Allahın “Vəli” sifəti ərəbcədən tərcümədə “əl-Vəliyy” – “bütün kainatın və canlıların fəaliyyətinə cavabdeh olan, bəndələrini qoruyan, sevən, onlara sahib çıxan və yardım edən” mənalarını verir. Allahın bu uca sifəti hər şeyin sahibinin O olduğunu, bəndələrini çox sevdiyini və kainatdakı bütün detalları onların xeyri üçün yaratdığını ifadə edir. Rəbbimiz hər şeyi yaradan və hər şeyin məsuliyyətini Öz üzərinə götürəndir. Bizi ən çox sevən, ən yaxın dostumuz, ən yaxın vəlimiz Odur.

 

Allahın “Vəli” sifətinin təcəllisi olan qoruyub-himayə etmə xüsusiyyətini daha yaxşı qavramaq üçün Allahın digər sifətləri üzərində də düşünmək lazımdır. Məsələn, Allahın “Vədud”, yəni “bəndələrini sevən” sifəti bunlardan biridir. Həqiqətən, vəli olmanın, yəni dostluq və yaxınlığın mənbəyi sevgidir. Sevgi və vəlayət bir-birindən ayrılmaz dəyərlərdir. Birinə kömək etmək, ona sahib çıxmaq, onun işlərini öz üzərinə götürmək, yəni birinin vəlisi olmaq, o insanı çox sevməklə mümkündür.

 

 

BÜTÜN NEMƏTLƏRİ MÖMİNLƏRƏ BƏXŞ EDƏN ALLAHDIR

 

Allah həmd edilməyə və şükürə layiq olandır, həqiqi vəlidir. Onun dostluğu insan ağlının sərhədlərindən kənardadır. O, bəndələrini heç vaxt tərk etməz; həmişə onları bağışlayar və onlara mərhəmət edər. Mülkündə, qüdrətində və ucalığında heç bir şəriki yoxdur. Vəli olması, digər bütün sifətləri kimi, mütləqdir və daimidir. Möminləri zülmətdən nura çıxaran, onların ən böyük yardımçısı Odur. Bir ayədə Allah belə buyurur:

 

...Möminlərə kömək etmək isə Bizim borcumuzdur. (Rum surəsi, 47)

 

Uca Rəbbimiz olan Allah insanlara xas olan vəfasızlıq, xəyanət, laqeydlik, mərhəmətsizlik kimi sifətlərdən uzaqdır. Allah iman edən bəndələrinə hər cür nemət və rəhmət bəxş edən, onları əfv edən, bağışlayan, onlara Öz mülkündən, lütfündən, izzətindən verən, Haqqın müdafiəçiləri olma şərəfini onlara bəxş edəndir. Bəndələrinə hidayət verər, onları qoruyub dəstəkləyər, himayə edər, əfv edər və rəhməti ilə onları əhatə edər. Allah Özünün möminlərin vəlisi olduğunu ayələrdə belə bildirir:

 

Allah iman edənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. İnkar edənlərin dostu isə Tağutdur. Onları aydınlıqdan çıxarıb qaranlığa salarlar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

 

Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu elçi və (ona) iman edənlərdir. Allah möminlərin dostudur. (Ali İmran surəsi, 68)

 

Şübhəsiz ki, onlar səni Allahdan (Onun əzabından) heç cür qoruya bilməzlər. Həqiqətən, zalımlar bir-birinin dostudurlar. Allah isə müttəqilərin dostudur. (Casiyə surəsi, 19)

 

Sizin dostunuz ancaq Allah, onun elçisi, rüku edərək namaz qılan və zəkat verən möminlərdir. (Maidə surəsi, 55)

 

Onlar ümidsizliyə düşdükdən sonra yağışı endirən və Öz rəhmətini (yer üzünə) yayan da Odur. O, həqiqi dostdur, hər cür tərifə layiqdir. (Şura surəsi, 28)

 

Yoxsa onlar özlərinə Allahdan başqalarınımı himayədar götürdülər?! Halbuki əsil himayədar Allahdır. Ölüləri də O dirildir. O, hər şeyə qadirdir. (Şura surəsi, 9)

 

