Kainatın başlanğıcında ən diqqət çəkən hadisələrdən biri maddənin yaradılışı zamanı mövcud olan möhtəşəm riyazi tarazlıq və həssaslıqdır. Allahın yaradılışının açıq bir dəlili olan bu riyazi tarazlıq olmasaydı, qalaktikaların, planetlərin, Yer kürəsinin və onun üzərindəki həyatın bu günkü mövcudluğu mümkün olmazdı.

Event displays in motion – CERN Courier
Real bulud kamerası cihazı – Antimaddə hissəciklərinin buraxdığı izlər aydın görünür.

 

Müasir fizikanın qanun və mexanizmlərinə görə həssas bir tarazlıq və riyazi hesab, yəni planlı bir yaradılış olmadan maddənin bu gün gördüyümüz forması ilə ortaya çıxması mümkün deyil.

 

Allahın kainatın və maddənin yaradılışı zamanı qoyduğu bu həssas plan və nizam sayəsində biz bu gün ulduzlara baxa bilir, qəhvəmizi içə bilir və ən önəmlisi “biz necə var olduq?” sualını verə bilirik.

 

Demək olar ki, saysız-hesabsız ehtimallar içində hər şey tam da olması gərəkdiyi kimi baş vermiş, hər bir detal son dərəcə incəliklə hesablanıb nizamlanmış və  ağlı heyrətə gətirən bir kainat meydana gəlmişdir.

 

Bəs bu möcüzəvi yaradılışın arxasındakı o möhtəşəm riyaziyyat bizə nəyi izah edir?

 

MADDƏNİN YARANMASI: BARYON ASİMETRİYASI

Standart kosmoloji modelə və fizika qanunlarına görə Böyük Partlayış (Big Bang) anında maddə və onun “əksi” olan antimaddə bərabər miqdarda yaranmalı idi. Maddə və antimaddə bir-biri ilə qarşılaşdıqda isə dərhal bir-birini məhv edir və geridə yalnız saf enerji (işıq) qalır. Əgər bu bərabərlik qorunsaydı, bu gün nə qalaktikalar, nə ulduzlar, nə də biz olardıq. Kainat sadəcə boş bir işıq dənizindən ibarət olardı.

 

Lakin kainatın başlanğıcında bir asimetriya möcüzəsi baş verdi. Böyük Partlayışdan sonra hər 1.000.000.000 antimaddə hissəciyinə qarşılıq 1.000.000.001 maddə hissəciyi yarandı. Məhz bu “milyardda bir”lik kiçik fərq bu gün gördüyümüz bütün kainatın əsas maddəsinə çevrildi. Bizlər də İlahi bir iradə ilə həmin “artıq olan 1” hissəciyindən meydana gəldik.

 

Bu qeyri-bərabərlik yalnız kağız üzərində bir rəqəm deyil. O böyük yox oluşun miqyasını düşündükcə heyrətimiz daha da artır. Kainatın ilk saniyələrində maddə və antimaddə bir-birini o qədər yüksək sürətlə məhv etdi ki, başlanğıcdakı ümumi kütlənin təxminən 99,9999999 faizi işığa çevrildi.1 Geri qalan o milyarda bir “kiçik fərq” isə bu gün gördüyümüz trilyonlarla qalaktikanı, katrilyonlarla ulduzu və milyardlarla insanı meydana gətirməyə kifayət etdi.

 

Başlanğıcda yalnız həmin milyarda bir xüsusi miqdarın seçilərək qorunması fizika elmində “CP pozulması (yük–paritet simmetriyasının pozulması) adlanan bir mexanizmlə izah olunur. Başqa sözlə desək, təbiətin simmetriya qanunları sanki həyatın yaranmasına imkan verəcək şəkildə dəyişmişdir.

 

Şübhəsiz, Big Bang ilə bağlı təkcə bu fakt belə bir çox elm adamı tərəfindən “möcüzə” anlayışı ilə izah edilə biləcək bir nizamı göstərir. Bu gerçəyi açıq şəkildə ifadə etməkdən çəkinməyən alimlərdən biri, məşhur astrofizik Allen Sandec belə demişdir:

“Belə bir nizamın xaosdan yaranmış olmasını son dərəcə qeyri-mümkün hesab edirəm. Tanrının varlığı… bu varlıq möcüzəsinin yeganə izahıdır.”2

Dr. Villi Sun: “Dizaynın Riyazi İmzası”

Baryon asimmetriyası mövzusunun dünya ictimaiyyətində gündəmə gəlməsi Harvard-Smithsonian Astrofizika Mərkəzindən Dr. Villi Sunun 2024-cü ildə Taker Karlson ilə etdiyi geniş yayılmış müsahibəsi ilə daha da diqqət çəkdi. Dr. Suna görə antimaddənin arxasındakı riyazi dəqiqlik və kainatda mövcud olan “incə nizam” (fine tuning) bunun təsadüf olmadığını, əksinə, şüurlu bir yaradıcı tərəfindən həyata keçirilmiş məqsədli bir dizayn olduğunu düşündürür.3

