Müsəlmanların bir-birinə duyduğu sevgi, yaxınlıq, bağlılıq, maraqlanma, yardımlaşma və həmrəylik anlayışı Quranda təşviq edilən iman qardaşlığı əxlaqının təbii nəticəsidir. Quranda bildirilən vəlayət anlayışı möminlərin bir-birini sevmələrini, qoruyub nəzarət etmələrini, dəstəkləmələrini, bir-birlərinin sıxıntıları ilə maraqlanmalarını və güclü bir qardaşlıq əlaqəsi içərisində olmalarını ifadə edir.

 

İnsanların bir qismi yaxınlığı qohumluq ilə ölçür, “bu mənim qardaşımdır”, “bu mənim əmim oğludur”, “bu bizim ailədəndir”, “bu bizim nəsildəndir” deyərək ətraflarındakı insanlara dəyər verirlər; fədakarlıqlarını, sevgilərini, dəstəklərini və bağlılıqlarını buna görə müəyyənləşdirirlər.

 

Öz soylarından olan insanlara, onların iman dərinliyinə, əxlaqına və ya Allaha olan bağlılığına baxmadan güclü bir sədaqət göstərir, buna baxmayaraq dərin iman sahibi, saleh, səmimi təqva və ixlas sahibi müsəlmanlara eyni yaxınlığı göstərmirlər. Hətta bəzi hallarda insan sırf qohumu olduğu üçün zalım bir şəxsi müdafiə edə bilir, haqsız olan yaxınının tərəfində yer ala bilir və ya dindən uzaq bir həyat yaşayan qohumları üçün böyük fədakarlıqlar etdiyi halda, Allaha bağlı möminləri ikinci plana ata bilir.

 

Halbuki Quranda bildirilən ölçü bu deyil. Allah Quranda insanların bir-biri ilə olan münasibətlərini yalnız bioloji bağlılıqlar üzərində qurmamışdır. Əksinə, Allah insanların bir-birlərinə olan yaxınlıqlarında nəzərə almaları lazım olan xüsusiyyətlərin iman, təqva və Allaha bağlılıq olduğunu bildirmiş və üstünlük ölçüsünü belə açıqlamışdır:

“... Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır... ” (Hucurat surəsi, 13)

Bu ayə İslam əxlaqı ilə birlikdə insanların dəyər ölçüsünü kökündən dəyişdirən ayələrdən biridir. Çünki cahiliyyə cəmiyyətlərində insanlar soyları, qəbilələri və ailələri ilə üstünlük göstərirdilər. Bir insanın hansı ailədən gəldiyi onun dəyəri hesab olunurdu.

 

İslam isə bu anlayışı aradan qaldırmış və üstünlüyü yalnız təqvaya bağlamışdır. Ayədə Allah insanların millətlərə və qəbilələrə ayrıldığını bildirir, lakin üstünlüyü bu fərqliliklərə bağlamır. Deməli, soy fərqliliyi üstünlük səbəbi deyil, yalnız tanışlıq vəsiləsidir. Allah insanları qövmlərinə görə deyil, soylarına görə deyil, ailə adlarına görə deyil, təqvalarına görə dəyərləndirir.

 

Həqiqətən Peyğəmbərimiz (səv) də vida xütbəsində bu həqiqəti çox açıq şəkildə ifadə etmiş və belə buyurmuşdur:

“Ərəbin ərəb olmayana, ərəb olmayanın ərəbə; ağın qaraya, qaranın ağa təqvadan başqa heç bir üstünlüyü yoxdur.”

Rəsulullahın bu sözü İslam cəmiyyətinin hansı təməl üzərində qurulduğunu göstərir. İnsanları bir-birinə bağlayan həqiqi əlaqə qohumluq əlaqəsi deyil, Allaha qulluq əlaqəsidir. Buna görə də bir möminin başqa bir möminə olan yaxınlığı qohumluğuna görə deyil, Allaha olan bağlılığına görə qiymətləndirilməlidir. Təqvası yüksək olan bir mömin, genetik baxımdan qohumu olmayan başqa bir möminə, Allaha inanmayan, fasiq və ya zalım bir qohumdan daha yaxın ola bilər. Çünki həqiqi yaxınlıq bədənlə əlaqəli deyil, imanla əlaqəli olan yaxınlıqdır.

