İnsan fitrəti etibarilə sevməyə və sevilməyə ehtiyac duyur. Sevginin olmadığı bir həyat mənəvi dərin bir boşluq yaradır. Lakin sevgi çox vaxt mənafe, gözlənti və ya keçici hisslər üzərində qurulur. Halbuki Rəbbimiz Quranı rəhbər edərək qullarına həqiqi sevgini öyrədir. Çünki Allah sevginin və eşqin mənbəyidir. Buna görə də O, əvvəlcə qullarından Uca Zatını tanımalarını, Ona heyranlıqla hörmət etmələrini və səmimi bir sevgi ilə Ona bağlanmalarını istəyir.

 

Allaha duyulan sevgi Onun qüdrətini, sənətini, gözəlliklə dolu yaradılışını, ədalətini və mərhəmətini dərk etdikcə daha da dərinləşir. İnsan Allahı nə qədər yaxşı tanıyarsa sevgisi də bir o qədər güclənər və artar. Bu sevgi zamanla insanın qəlbində möhkəm bir bağlılığa çevrilir və beləcə eşq və sədaqət halını alır.

Allah qullarına bu duyğuları yaşatmaqla həm Öz uca Zatına, həm də Onun təcəllilərinə yönələn həqiqi sevginin necə yaşanmalı olduğunu öyrədir. O, sevgini təkcə bir hiss kimi deyil, eyni zamanda bir əxlaq, həyatın əsas dayağı, ruhun dərinliyini və keyfiyyətini müəyyən edən vazkeçilməz bir dəyər və insanı cənnətə aparan bir açar kimi təqdim edir.

Bunu isə ən aydın şəkildə Əsmaül-Hüsna — yəni Uca Zatının gözəl isimləri vasitəsilə bildirir. Allahın isimləri insana sevgini necə yaşayıb dərinləşdirəcəyini, bu sevgini necə qoruyacağını bütün incəlikləri ilə göstərir. Ağıl, qəlb və ruhun kamil bir ahəngə qovuşması ilə formalaşan bu sevgi Allahın yer üzündəki təcəllilərinə də yönələrək həqiqi və səmimi bir sevgiyə çevrilir.

 

Həqiqi sevgi Uca Allahın isimlərində gizlidir.

Allahın sevgi ilə bağlı isimləri möminin ruhunu dirildən, qəlbini sevinc və mənəvi həyəcanla dolduran ilahi həqiqətlərdir. Bu isimlər insanı kobudluqdan, eqoizmdən və sevgisizlikdən uzaqlaşdırır; onu nəzakətli, mərhəmətli, nəcib və fədakar bir şəxsiyyətə çevirərək cənnət əxlaqına yönəldir. Mömin bu isimlər üzərində təfəkkür etdikcə Allaha olan sevgisi və bağlılığı daha da dərinləşir. Cənnətə qovuşmaq arzusu güclənir və o, gündəlik həyatını bu isimlərin nuru ilə yaşayaraq sevgini getdikcə kamilləşdirməyi öyrənir.

 

  • Mərhəmət və şəfqət sevgini gücləndirir

Sevgi mərhəmət olmadan tamamlanmaz. Allahın hər şeyi əhatə edən rəhməti insana həm özü ilə, həm də başqaları ilə nəzakətli və şəfqətli olmağı öyrədir. Rəbbimizin “Ərhamü’r-Rahimîn” və “Raûf” (Rəhmi Sonsuz, Çox Şəfqətli) isimlərini həyatına daşıyan insan qəlbini sərtləşməkdən qoruyur; incitmədən sevməyi, hökm vermədən anlamağı və dərin bir mərhəmətlə yaşamağı öyrənir.

 

Mərhəmətlə bəslənən sevgi yalnız sözlə qalmır; səbir, fədakarlıq və qarşılıq gözləmədən göstərilən hər davranışla özünü ifadə edir. Belə bir sevgi sərtlikdən, kobudluqdan və qəddarlıktan uzaqdır, sevdiyini heç vaxt incitmir. Bu cür sevgi münasibətləri möhkəmləndirir, etibarı artırır, sadiqliyi dərinləşdirir və dostluğu daha da gücləndirir.