 

Dr. Sun müsahibə boyu maddənin antimaddə üzərində üstünlük qazanmasının bir möcüzə olduğunu və bunun Tanrının kainatı riyaziyyat vasitəsilə qurduğuna dair bir dəlil ola biləcəyini vurğulamışdır.4 O, həmçinin kainatı əhatə edən kosmik qanunların, tarazlıqların və fiziki sabitlərin təsadüf ola bilməyəcəyini, kainatın sanki “həyat üçün proqramlaşdırıldığını” belə ifadə etmişdir:

“Belə bir tarazlığın təsadüfən yaranması riyazi baxımdan mümkün deyil. Kəşf etdiyimiz hər bir tənlik Yaradıcının barmaq izini tapmaq kimidir.”5

Biz isə, əlbəttə, sadəcə atom yığınları deyil, Rəbbimizin sonsuz həssaslığı və sonsuz sevgisi ilə var etdiyi bir möcüzənin parçalarıyıq.

 

Pol Dirak: Antimaddənin Memarı

Əslində Dr. Sundan xeyli əvvəl də oxşar fikirlər səsləndirən elm adamları olmuşdur. Onlardan biri XX əsrin ən böyük fizik və riyaziyyatçılarından sayılan, Kembric Universitetinin professoru Pol Dirak idi. Kvant mexanikasının banilərindən olan Dirak öz məşhur tənliyini yazarkən hələ antimaddənin varlığı kəşf olunmamışdı. Onun üçün kainat təsadüfi maddə yığını deyil, nəhəng bir zəkanın riyazi quruluşu idi. Dirak bunu belə ifadə etmişdi:

“Tanrı yüksək səviyyəli bir riyaziyyatçıdır və kainatı qurarkən çox inkişaf etmiş riyaziyyatdan istifadə etmişdir.”6

Ağlı heyrətə gətirən ehtimal

Hazırda oxuduğunuz bu məqalədə yalnız baryon asimmetriyası möcüzəsi izah edilir. Lakin kainatımızın hər anı və hər nöqtəsi saysız-hesabsız heyrətamiz nizamlarla doludur: kainatın sıxlığı və genişlənmə sürəti arasındakı kritik tarazlıqdan göy cisimlərinin mükəmməl paylanmasına, elementlərin xüsusi reaksiyalarla ideal şəkildə yaranmasından dörd fundamental qüvvənin son dərəcə incə uyğunluğuna, cazibə sabitindən sirli incə struktur sabitinə, atomaltı hissəciklərin mükəmməl harmoniyasından Günəş sistemindəki dəqiq nisbətlərə qədər…7

 

Məşhur britaniyalı riyaziyyatçı Rocer Penrouz bütün fiziki dəyişənləri nəzərə alaraq kainatın təsadüfən yaranma ehtimalını hesablamışdır: 10¹⁰¹²³-də bir. Bu, təsəvvür edilməsi belə mümkün olmayan bir rəqəmdir. Hətta “sıfır ehtimal” kimi qəbul edilən 10⁵⁰-də birdən qat-qat böyükdür və bu ehtimal insan təxəyyülünün hüdudlarını aşır.

 

Penrouz bu barədə belə demişdir:

“Bu vəziyyət bizə Yaradıcının məqsədinin nə qədər dəqiq olduğunu göstərir: 10¹⁰¹²³-də bir dəqiqlik səviyyəsində. Bu, inanılmaz bir rəqəmdir. Onu onluq sistemdə yazmaq belə mümkün deyil. Bu, 1 rəqəminin ardınca 10¹⁰¹²³ qədər sıfır deməkdir. Əgər bütün kainatdakı hər bir ayrı protonun və hər bir ayrı neytronun üzərinə bir ədəd “0” yazmalı olsaq belə, dəqiq ölçünü müəyyən etmək üçün digər bütün zərrəcikləri də nəzərə ala bilərik, yenə də ehtiyac duyulan rəqəmi yazmaqdan çox-çox geri qalardıq…” 8

Şübhəsiz, kainatın var olması üçün tələb olunan o həssas tarazlığın astronomik və təsəvvürə sığmayan sayda ehtimallar arasından tam olaraq lazım olduğu şəkildə meydana gəlməsi Yaradılışın açıq-aydın dəlilidir.