Allah Quranda təqvanın mənasını bizə açıqlamışdır

Yaxınlığın ölçüsünün təqva olduğunu söyləmək təkbaşına kifayət deyil. Çünki bu halda təqvanın nə olduğunun da bilinməsi lazımdır. Qurana görə təqva sadəcə müəyyən ibadətləri yerinə yetirmək deyil. Təqva insanın Allahdan qorxub çəkinməsi, Allaha qarşı səmimi olması, vicdanından istifadə etməsi, dürüst davranması, Allahın razılığını hər şeydən üstün tutması və Allahın razı qalmayacağı davranışlardan çəkinməsidir. Allah Quranda, Bəqərə surəsinin 177-ci ayəsində həqiqi yaxşılığın və təqvanın nə olduğunu ətraflı şəkildə açıqlamışdır:

"Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir." (Bəqərə surəsi, 177)

Bu ayəyə görə təqva sahibi insan Allaha iman edən, axirət gününə inanan, malını sevməsinə baxmayaraq ehtiyac sahiblərinə verən, namazı doğru qılan, verdiyi sözü yerinə yetirən və çətinliklər qarşısında səbir edən insandır.

 

Allah təqvanı soyla, ailə ilə, qəbilə ilə və ya qohumluqla əlaqələndirməmişdir. Allahın tərif etdiyi təqva imanla, Allah sevgisi ilə, ibadətləri yerinə yetirməklə, dürüstlüklə, sədaqətlə, səbirlə, fədakarlıqla və yardımsevərliklə yaşanan bir əxlaq formasıdır.

Beləliklə, bir insanın Allah qatındakı dəyəri hansı ailədən gəldiyinə görə deyil, bu xüsusiyyətlərə nə qədər sahib olduğuna görə müəyyən edilir. Bir möminin başqa bir möminə olan sevgisi, yaxınlığı və bağlılığı da eyni ölçüyə görə formalaşmalıdır. İnsanlar qohum olduqları üçün deyil, Allaha olan bağlılıqları və təqvaları ölçüsündə sevilməli və dəyər görməlidirlər.

 

Qurana görə həqiqi yaxınlıq kimlədir?

Lakin bu gün bəzi müsəlmanlar nəzəri olaraq bunu qəbul etsələr də, praktikada tam əksini yaşayırlar.

 

Bu düşüncədə olan bir insan:
Öz doğma qardaşı üçün gecəsini gündüzünə qatdığı halda, saleh bir müsəlman qardaşı üçün eyni səyi göstərmir.
Qohumu kədərlənəndə onun köməyinə qaçır, amma mömin bacı və ay qardaşı sıxıntı yaşadıqda eyni həssaslığı göstərmir.
Qohumunun övladına sahib çıxdığı qədər, yetim bir müsəlman uşağa sahib çıxmır.
Bu vəziyyət Quranda bildirilən qardaşlıq anlayışı ilə uyğun gəlmir. Çünki Allah Quranda möminlərin bu mövzudakı mövqeyini belə açıqlamışdır:

“Şübhəsiz ki, möminlər qardaşdırlar...” (Hucurat surəsi, 10)

Ayədə Allah:
“Möminlər qohumdurlar” deməmiş, “möminlər qardaşdırlar” deyə bildirmişdir.
Bu qardaşlıq bioloji deyil, imani qardaşlıqdır. Bu qardaşlıq qohumluğu geridə qoyan çox güclü bir bağdır. Çünki qohumluq dünyaya aiddir, iman bağı isə həm dünyada, həm də axirətdə sonsuza qədər davam edir.

 

“Qohumlar bir-birinə daha yaxındırlar” ayəsinin düzgün başa düşülməsi lazımdır.

وَأُولُوا الْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِي كِتَابِ اللَّهِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُهَاجِرِينَ

"... Rəhim sahibləri də, Allahın Kitabında bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındır..." (Əhzab surəsi, 6)

Bəzi insanlar bu ayəni səhv başa düşərək qohumların digər müsəlmanlardan mütləq şəkildə daha üstün və daha əhəmiyyətli olduğu nəticəsinə gəlir, “deməli, qohumlarımız digər müsəlmanlardan daha dəyərlidir” şəklində düşünür və qohumluq əlaqəsinin iman qardaşlığından daha əhəmiyyətli olduğuna inanırlar.