  • Könül alaraq, xoş sözlər söyləyərək nəzakətlə sevmək zərif bir sevgi anlayışıdır

Allah qullarına qarşı son dərəcə nəzakətli və mərhəmətlidir; onların hər bir vəziyyətini bilir və ona görə davranır. “Lətif” ismi (Lütf Sahibi, İncə davranan) insanlara sevgini incə, nəcib və zərif yaşamağı öyrədir. İnsan da sevdiyinə qarşı düşüncəli və nəzakətli olur; sözlərinə, tonuna və baxışlarına diqqət yetirir. O, sevgi ilə danışır, səbirli şəkildə dinləyir, tərifləyir və hörmət göstərir, beləliklə qarşındakının özünü dəyərli və xüsusi hiss etməsini təmin edir.

 

  • Çox yumşaq xasiyyətli olmaq sevgi bağını gücləndirir

Allahın “Halim” (Çox Yumşaq Olan) ismi sevgini canlı saxlayan ən gözəl isimlərdən biridir. Allah qullarını dərhal cəzalandırmaz. Onlara səbir, mərhəmət və hikmətlə yanaşır. Həqiqi sevgi də belədir. Həlim xasiyyətə sahib olan insan yumşaq, sakitləşdirici, öfkəsinə uymayan və kimsəni incitməyən bir şəxs olur. Mübahisələr zamanı sakitliyini qoruyur, nəfsini idarə edir və sevgini qorumağı üstün tutur. Çünki səbir, sevgini dərinləşdirir və onun davamlılığını təmin edir.

 

  • Çox bağışlayan və əfv edən olmaq sevginin əlamətidir

Sevgi bağışlamadan yaşaya bilməz. Allah səmimi qəlblə tövbə edən qullarını dəfələrlə bağışlayır. İnsan nə qədər səhv etsə də, içdən Allaha yönəldikdə Onun bağışlayıcılığını hiss edir. Həqiqi sevgi də Uca Allahın qullarına öyrətdiyi kimi bağışlama üzərində qurulmalıdır. Bağışlamanın olmadığı yerdə kin, qəzəb və intiqam doğur. Bu hisslər isə sevginin qarşısındakı ən böyük maneələrdir.

 

İnsan Allahın “Qəffar” və “əl-Afuv” (Çox Bağışlayan, Affı Bol Olan) isimlərini rəhbər tutduqda qəlbində kinə yer vermir. Keçmişdə yaşananları daim gündəmə gətirmir, üstün görünmək üçün kimsəni günahlandırmır və ya alçaltmır. Çünki səhvləri tez-tez xatırlatmaq sevgini zəiflədir və qəlbləri sərtləşdirir. Bağışlamaq insanı həm ruhən rahatladır, həm də yetkinləşdirir. Bağışlayan insan yüksək əxlaq sahibidir.

 

Əfvin hökm sürdüyü mühitdə etibar formalaşır. Etibarın olduğu yerdə isə həqiqi sevgi doğur. İnsan bağışladıqca qəlbi yumşalır, vicdanı dirçəlir və Allahla yaxınlığını daha dərindən hiss edir. Rəbbimiz ayədə buyurur:

“Sən bağışlama yolunu tut, yaxşı işləri əmr et və cahillərdən üz döndər!” (Əraf surəsi, 199)

  • Ədalətli olmaq sevgini ucaldır

Həqiqi sevgi ədalət üzərində qurulur. Allah “Ədl”dir — sonsuz ədalət sahibidir və heç bir quluna haqsızlıq etməz. Bu əxlaqı insana da öyrədir. Sevdiyinə qarşı ədalətsiz davranan, ayrı-seçkilik edən və ya eqoist hərəkətlərə yol verən insanın sevgisi səmimiliyini itirir, etibar isə zədələnir. Sevgi vicdanlı olmağı və qarşı tərəfin haqqına hörmət etməyi tələb edir.