Quranda bildirildiyi kimi heyrət oyadan bu nizamın və tarazlığın yaradıcısı Allahdır:

“Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir”. (Rahmən surəsi, 5)

“Allah göyü ucaltdı və tərəzini qoydu…” (Rahmən surəsi, 7)

Möcüzələr zənciri

Hara baxsaq, atomlardan nəhəng qalaktikalara qədər hər yerdə bizi əhatə edən İlahi nizamın izləri görünür. Elm dünyasında “incə nizam” adlandırılan bu vəziyyət kainatın hər nöqtəsinin son dərəcə dəqiq bir şəkildə qurulduğunu göstərir.

 

Bütün fizika qanunları sanki bizi gözləyən və bizim üçün əvvəlcədən xüsusi diqqətlə hazırlanmış bir ev kimi, tam olaraq insan həyatına imkan verəcək şəkildə nizamlanmışdır. Şübhəsiz ki, belə ağlasığmaz bir tarazlığın şüursuz atomların qərarı ilə və ya kor təsadüflərin ard-arda gəlməsi nəticəsində meydana gəldiyini iddia etmək, heç bir elmi və məntiqi əsası olmayan böyük bir yanılmadır.

 

Quranda bildirildiyi kimi:

“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir”. (Mülk surəsi, 3-4)

Bu günə qədər əldə olunan elmi nəticələr kainatın hər bir mərhələsində təsadüfün heç bir rol oynamadığını göstərir. İlk andan bu sətirləri oxuduğunuz ana qədər hər an, hər hadisə sonsuz qüdrət sahibi Allah tərəfindən yaradılmış və idarə olunmuşdur.

 

Bu nizam təsadüflərin deyil, hər şeyi yoxdan yaradan, hər an hər şeyi idarə edən Uca Allahın mükəmməl yaratmasının bir təzahürüdür. Bütün bu sistemlərin tək bir varlıq məqsədi var: insanın Rəbbimizin sonsuz elmini, sərhədsiz qüdrətini və bənzərsiz sənətini görüb düşünməsi, Onu layiqincə dəyərləndirərək Ona yönəlməsidir. Kainat hər zərrəsi ilə tək bir həqiqəti bəyan edir: hər şeyi yoxdan var edən, hər an hər şeyi Öz nəzarətində saxlayan Uca Allah bütün nöqsanlardan uzaqdır.

 


Qaynaqlar:
[1]Ağla belə bir sual gələ bilər: “Bəs kainatda antimaddə heç qalmayıb?”

Qısa cavab: Var, amma yox deyiləcək qədər azdır və tam nəzarət altındadır. Kainatın %99,99… hissəsi maddədən ibarət olsa da, antimaddə tamamilə yox olmayıb. Bu gün müşahidə etdiyimiz antimaddə “başlanğıcdan qalan” antimaddə deyil, sonradan yaranan müvəqqəti zərrəciklərdir.

Əgər kainatın hansısa yerlərində böyük “antimaddə qalaktikaları” olsaydı, maddə ilə təmas etdikləri sərhədlərdə güclü qamma şüası partlayışlarını müşahidə etməli idik. Lakin teleskoplar belə bir şey aşkar etməyib. Bu da bizə göstərir ki, baryon asimmetriyası bütün kainatı əhatə edən bir nizamdır.

Bununla belə, antimaddə bəzi xüsusi funksiyalarla mövcudluğunu davam etdirir. Məsələn, müasir tibbin ən inkişaf etmiş görüntüləmə üsullarından biri olan PET (Pozitron Emissiya Tomoqrafiyası), adından da göründüyü kimi, antimaddə zərrəciklərindən (pozitronlardan) istifadə edir. Rəbbimiz onu kainatın toxumasına çox incə, müvəqqəti və “xidmətkar” bir element kimi yerləşdirmişdir; əgər böyük miqdarda bir araya gələrsə hər şeyi məhv edə biləcək antimaddəni bu gün insan üçün şəfa vasitəsinə çevirmişdir.

[2]Wilford, J.N., March 12, 1991, Sizing up the Cosmos: An Astronomers Quest, The New York Times.

[3]Scientific Discourse on Cosmic Architecture, 2026 / CERES-Science Interviews.

[4]Soon, W., 2024, The Mathematical Proof of Design, Interview on Tucker Carlson Network (TCN), Episode 91; https://www.youtube.com/watch?v=TSZXlVF-qVI

[5]Daily Record / Economic Times Reports, 2025-2026 Archive, Harvard Scientist Claims God is Real through Mathematical Formula.

[6]Dirac, P. A. M., The Evolution of the Physicist's Picture of Nature, Scientific American, Vol. 208, No. 5, May 1963, p. 53.

[7]Detaylı bilgi için bkz. Harun Yahya (Adnan Oktar), 2001, Mucizeler Zinciri.

[8]Penrose R., 1989, The Emperor's New Mind, Oxford University Press, p. 344.