətin yaxınlığını xatırladan bir hadisə ilə qarşılaşdıqda bunu səmimiyyətlə dəyərləndirərsə, özü üçün böyük bir qazanc əldə etmiş olar. Allaha olan yaxınlığının və səmimiyyətinin ölçüsü isə yalnız çarəsizlik və təhlükə anlarında deyil, həyatının hər anında Ona eyni səmimiyyətlə yönəlməsi olmalıdır. Bu səmimiyyəti də ömrünün sonuna qədər qorumalıdır.  

İnsanın unutmamalı olduğu ən mühüm həqiqət

İnsanın bu dünyadakı əsas məqsədi Allahın razılığını qazanmaq və Onun razı qaldığı bir bəndə olmaqdır. Bunun xaricində sahib olduğu hər şey qazandığı uğurlar, mal-mülkü, ailəsi, ətrafı və mövqeyi onu Allaha yaxınlaşdıran bir vasitədən başqa bir şey deyil.

 

Əgər insan bunların Allaha şükür etməsi və Ona yönəlməsi üçün verildiyini unudar, bütün məqsədini yalnız onları əldə etməyə yönəldərsə, Allahın diləməsi istisna olmaqla, dünyada göstərdiyi bütün səylər boşa çıxacaqdır. Əldə etdiyi keçici mənfəətlər isə axirətdə ona heç bir fayda verməyəcəkdir.

 

Uca Rəbbimiz Allah Quranda ən çox ziyana uğrayacaq insanların məhz onlar olduğunu belə xəbər verir:

De: “Etdikləri əməllər baxımından ən çox ziyana uğrayanları sizə xəbər verəkmi? (Bunlar) yaxşı işlər gördüklərini zənn etdikləri halda, dünya həyatındakı səyləri hədər getmiş kəslərdir.Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq. (Kəhf surəsi, 103-105) 

Əgər insan dünyada göstərdiyi davranış, əxlaq və həyatı ilə Allahın razılığını qazanarsa, Allah onu həm dünyada, həm də axirətdə qoruyar. Lakin bu fürsəti əldən verər, dünya həyatına ehtirasla bağlanarsa, ölüm mələkləri yanına gəldiyi anda artıq geri dönüşü olmayan böyük səhvini anlayacaqdır. O zaman Allahın diləməsi istisna olmaqla sonsuza qədər davam edəcək bir peşmanlıq içində qalacaqdır.

 

Allah Quranda Öz hüzuruna çıxdıqda etdiklərinə görə peşman olan insanların sözlərini belə xəbər verir:

Deyər: “Kaş (axirət) həyatım üçün çalışaydım”, - deyəcəkdir. (Fəcr surəsi, 24)

“…Kaş heç kimi Rəbbimə şərik qoşmayaydım!” (Kəhf surəsi,42)

“…Kaş mən elçinin yolunu tutaydım.” (Furqan surəsi, 27)

Etdiklərinə görə peşman olub ölüm gəldikdən sonra bu sözləri çarəsizlik içində söyləmək istəməyən hər bir insan elə indidən dünya ehtiraslarından uzaqlaşmalı, Rəbbimizin çağırışına tabe olmalı və həyatını Onun razılığına uyğun yaşamalıdır.