 

Ədalət üzərində qurulan sevgi etibar yaradır və daimi olur. Bu, Allahın razı qaldığı sevgi yoludur. Rəbbimiz buyurur:

De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə xəlq etdiyi kimi (yenidən öz xilqətinizə) qayıdacaqsınız”.(Əraf surəsi, 29)

  • Sevgi sakitlik və rahatlıq verən bir hissdir

Uca Allah “Əs-Səlam” ismi ilə qullarına sakitlik, dinclik və etibar bəxş edir. Bu ismi həyatında daşıyan insan isə ətrafına rahatlıq və sevinc yayır. Həqiqi sevgidə qorxu, təzyiq və təhdidə yer yoxdur. İnsan sevdiyinin yanında dinclik tapır, özünü güvəndə hiss edir. Mömin “Əs-Səlam” ismini həyatına əks etdirdikcə olduğu mühitə sükunət gətirir, sevdiklərinə rahatlıq və etibar aşılayır. Belə bir sevgi Allahın razılığı üçün yaşanan bir ibadətə çevrilir.

 

  • Qarşılıqsız və daimi sevmək səmimi sevginin göstəricisidir

Allah qullarını qarşılıqsız, sonsuz və daimi bir sevgi ilə sevir. Bu sevgi insanın səhvlərinə və zəif cəhətlərinə baxmayaraq davam edir; şərtsizdir və əsla tükənmir. İnsan nə qədər səhv etsə də, səmimi qəlblə Allaha yönəldikdə yenə eyni sevgi ilə qarşılaşır. Çünki Allah “Vədud”dur, sevməyi və sevilməyi yaradan Odur.

 

İnsan “Əl-Vədud” ismini həyatına daxil etdikdə sevgini mənfəət münasibətindən azad edir. “Bunu edərsə, sevərəm” düşüncəsi aradan qalxır. Sevdiyini bütün qüsurları ilə qəbul edir, səhvləri böyütmür, qəlbində kin saxlamır. Kimsə onu incitdikdə dərhal üz çevirmir, tələsik hökm vermir. Daha səbirli, bağışlayıcı və anlayışlı olur. Sevgi artıq bir alış-veriş mövzusu olmur. “Şərtlə sevmək” anlayışı yox olur, çünki həqiqi sevginin yalnız Allahın razılığı üçün yaşanmalı olduğunu dərk edir.

Mömin insanları Allah üçün sevir. Buna görə də sevgisi keçici həvəsə, ani duyğulara və dünyəvi gözləntilərə bağlı qalmaz. Mənfəət bitdikdə sevgi də yox olmur; əksinə, daha da saflaşır və dərinləşir.

 

Nəticə: Allahın ən çox razı qaldığı sevgi

Sevgi bu dünyadakı ən dəyərli nemətdir. Allah dünyanı sevgi üzərində qurmuş, qullarını sevgi ilə yaratmışdır. Cənnətin özü belə sevgi ilə doludur. Həyatın hər sahəsinin mərkəzində sevgi dayanır. İnsanların, bitkilərin, heyvanların, bütün canlıların və hətta atomların belə mükəmməl yaradılışının təməlində yenə sevgi vardır.

 

Allah sevgini öyrədir, yaşadır və formalaşdırır. Bu şüurla sevən insan qarşılıq gözləmədən yaxşılıq edir, bağışlayıcı olur və hər bir çətinlik, hər bir qüsur qarşısında səmimi səbir nümayiş etdirir. Çünki etdiyi hər şey yalnız Allahın razılığı üçündür.

 

Bu səbəbdən həqiqi sevgi özündə təmiz niyyəti, sadiqliyi, vəfanı və nəzakəti daşıyır. Qulların bir-birini sevməsi də şəxsi istəklər və dünyəvi səbəblər üzərində deyil, yalnız Allahın razılığını qazanmaq niyyəti ilə olmalıdır. Peyğəmbərimiz (s.ə.v.) bu həqiqəti bir hədisində belə ifadə etmişdir:

“Bir-birinizi Allah üçün sevin.” (Müsnəd, Əhməd ibn Hənbəl, c. 5, s. 233)