Allahın onların vəlisi, qoruyucusu və himayəçisi olduğunu peyğəmbərlər tez-tez dilə gətirmişlər. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) Allahın onun vəlisi olduğunu belə bəyan edir:

 

Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır. O, saleh əməl sahiblərini himayə edər. (Əraf surəsi, 196)

 

Hz. Musa özünün və qövmünün vəlisinin Allah olduğunu ifadə edərkən, Allahın “Bağışlayan” sifətini də zikr etmişdir. Həqiqətən, vəli olmaq, bağışlayan olmaqla da birbaşa bağlıdır:

 

Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən. (Əraf surəsi, 155)

 

Hz. Yusif Allahın onun vəlisi olduğunu belə bəyan etmişdir:

 

“Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusif surəsi, 101)

 

Allahın “Vəli” sifəti bəzi ayələrdə Allahın başqa sifətləri ilə birlikdə anılmışdır. “Nasir”, yəni “yardım edən” sifəti bunlardan biridir. Bu, Allahın insanların həm vəli olmasını boynuna götürdüyünü, həm də onlara daim kömək etdiyini ifadə edir. Çünki “yardımçı olmaq” da, əsl dostluğun, əsl vəli olmanın təməl xüsusiyyətlərindəndir. Allahın möminlərin vəlisi və yardımçısı olduğu ayələrdə belə qeyd olunur:

 

Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımçı olaraq da Allah kifayətdir. (Nisa surəsi, 45)

 

Hikaye Pini görüntüsü

Nə yerdə, nə də göydə siz (Allahı) aciz qoya bilməzsiniz! Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır. (Ənkəbut surəsi, 22)

 

Həqiqətən, göylərin və yerin hakimiyyəti Allaha məxsusdur. O dirildər və öldürər. Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır. (Tövbə surəsi, 116)

 

Göylərin və yerin hökmranlığının Allaha məxsus olduğunu və sizin Allahdan başqa heç bir himayəçinizin və yardımçınızın olmadığını bilmirsənmi? (Bəqərə surəsi, 107)

 

...Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar. (Bəqərə surəsi, 120)

 

Mömin Allaha qəlbən bağlı olduğu üçün təbii olaraq özü kimi Allaha qəlbən bağlı olan möminləri vəli qəbul edir. Mütləq vəlisi isə Allahdır. Hər işində, hər sıxıntı və ehtiyacında Ona üz tutur, Onun yardımı ilə rifaha çata biləcəyini unutmamaqla bərabər, qarşılaşdığı hər çətinliyin yalnız Onun istəyi ilə həll olunacağını bilir. Möminlərə qarşı Allahın buyurduğu gözəl əxlaqla davranır, Allahı vəli qəbul edən bütün möminləri vəli bilir və onlara qarşı vəli olmanın bütün tələblərinə əməl edir.

 

Allah möminləri bir-birinə vəli və məsul edərək, Öz sonsuz mərhəmət və şəfqətini onların üzərində təcəlli etdirir. Allah bir ayədə belə buyurur:

 

Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) Allah sənə yetər. O, köməyi ilə və möminlərlə səni dəstəkləyir. (Ənfal surəsi, 62)

 

Allah möminləri digər möminlərlə dəstəkləyir, onlara Öz yardımını mömin bəndələri vasitəsilə də göstərir.

 

 

NƏTİCƏ: MÖMİNLƏRİ ÇOX SEVƏN RƏBBİMİZ ONLARIN VƏLİSİ, HIMAYƏÇISI VƏ QORUYUCUSUDUR

 

Başımızı hansı tərəfə çevirsək, səmadan dağlara, ağaclardan dənizin dərinliklərinə, heyvanlardan bitkilərə qədər, baxdığımız hər yerdə saysız-hesabsız detallarla qarşılaşırıq. Kainatda hansı sistemi araşdırsaq, hər birində ecazkar həssas ölçü və quruluşlara rast gəlirik. Gördüyümüz və görmədiyimiz hər nöqtədə möhtəşəm bir uyğunluq və tarazlıq biz insanların təhlükəsizliyi, rahatlığı, zövqü və gözəllik duyğusu üçün hər zaman öz yerindədir.