 

Halbuki ayənin ərəbcəsində keçən “daha yaxın olma” ifadəsinin mənasına baxıldıqda, ayənin konteksti, nazil olma səbəbi və təfsir alimlərinin açıqlamaları diqqətlə araşdırıldıqda burada ümumi üstünlük və sevgi əlaqəsinin deyil, xüsusilə hüquqi yaxınlığın və miras hüququna aid öncəliyin izah edildiyi açıq şəkildə başa düşülür.

 

Ayədə keçən “أَوْلَىٰ” (əvlə) kəlməsi ərəb dilində sadəcə “daha çox sevilmək” mənasını vermir. Bu kəlmə eyni zamanda “haq sahibi olmaq”, “öncəliyə malik olmaq”, “hüquqi səlahiyyət sahibi olmaq” mənalarında da işlədilir. Həqiqətən, Quranda eyni kökdən gələn ifadələr vəlayət, miras və hüquqi təsərrüf mənalarında da istifadə edilmişdir. Buna görə də ayədəki ifadə “qohum daha dəyərlidir” şəklində mütləq bir üstünlük ifadəsi deyil, müəyyən bir hüquq sahəsində öncəliyi bildirən bir ifadədir.

 

Ayənin nazil olma səbəbi

Ayənin xüsusilə miras hüququ ilə əlaqəli olduğu onun nazil olma səbəbindən anlaşılır. İslamın ilk dövründə Məkkədən Mədinəyə hicrət edən mühacirlər mallarını və ailələrini geridə qoymuşdular. Bunun üzərinə Peyğəmbərimiz (səv) mühacirlərlə ənsarı qardaş elan etmiş və onların arasında “qardaşlıq əhdi” qurulmuşdu. Bu qardaşlıq o qədər güclü idi ki, bir müddət onlar bir-birlərinə mirasçı da ola bilirdilər. Daha sonra Əhzab surəsinin bu ayəsi nazil edilmiş və mirasda öncəliyin artıq soy bağı ilə qohum olan şəxslərə aid olduğu bildirilmişdir. Yəni ayə iman qardaşlığını qüvvədən salmaq üçün deyil, miras hüququnu yenidən tənzimləmək üçün nazil edilmişdir.

 

Həqiqətən də böyük təfsirçilər ayəni bu şəkildə açıqlamış və onun xüsusilə miras hökmləri ilə bağlı olduğunu bildirmişlər. İbn Kəsir öz təfsirində bu ayənin mühacirlərlə ənsarın bir-birinə mirasçı olma hökmünü ləğv etdiyini və mirasın yenidən soy bağı əsas götürülərək tənzimləndiyini qeyd edir. Təbəri də ayədəki yaxınlığın mirasdakı haqq sahibliyi ilə bağlı olduğunu ifadə edir. Qurtubi isə İslamın ilk dövründəki qardaşlıq tətbiqini izah etdikdən sonra bu ayənin miras hüququnu yenidən soy bağına əsaslanan qohumluq nizamına bağladığını açıqlayır. Buna görə də klassik təfsir alimlərinin açıqlamaları birlikdə dəyərləndirildikdə, Əhzab surəsinin 6-cı ayəsinin ümumi üstünlük deyil, miras hüququ kontekstində başa düşülməsinin lazım olduğu açıq şəkildə görülür.

Allah qohumluğu sevginin ölçüsü kimi deyil, ictimai nizamın bir ünsürü kimi qorumuşdur

Burada vacib olan başqa bir məqam da budur: Quranda qohumluq əlaqələrinə və insanların soylarının bilinməsinə əhəmiyyət verilməsi, insanların bir-birini ən çox qohum olduqları üçün sevməli olduqları mənasına gəlmir. Allah soy bağlarının qorunmasını cəmiyyət nizamının sağlam şəkildə davam etməsi üçün zəruri görmüşdür. Çünki ailə quruluşu insanın yaradılışına uyğun olan əsas tərbiyə və təhsil mühitidir.

