İnsan, Allahın yaratdığı ən xüsusi varlıqdır. Onun yaradılışında dərin hikmətlər və gizli mənalar mövcuddur. Hər bir insanın, fitrəti etibarilə, sevməyə və sevilməyə ehtiyacı vardır. Bu, Allahın bəndələrinə bəxş etdiyi ən böyük nemətlərdən biridir. Sevgi olmadan insanın xoşbəxt, rahat və güvən dolu bir həyat yaşaması mümkün deyildir.

 

Sevgi, insanların tez-tez istifadə etdiyi bir söz olsa da, hər kəs tərəfindən müxtəlif şəkildə dəyərləndirilir. Quran, sevgini ağlın əsası kimi təqdim edir və onu dürüstlük, səbir, səmimiyyət, cəsarət və fədakarlıq kimi mənəvi dəyərlər üzərində qurur. Həqiqi və möhkəm sevgi yalnız bu xüsusiyyətlərin insanda təzahür etməsi ilə formalaşa bilər. Lakin, əksər insanlar, sevgini sanki özbaşına yaranan bir hiss kimi qəbul edirlər. Bu səbəbdən bir çox insan mənfəətə əsaslanan, müvəqqəti və saxta yaxınlığı həqiqi sevgi kimi dəyərləndirir. Onlar, sevginin qaynağını daha çox zahiri gözəllikdə, maddi varlıqda, uğurda və ya ictimai statusda axtarırlar. Halbuki sevgi, nəfsani istəklərə və şəxsi maraqlara əsaslanan səthi bir duyğu deyil. Belə münasibətlər zamanla mütləq şəkildə tükənir və insana arzu edilən rahatlığı deyil, yalnız məyusluq gətirir.

 

Həqiqi sevginin mənbəyi təvazökarlıqdır. Təvazökarlıq, insanın həm Allaha, həm də insanlara qarşı səmimiyyətlə, ədəb çərçivəsində və öz həddini bilən ruhla yanaşmağı deməkdir. Bu baxımdan təvazökarlıq, sevginin həm yaranmasını, həm də davamlı olmasını təmin edən ən mühüm xüsusiyyətlərdən biridir.

 

Təvazökarlıq Sevgini Dərinləşdirər

 

Təkəbbürlü insanda sevgi ola bilməz. Çünki təkəbbür, sevginin ruhunu zəhərləyir. Təkəbbürlü insan başqalarına yuxarıdan aşağı baxar, onu müsbət xüsusiyyətlərini deyil, yalnız qüsurlarına görə qiymətləndirər. Qarşısındakının çatışmazlıqlarına dözə bilməz və hər vəziyyətdə haqlı çıxmaq, üstün olmaq istəyər. Belə bir insan üçün daim öz nəfsi, mənliyi və arzuları ön planda olar. Başqalarına dəyər verməz, fədakarlıq etməz, bu səbəbdən sədaqətli və vəfalı da olmaz. Bu cür mühitdə əsl sevgini yaşaması qeyri-mümkündür. Təvazökarlıq, bir insanı onun nöqsanlarına baxmayaraq sevə bilməyin açarıdır. Çünki təvazökarlıq, insanın öz qüsurlarını və mənfi xüsusiyyətlərini dərk etməyinə, bunun nəticəsində ətrafındakı insanlara da daha anlayışlı və müsbət yanaşmağına səbəb olar.

 

İnsan təvazökarlıq vasitəsilə başqalarını da dəyərləndirə bilər. “Mən daha üstünəm” məntiqi ilə deyil, “qarşımdakı da mənim kimi Allahın bir bəndəsidir və ilahi ruhun təcəllisidir” fikri ilə yanaşar. Bu baxış aspekti sevgini adi bir hiss olmaqdan çıxardar, onu dərin mənalı ruh halına çevirər. Beləliklə, təvazökarlıq sevgini həm səmimi, həm də daimi edər.

 

Fədakarlıq olmadan sevgi olmaz. Fədakarlığın ilkin mənbəyi isə məhz təvazökarlıqdır. İnsan öz mənliyini ön planda tutduqda, onun prioriteti həmişə özü olar; təbii ki, başqaları həmişə ikinci planda qalar, lazımınca dəyərləndirməz və onların xoşbəxtliyini, rahatlığını, əmin-amanlığını təmin etmək üçün səy göstərməz. Təvazökar insan isə, sevdiyi insanın ehtiyaclarını öz ehtiyaclarından üstün tutar və ona uyğun davranar. Bunu edərkən də, çətinlik çəkməz; əksinə, Allah rizası və dərin bir sevgi ilə sevdiyi insanın ehtiyacını qarşılayar, rahatlıq verməklə sevinc, xoşbəxtlik və mənəvi rahatlıq taparlar. Bu fədakarlıq sevgini daha da dərinləşdirər və gücləndirər.

