Ölümdən sonra axirət həyatında əbədi cənnətin varlığı, Uca Allahın müjdələdiyi həqiqətdir. Cənnətə girməyə layiq olanlar, bütün arzularının təmin olunacağı nemətlərlə dolu, qüsursuz gözəlliklərə sahib bir yerdə əbədi yaşayacaqlar.

 

Rəbbimiz Quranda cənnəti sonsuz və qüsursuz gözəllikləri ilə ətraflı və detallı şəkildə təsvir etmişdir. Lakin cənnəti dəyərli edən əsas məqam, maddi imkanların çoxluğu və ya nemətlərin bolluğu deyil. Onu həqiqi mənada cənnət edən xüsusiyyət, bütün bu nemətlərə ruh və mənəvi dəyər qazandıran “sevgidir.” Cənnətdə çiçəklərdən köşklərə, geyimlərdən musiqiyə qədər hər detalda Allahın sənətinə olan heyranlıq vardır. Cənnətə layiq olanlar isə bu sevgini ən saf və dərin şəkildə yaşayan şəxslər, yəni möminlərdir.

 

İman edib yaxşı işlər görənlərə gəldikdə, onlar üçün məskən olaraq Firdövs cənnətləri vardır. (Kəhf surəsi, 107)

 

 

Dünyada Sevgini Öyrənməyin Zəruriliyi

 

İnsan sevgini öyrənmədən cənnətə daxil olsa, qəlbi və ruhu boş olar, cənnət nemətlərindən zövq ala bilməz. Çünki cənnət, Allahın yalnız sevgini dərk edənlər üçün hazırladığı bir məkandır. Dünyada sevgini öyrənmək, Allahın təcəllilərini sevmək və yalnız Allahın iradəsinə tabe olmağı qavramaq, cənnətə layiq olmanın əsas şərtidir.

 

“İmtahan” adlandırılan vəziyyət də əslində məhz bu məqsədi daşıyır:

 

O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır. (Mülk surəsi, 2)

 

Ayədə bildirildiyi kimi, çətinliklər və zahirən xoşagəlməz kimi görünən hadisələr, dünya həyatında insana sevgi və fədakarlığı öyrədən bir kurs rolunu oynayır.

 

Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver! (Bəqərə surəsi, 155)

 

Ayədə bildirildiyi kimi, səbirli olan, Allah yolunda yaşamağa qərarlı olan və sevgini qəlbinə yerləşdirən şəxs cənnətə sahib ola bilər; çünki cənnət yalnız sevgini bilən və sevməyi bacaranlara Allahın izni ilə açılan bir qapıdır.

 

 

Sevgini Öyrənmədən Cənnətə Daxil Olmaq Mümkün Deyil

 

Dünya həyatı yalnız bir imtahan yeri deyil, həm də sevginin öyrənildiyi və insanın cənnət üçün yetkinləşdiyi bir təhsil yeridir. Dünyadakı təhsili keçmədən cənnətə girilsə, cənnətin əsl mənası itər. Dünyadakı təcrübə sayəsində cənnətin gözəllikləri həqiqi məna qazanır.

 

İnsan fədakarlıq etdikcə, çətinliklərə səbir göstərdikcə, gözəl sözlü və incə düşüncəli olduqca sevgini öyrənər. Allahın sənətini, yaradılışındakı incəlikləri və təcəllilərini dərk edən bir insanın sevgi anlayışı daha da dərinləşər:

 

 O (müttəqilər) ki, bolluqda da, qıtlıqda da infaq edər, qəzəblərini udar və insanları bağışlayarlar. Allah yaxşılıq edənləri sevər. (Ali İmran surəsi, 134)

 

Bu gözəllik cəmiyyətə yayıldıqda, insanları narahat edən və xoşbəxtliyinə maneə olan hər cür mənfi təsir də aradan qalxar:

 

Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər. (Furqan surəsi, 63)

 

Bütün bu gözəlliklərin hakim olduğu yerdə cənnətin xüsusiyyətləri təzahür edər. Allahın Quranda bildirdiyi və sevgini əsas alan bütün yüksək əxlaqi dəyərlər insanlara cənnət kimi bir həyat təqdim edər. İnsan sevgini öyrəndikcə ətrafında da bu yüksək əxlaqın təsiri görünər.

 

Bu gün yer üzündə müşahidə olunan bədbəxtlik, münaqişə, narahatlıq və sevgisizlik, əslində, sevgisizlikdən qaynaqlanır. İnsan sevgini öyrəndikdə həm öz daxili dünyasını, həm də ətrafını cənnət kimi gözəlliyə çevirər. Allahın rizasını qazandıran yüksək əxlaqi xüsusiyyətlərin hakim olduğu cəmiyyət, dünyadakı cənnətin təzahürü kimidir. Sevgi dolu olmaq, nəzakətli, incə düşüncəli, yardım sevər, fədakar, estetik anlayışı və gözəlliyin dəyərini bilən və bu əxlaqi dəyərlərin yaşandığı cəmiyyətdə insanlar hüzur və rifah içində olarlar.

 

Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir. (Nəhl surəsi, 90)

 

 

Nəticə: Sevgini Heç Vaxt Tərk Etməmək Cənnətin Xüsusiyyətidir

 

Sevgi olmadan cənnətin mənası itər; çünki Allaha olan sevgi, cənnətdəki bütün varlıqlara olan sevginin əsasını təşkil edir. Allaha eşq ilə yönələn, Allahın təcəllilərini eşq ilə dərk edən və Quranda göstərilən yüksək əxlaqı həyatında yaşamağa qərarlı olan bir mömin, dünyada ikən cənnətin ləzzətini hiss etməyə başlayar.

 

İnsanın dünyada var olmasının əsl məqsədi, sevgini öyrənmək, sevgini yaşamaq və cənnət üçün sevgiyə hazırlıq görməkdir. Cənnətdə sevgi daimi və sonsuzdur, ən böyük nemət və gözəllik olaraq təzahür edər. Sevgi olmadığı təqdirdə cənnətin heç bir mənası qalmaz. Mömin Allahı sevdiyi üçün cənnətdəki hər şeyi də sevər.

 

Dünyadakı çətinliklər içində Allaha dərin bağlanmaq, cənnətin ehtişamını və gözəlliyini daha da artırar. Çünki bu imtahanlar möminin Allaha olan sevgisini daha da artırar və dərinləşdirər. Cənnəti həqiqətən cənnət edən də məhz bu dərinlikdir: Allahı sonsuz və ən səmimi şəkildə sevmək. Cənnətin zənginliyi və oradakı nemətlərdən həqiqi zövq almağın əsası, Uca Allaha olan bu dərin sevgidə gizlidir.

 

İman edib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur! (Büruc surəsi, 11)