 

Bir uşağın öz ana və atasının yanında, onların sevgisi, şəfqəti, marağı və himayəsi altında böyüməsi ilə ailəsindən uzaq bir mühitdə böyüməsi arasında çox böyük fərq var. İnsan təbiəti etibarilə sevgiyə, şəfqətə, güvənə və aid olduğu bir ailəyə ehtiyac duyur. Buna görə də uşaqların öz ailələri daxilində böyümələri onların həm mənəvi, həm də əxlaqi inkişafı baxımından son dərəcə vacibdir. Tarix boyu ailə strukturunu zəiflədən sistemlər insanlara xoşbəxtlik və hüzur gətirməmişdir. Xüsusilə bəzi kommunist tətbiqlərdə uşaqlar ailələrindən uzaqlaşdırılmış, kollektiv yaşayış məkanlarında böyüdülməyə çalışılmışdır. Lakin bu cür sistemlər insanın yaradılışına və fitrətinə uyğun olmadığı üçün ciddi sosial və psixoloji problemlər ortaya çıxarmışdır. Çünki uşaqların yalnız qidaya, sığınacağa və təhsilə deyil, həm də ailə istiliyinə və mənsubiyyət hissinə ehtiyacları var.

 

Buna görə Allah insanların soylarının bilinməsini, ailə əlaqələrinin qorunmasını, ananın, atanın və qohumların tanınmasını əmr etmişdir. Lakin bütün bunlar sevginin və yaxınlığın ölçüsünün soy bağı olduğu mənasına gəlmir.

 

Qohumluğun bilinməsi nizam üçündür; üstünlük və yaxınlıq ölçüsü isə hər zaman təqvadır.

Əgər bu ayə “qohum hər bir halda möminlərdən üstündür” mənasına gəlsəydi, Qurandakı başqa ayələrlə açıq ziddiyyət ortaya çıxardı. Çünki Allah başqa ayələrdə iman bağının qohumluq əlaqəsindən daha önəmli olduğunu bildirib. Bir ayədə Allah belə buyurur:

“Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacı-qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən...” (Mücadilə surəsi, 22)

Bu ayədə Allah xüsusilə valideyn, bacı-qardaş və qohum kimi insanın ən güclü qan bağlarını sadalayır. Davamında isə həqiqi imanın, Allaha düşmənçilik edən biri ilə kor-koranə bağlılıq qurmağa mane olduğunu bildirir. Bu vəziyyət Qurandakı yaxınlıq anlayışının soy mərkəzli deyil, iman mərkəzli olduğunu açıq şəkildə göstərir.

 

Yenə Allah başqa bir ayədə belə buyurur:

“Mömin kişilər və mömin qadınlar da bir-birlərinin vəlisidirlər...” (Tövbə surəsi, 71)

Bu ayədə Allah möminləri bir-birinin vəlisi elan edir. Buradakı vəlayət dəstək olmağı, qorumağı, yardım etməyi, sahib çıxmağı və həmrəyliyi ifadə edir. Diqqət edilərsə, Allah burada “qohumluq” bağını deyil, “iman” bağını mərkəzə qoyur. Çünki İslam cəmiyyətini ayaqda saxlayan əsas əlaqə qohumluq əlaqəsi deyil, iman əlaqəsidir.

 

Peyğəmbərlərin həyatında yaxınlığın ölçüsü təqvadır

Quranda yer alan bir çox qissə həqiqi yaxınlığın qohumluq əlaqəsi ilə deyil, iman və təqva ilə qurulduğunu göstərir. Peyğəmbərlərin həyatları bu həqiqətin ən açıq nümunələri ilə doludur.

 

Hz. Nuh və oğlu qissəsi, iman əlaqəsi olmadıqda həqiqi yaxınlığın da olmadığını göstərir

Hz. Nuhun oğlu onun öz oğlu idi. Eyni evdə böyümüş, uzun illər birlikdə yaşamışdılar. Aralarında qan bağı var idi, amma iman bağı yox idi. Tufan əsnasında Hz. Nuh oğlunu xilas etmək istədi: “Oğlum, bizimlə birlikdə (gəmiyə) min və inkar edənlərlə birlikdə olma!” (Hud surəsi, 42) dedi. Lakin oğlu inkarda israr etdi və buna görə tufanda həlak olanlardan oldu. Hz. Nuh oğlunu xilas etmək istədikdə Allah ona belə buyurdu:

“... Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir...” (Hud surəsi, 46)

Bu ayə son dərəcə açıq və aydındır. Allah Qurandakı bu qissə ilə bir daha göstərmişdir ki, iman edənlər üçün əsas olan bioloji bağ deyil, iman bağıdır. Deməli, bir insanın eyni soydan gəlməsi onu Allah qatında avtomatik olaraq “yaxın” etmir. İnsan Allaha nə qədər yaxındırsa, həqiqi yaxınlıq da o qədərdir.