 

 

Təvazökarlıq Təkəbbürdən Uzaq Durmaqdır və Allah Sevgisinə Yaxınlaşdıran Ən Gözəl Yoldur

 

Təvazökarlıq yalnız insanlar arasındakı münasibətlərlə məhdudlaşmır; həm də bəndənin Allahla olan münasibətində mühüm rol oynayır. Təkəbbür, insanın Allaha yaxınlaşmasına ən böyük maneədir. Çünki təkəbbürlü insan özünü kamil hesab edər, Allah qarşısında acizliyini dərk etməz və buna görə də, Allaha tam təslim ola bilməz. Belə ki, şeytanın da Allahın əmrinə qarşı çıxmasının və Ona təslim olmamasının əsas səbəbi məhz təkəbbürlük idi. Uca Allah Adəmi yaradıb mələklərə və şeytana ona səcdə etməyi əmr etdikdə mələklər dərin təslimiyyətlə dərhal Allahın əmrinə tabe oldular, şeytan isə asi oldu. Şeytanın Allahın əmrinə qarşı təvazökar və itaətkar davranmamasının səbəbi şeytanın təkəbbürüdür.

 

Qurani Kərimdə bu mövzu belə bildirilir:

 

“Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və inkar edənlərdən oldu.” (Bəqərə surəsi, 34)

 

Təvazökarlıq sevginin ən saf və ən güclü təzahürüdür. Sevən insan sevdiyi insana və onun sözlərinə dəyər verər, hörmət edər və ona uyğun davranar. Təkəbbür sevgiyə xələl gətirir. Təvazökarlıq isə Allah sevgisini dərinləşdirən, bəndə ilə Rəbb arasındakı əlaqəni gücləndirən ən dəyərli xüsusiyyətlərdəndir.

 

Təvazökar insan Rəbbinə möhtac olduğunu və Onun lütfü olmadan heç bir nemətə sahib ola bilməyəcəyini şübhəsiz dərk edir. Bu şüur onun Allah sevgisini daha da gücləndirər. İnsan Allahı sevdikcə, Onun yaratdıqlarına olan məhəbbəti də artır. Əsl mənada Allahı sevən bir insan Onun yaratdıqlarını da imanının gücünə görə sevər.

 

Nəticə: Sevgi Təvazökarlıq Tələb Edir

 

Əsl sevgi nə təkəbbürlə, nə özünü üstün göstərməklə, nə də daim haqlı çıxmaq istəyilə bir arada yaşana bilməz. Sevgi yalnız təvazökarlıqla böyüyüb dərinləşər. Bir insanın sevdiyi şəxsin qarşısında özünü üstün tutmaması, səhv etdikdə bunu etiraf etməsi və zərurət yarandıqda barışmaq üçün ilk addım atması sevginin əsas şərtlərindən sayılır. Bu səbəbdən əsl sevginin ən möhkəm təməli məhz təvazökarlıqdır.

 

Təvazökar insan sevdiklərinin nöqsanlarını örtər, onların gözəlliklərini ön plana çıxarar və onlara mərhəmətlə yanaşar. Məhz bu cür yanaşma əsl sevgi yaradır. Həqiqi sevgi qarşısındakı insanı Allahın təcəllisi kimi görmək, onu uca tutmaq, ona dəyər verməkdir.

 

İman və təvazökarlıqla yaşanan sevgi insanın ruhuna rahatlıq gətirir. Belə sevgi qəzəbə qalib gəlir, küsülükləri aradan qaldırır, sədaqətin, vəfanın fədakarlığın mənbəyini yaradır. Əsl xoşbəxtlik Allahın rizasını əsas tutan bu sevgidədir.

 

Sevginin ən uca mərtəbəsi isə, Allah sevgisidir. Allahı sevən şəxs, Onun yaratdığı hər bir insana və canlıya şəfqətlə yanaşar. Bu sevgidə şəxsi mənfəətə və nəfsani arzulara yer yoxdur. Peyğəmbərimiz (s.ə.v) bu həqiqəti belə ifadə etmişdir:

 

“Sizdən biri özü üçün sevdiyini qardaşı üçün də sevmədikcə (həqiqi) iman etmiş olmaz.” (Buxari, İman, 7)