 

Biz kresloda rahatca oturarkən, musiqi dinləyib əylənərkən, uzanıb kitab oxuyarkən və ya avtomobillə səyahət edərkən bir gün belə, “birdən dünya günəşə yaxınlaşıb qovrularsa və ya orbitindən çıxıb kosmosa sovrularsa”, “bəlkə ay başımıza düşər”, “birdən atmosferdəki oksigen bitər”, “birdən yer qabığı parçalanıb altındakı alovlar bütün dünyanı bürüyüb məhv edər” kimi narahatlıq hiss etmirik. Çünki bilirik ki, ətrafımızı əhatə edən sistemlərin hər biri bircə an belə dayanmadan milyardlarla ildir ki, möhtəşəm bir nizamla işləyir.

 

Dünya; atmosferi, yer səthinin formaları, temperaturu, maqnit sahəsi, elementləri, günəşə olan məsafəsi və daha bir çox xüsusiyyəti ilə həyat üçün ən uyğun şəkildə yaradılmış, trilyonlarla detal biz hələ doğulmamışdan əvvəl bizim üçün düşünülmüş, bütün quruluş və sistemlər ən həssas ölçü və tənzimləmələrlə təchiz edilmiş, hər şey olması gərəkən ən ideal, ən doğru yerə yerləşdirilmişdir.

 

Və hamımızın bildiyi bir həqiqət var ki, biz bu nizamı qurmaq üçün heç bir şey etməmişik. Dünyanın fırlanma sürətini və istiqamətini, yer üzünün həssas qida, su və azot dövranını, yer qabığının qalınlığını biz tənzimləməmişik. Hər an nəfəs almağı, ürəyimizin dayanmadan döyünməsini, hər nəfəsdə oksigen udmağı özümüz təmin etməmişik.

 

Bütün bu xüsusiyyətlər və daha milyardlarcası bizi yaradan, bizi bizdən daha çox sevən, yaxın qayğısı, şəfqəti, mərhəməti, himayəsi ilə, yəni “Vəli” sifəti ilə bizi hər an qoruyub saxlayan Uca Rəbbimiz tərəfindən qüsursuz şəkildə nizamlanmışdır. Biz sadəcə bir gün gözlərimizi bu dünyaya açdıq və özümüzü bu qorunan yerdə, saysız-hesabsız təfərrüatdan ibarət bir möcüzələr zəncirinin içində tapdıq.

 

Kainatda və yaşadığımız dünyada möcüzəvi detallar həyatımızı ən rahat şəkildə mümkün edərkən, ətrafımız da xoşumuza gələcək saysız-hesabsız gözəllik və möcüzələrlə əhatə olunmuşdur. Təbiətdəki estetika və ehtişam; bitki və heyvanlardakı müxtəliflik; çiçəklərdəki misilsiz sənət, yarpaqlarındakı möhtəşəm rəng çalarları, qoxularındakı xoş ətir; meyvə və tərəvəzlərdəki fərqli və bənzərsiz rənglər, formalar, dadlar və qoxular; suyun duruluğu; havanın yüngüllüyü; ağacların gözoxşayan, hüzur verən görünüşləri; qar dənəciklərindəki mükəmməl simmetriya; körpələrin məsumluğu; pişiklərin, itlərin, dovşanların o sevimli halları... Hər biri Allahın bizə duyduğu sevgi, qayğı və şəfqətin saysız-hesabsız göstəriciləri, Allahın bizə olan sonsuz lütfünün bir parçasıdır.

 

Bu möhtəşəm zərif sənət, bu şəfqət, mərhəmət, sevgi və himayə qarşılığında Uca Rəbbimizin bizdən istədiyi isə bizim də Onu sevməyimiz, Onu ən yaxın dost, yəni “vəli” qəbul etməyimiz, Onun gücünü və üstünlüyünü anlamağımız, Onu uca tutmağımız, Ona şükür edərək önümüzə sərdiyi sonsuz nemətin dəyərini bilməyimiz və Onun bəyəndiyi əxlaq və davranışlar çərçivəsində hüzur və sevgi dolu bir həyat sürməyimizdir.