 

Hz. Yaqubun Hz. Yusifə olan sevgisi: Allaha yaxın olan daha çox sevilir

Hz. Yaqubun çoxlu oğlu var idi. Buna baxmayaraq, oğulları öz aralarında danışarkən atalarının Hz. Yusif və qardaşı Hz. Bünyamini özlərindən daha çox sevdiyini söyləmişdilər. Quranda onların bu sözləri nəql edilir:

“Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir.” (Yusif surəsi, 8)

Bu ayə diqqətlə araşdırıldıqda qardaşların baxış bucağı ilə Hz. Yaqubun baxış bucağı arasındakı fərq görünür. Qardaşlar sayca çox olmalarını və eyni ailədən gəlmələrini ölçü qəbul edirlər. Lakin Hz. Yaqubun ölçüsü bunlar deyil. Hz. Yusif və Hz. Bünyaminin dürüstlükləri, səmimiyyətləri və Allaha bağlılıqları onları atalarının yanında fərqli bir mövqeyə gətirmişdi. Həqiqətən də digər qardaşların xarakterləri sonradan ortaya çıxmışdır. Onlar öz qardaşlarını quyuya atmağı planlaşdırmış, onu atalarından ayırmış və illərlə yalan danışmışdılar. Bu vəziyyət onların təqva baxımından hansı vəziyyətdə olduqlarını göstərir.

 

Beləliklə, Hz. Yaqubun Hz. Yusifə olan sevgisi sadəcə bir atanın övladına qarşı duyduğu təbii sevgidən ibarət deyildir. Eyni zamanda saleh, təmiz xarakterli və gözəl əxlaqlı bir möminə duyulan yaxınlığın da göstəricisidir. Burada da ölçünün qan bağı deyil, təqva olduğu görünür.

Hz. Yusifin Hz. Bünyaminə olan sevgisinin səbəbi onun gözəl əxlaqı və təqvasıdır

Hz. Yusifin həyatında da eyni sevgi ölçüsü açıq şəkildə görünür. Hz. Yusifin çoxlu qardaşı olmasına baxmayaraq, illər sonra Misirdə güc və imkan sahibi olduqda qardaşlarının hamısına eyni yaxınlığı göstərməmiş, xüsusilə Hz. Bünyamini qoruyub himayə etmişdir. Çünki Hz. Bünyamin qardaşlarının etdikləri zülmlərə şərik olmamış, dürüstlüyünü və gözəl əxlaqını qorumuşdur. Bu vəziyyət də sevgi və yaxınlığın yalnız eyni ana və atadan gəlməyə əsaslanmadığını göstərir.

 

Hz. İbrahimin atası ilə münasibəti də eyni həqiqəti göstərir

Hz. İbrahim atasının hidayətə çatmasını çox istəmişdir. Ona illərlə təbliğ etmiş, hörmətli və gözəl bir üslubla yanaşmışdır. Hətta bir müddət onun üçün dua da etmişdir. Lakin atasının Allaha qarşı düşmənçilikdə israr etdiyi açıq şəkildə ortaya çıxdıqda artıq onun üçün bağışlanma diləməyi dayandırmışdır. Allah bu vəziyyəti belə xəbər verir:

“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə, yalnız ona söz verdiyi üçün idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra ondan uzaqlaşdı...” (Tövbə surəsi, 114)

Bu ayə son dərəcə əhəmiyyətlidir. Çünki Hz. İbrahim öz atası olmasına baxmayaraq, Allaha qarşı mübarizə aparan bir şəxsi sırf qohumluq səbəbilə dəstəkləməmişdir. Burada da iman bağının qan bağından üstün olduğu açıq şəkildə görülür.

 

Hz. Nuhun və Hz. Lutun həyat yoldaşları da bu mövzunun dəlillərindəndir

Quranda Allah Hz. Nuh və Hz. Lutun həyat yoldaşlarını da nümunə göstərir. Hər ikisi peyğəmbər zövcəsi olmalarına baxmayaraq, ailə bağı onlara heç bir fayda verməmiş, iman etmədikləri üçün nicat tapanlardan olmamışdılar. Allah belə buyurur:

“Allah inkar edənlər üçün Nuhun zövcəsini və Lutun zövcəsini misal çəkdi....” (Təhrim surəsi, 10)

Bu qadınlar peyğəmbərlərin ən yaxınında yaşamışdılar. Həyat yoldaşları peyğəmbər idi. Eyni evdə uzun illər birlikdə olmuşdular. Buna baxmayaraq iman etmədikləri üçün xilas ola bilməmişdilər. Əgər yaxınlığın ölçüsü qan bağı və ya ailə bağı olsaydı, ilk növbədə onların xilas olması lazım idi. Lakin Allah bir daha həqiqi ölçünün iman olduğunu göstərib.

