Cənnət yalnız sevməyi bilən və sevgini yaşamağı bacaran insanların həqiqi xoşbəxtliyi tapa biləcəyi yerdir. Allah Quranda cənnəti və onun nemətlərini bizə ətraflı şəkildə bildirir. Ora qüsursuz gözəllik, dərin rahatlıq, sevinc və bitməyən xoşbəxtliklə doludur.

İnsan bütün bu nemətlərin həqiqi dəyərini yalnız Allahı sevdikdə və Ona bağlandıqda anlayır.
Sevməyi bilməyən, incəliyi və gözəlliyi qiymətləndirməyən, qəlbi sərtləşmiş bir insan cənnətdən həzz ala bilməz. Təsəvvür et: çox möhtəşəm, zövqlə bəzədilmiş, sənət və estetikanın ən gözəl nümunələri ilə dolu bir saraya girirsən. Amma içindəki gözəllikləri görmür, sadəcə boş baxışlarla dolaşıb çıxırsan. Belə insan oradan heç nə anlamadan ayrılar.
Sevməyi bilməyən bir insan da cənnətin nemətlərinə eyni şəkildə yad qalır.
Hətta təsəvvür edək ki, belə bir insan cənnətə daxil olur. Lakin o, oradakı dərin mənanı, incəliyi və gözəlliyi dərk edə bilmir. Çünki cənnət yalnız Allahı sevən, Onun yaratmasının möhtəşəmliyini anlayan və həyatını Onun razılığı naminə yaşayanlar üçün hazırlanıb.
Quranda bildirildiyi kimi cənnət sonsuz gözəllik, incə zəriflik və hikmət məkanıdır. Burada üstün əxlaqlı, seçkin və yüksək səviyyəli insanlar yaşayır. Cənnətdə kin, həsəd və mənasız, boş sözlərə yer yoxdur. Cahiliyyə əxlaqına aid pis xüsusiyyətlərin heç biri cənnətdə yoxdur.
“Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.” (Vaqiə surəsi, 25-26)
“Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.”(Hicr surəsi, 47)
Dünyada olduğu kimi əbədi qalınacaq cənnətin də ən əsas xüsusiyyətlərindən biri Allahın insanlara bəxş etdiyi sevgidir.
Cənnətin hər köşkündə, hər çiçəyində, hər bir incə detalında Allahın sənətini görən, Ona heyranlıqla yanaşan və bu gözəlliklər üçün şükür edən insan cənnətə layiqdir. Çünki bu gözəlliklər Allahın isim və sifətlərinin təzahürləridir.

Allahın zatını insan tam olaraq dərk edə bilməz. Amma Onun isim və sifətləri yaradılmışlarda özünü göstərir. Məsələn, bir ananın şəfqətində “Rəhman”, bir çiçəyin böyüməsində “Rəzzaq”, ədalətli bir hakimin qərarında isə “Ədl” ismi təzahür edir.
Bu təcəlliləri görə bilmək insanın Allaha yaxınlaşmasına və Ona olan sevgisinin artmasına səbəb olur.
Cənnət əhlinin bu şükrü Quranda belə bildirilir:
“Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” (Fatir surəsi, 34–35)

Bu dərin sevgi asanlıqla yaranmır. O, dünyada yaşanan çətinliklərlə, səbrlə və fədakarlıqla formalaşır. İnsan hər hadisədə Allahın təcəllisini görməyi öyrəndikcə qəlbi yumşalır, sevgisi artır. Allahın yaratdıqlarındakı hikməti görməyən, sevməyi öyrənməyən insan cənnətə hazır ola bilməz. Çünki dünya bir məktəb kimidir. Burada insan öyrənir, böyüyür, dərinləşir. Cənnətə layiq olanlar isə dünyada sevməyi bacaranlardır.
Möminin cənnətə olan həsrəti onun dünyadakı davranışlarında da özünü göstərir. Gözəl sözlü olmaq, incə davranmaq, səbirli və fədakar olmaq, nəzakətli və mehriban davranmaq, gözəlliyi axtarmaq və olduğu mühiti gözəlləşdirmək…
Bütün bunlar əslində insanın qəlbində daşıdığı “cənnət arzusu”nun yer üzündəki təzahürləridir.
Allah sevgisi bütün sevgilərin mənbəyidir. Uşağa duyulan sevgi, çiçəyə hiss edilən heyranlıq, insana bəslənən məhəbbət – bunların hamısı Allahın insanın qəlbinə yerləşdirdiyi duyğulardır. Allahı anmadan bu sevgiləri yaşamaq sevginin mahiyyətini itirmək deməkdir. Çünki sevginin əsil qaynağı Allahdır.
Allahın sənətini və qüdrətini dərk edərək sevmək isə insanı ucaldır. Bu cür sevgi qəlbi saflaşdırır və insanı cənnətə hazırlayır.
Sevməyi bilməmək həm bu dünyada, həm də əbədi həyatda insan üçün ən böyük itkilərdəndir. Dünya sevməyi bacaran insanların çoxluq təşkil etdiyi bir yerə çevrildikdə rahatlıq və xoşbəxtlik də onunla birlikdə gələcək. Çünki bu gün yer üzündə gördüyümüz bir çox mənfi halların kökündə sevgisizlik dayanır.
Bu səbəbdən sevgini qurmaq, yaşatmaq və yaymaq ən həyati və ən mühüm məsələdir.
Quranda buyurulur:
“Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır.”(Ali-İmran surəsi, 104)