 

Peyğəmbərimizin (səv) əmisi nümunəsi də eyni həqiqəti ortaya qoyur

Peyğəmbərimizin (səv) əmisi Əbu Talib həyatı boyu Rəsulullahı qorumuş, ona dəstək olmuş və müşriklərin hücumlarından müdafiə etmişdir. Buna baxmayaraq iman etməmişdir. Rəsulullah onun hidayətə gəlməsini çox istəmiş, son nəfəsinə qədər iman etməsi üçün səy göstərmişdir. Lakin hidayət Allahın əlindədir. Bunun üzərinə Allah belə buyurmuşdur:

“Sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola yönəldər...” (Qəsəs surəsi, 56)

Bu ayə ilə Allah Peyğəmbərimizə (səv) yaxınlığın və nicatın ölçüsünün qohumluq deyil, iman olduğunu bildirmişdir.

 

Həqiqətən də Rəsulullaha ən yaxın olan insanlar əmiləri və ya digər qohumları deyil, imanları, sədaqətləri və təqvaları səbəbilə Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli olmuşdur. Peyğəmbərimiz onların fədakarlıqlarını, sədaqətlərini və Allaha olan bağlılıqlarını əsas götürmüşdür.

 

Allah Peyğəmbərimizə (səv) olan yaxınlığı insanın öz nəfsindən belə üstün tutmuşdur

Bu mövzudakı çox açıq hökmlərdən biri də Əhzab surəsindəki bu ayə ilə bildirilmişdir:

“Elçi, möminlər üçün öz nəfslərindən daha üstündür... ” (Əhzab surəsi, 6)

Allah burada insanlara sadəcə ana-atalarından, bacı-qardaşlarından və ya qohumlarından deyil, öz nəfslərindən belə daha üstün tutmaları lazım olan bir sevgi və bağlılıq ölçüsü öyrədir. İnsan üçün dünyadakı ən yaxın varlıq öz nəfsidir. İnsan çox vaxt öz mənfəətini, rahatlığını və maraqlarını ön plana çıxarmağa meyllidir. Buna baxmayaraq Allah, Peyğəmbərə olan bağlılığın insanın öz nəfsindən belə üstün olması lazım olduğunu bildirir.

 

Bu hökm sevginin və yaxınlığın ölçüsünün qan bağı olmadığını açıq şəkildə göstərir. Çünki Peyğəmbərimiz (səv) möminlərin çoxunun qohumu deyil. Buna baxmayaraq Allah möminlərdən ona öz nəfslərindən daha çox bağlılıq göstərmələrini istəyir. Əgər yaxınlığın ölçüsü qohumluq olsaydı, insanın ana-atası, qardaşları və ya qohumları Peyğəmbərdən daha üstün olardı. Halbuki Allah bunun əksini bildirmişdir.

 

Bu ayədən də açıq şəkildə başa düşülür ki, İslamda sevginin, bağlılığın və yaxınlığın əsas ölçüsü bioloji yaxınlıq və qohumluq bağı deyil, Allaha yaxınlıq, iman və təqvadır.

 

Bir insan Allaha nə qədər yaxındırsa, möminlərin sevgisinə və yaxınlığına da bir o qədər layiqdir

Bu səbəblə müsəlmanlar qohumluq əlaqəsini tamamilə yox saymadan, lakin onu iman qardaşlığının önünə də keçirmədən davranmalıdırlar. Qohumlara yaxşılıq etmək İslamın əmridir. Lakin möminlər arasındakı qardaşlıq, həmrəylik və yaxınlıq təqva əsasında qiymətləndirilməlidir. İslamın ortaya qoyduğu ölçü budur.

 

Quranda, “Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır.” (Hucurat surəsi, 13) deyə buyurulur. Bu səbəblə bir müsəlmanın sevgisi və yaxınlığı ilk növbədə təqva və iman əsasında formalaşmalıdır.