İnsan yaradılışı etibarilə sevgiyə möhtac varlıqdır. Sevgiyə ehtiyacı olmaqla yanaşı, təbiətcə sevgi, mərhəmət, təvazökarlıq kimi imandan qaynaqlanan əxlaqi xüsusiyyətlərə malik olduğu təqdirdə hüzur tapan varlıqdır. Quran əxlaqına əsaslanan xüsusiyyətlər olmadıqda isə bunların yerini nifrət, təkəbbür və qəzəb tutur. Bu gün dünyadakı müharibələrin, münaqişələrin və zülmün mənbəyində sevginin təməli olan Quran əxlaqından uzaqlaşmaq dayanır. Çünki səmimi və dərin imandan qaynaqlanan sevgi qəlbə yerləşdikdə həmin qəlbdə pislik cücərməz.
Cinayət və nifrət Allahın unudulmasıyla başlayır
İnsan Quran əxlaqından uzaqlaşdıqda fərqində olmadan pisliyə yönəlir və tədricən qəlbi qaralır. Mərhəmət, şəfqət, vicdan duyğuları tərk edildiyi üçün qaralmağa başlayan qəlbdə nifrət, hərislik, intiqam kimi insanın yaradılışına uyğun olmayan, insanın özünə və ətrafına zərər verən xarakter formalaşır.
Allah Quranda belə bildirir:
Xeyr! Əksinə, qazandıqları günahlar onların qəlblərini bürümüşdür. (Mutaffifin, 83/14)
Halbuki mömin qəlbini hər gün tövbə, şükür və dua ilə təmizləsə, başına necə pis hadisə gəlsə də, qədər və sevgi gözüylə baxdığı üçün o neqativliyi hiss etməz.

Bu gün əxlaqi degenerasiya və cinayətlərin artması, insanların bir-birinə qarşı tolerant yanaşmaması, kiçik mübahisələrin böyük davalara çevrilməsi əslində Qurana əsaslanan imani və əxlaqi dəyərlərdən uzaqlaşmağın nəticəsidir. İmani cəhətdən zəifləyən cəmiyyətdə islahatlar və qanunlar artsa da, şəfqət, mərhəmət və bağışlama azalacaq, yerini nifrət, kin və səbirsizlik tutacaq.
Rəbbimiz bunu Quranda bildirmişdir:
Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı ürcah edərik və onun yaxın dostu olar. (Zuxruf, 43/36)
Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər. (Cinn, 72/17)
Nifrətin çarəsi sevgidir
Sevgi insanı imani cəhətdən kamilləşdirən və Allaha yaxınlaşdıran xüsusiyyətdir, çünki Allah üçün sevən öz mənfəətini deyil, təmiz niyyətlə Allahın rizasını əsas götürür. Şəxsi mənfəət güdülməyən bu cür sevgidə insanın görünüşü, maddi vəziyyəti, milliyyəti, məzhəbi, dərəcəsi deyil, Allah qatındakı dəyəri önəmlidir. Quranda Rəbbimiz belə buyurur:
Şübhəsiz ki, möminlər qardaşdırlar. Ona görə də qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm olunsun. (Hucurat, 49/10)
Bu ayə əslində bütün ictimai problemlərin həllidir. Çünki qardaşlıq şüuruyla hərəkət etdikdə cinayət, nifrət, qəzəb və intiqam hissləri qalmır. Mömin pis hərəkət gördükdə qardaşına eynisilə qarşılıq verməyi və ya pislik etməyi deyil, Allahdan onu bağışlamasını istəyər.
Həqiqi hüzur və təhlükəsizlik Allahın zikriylə mümkündür

Dövlətlər cinayətlə mübarizə üçün qanunlar qoyur, cəzaları artırır, kameralar yerləşdirir. Ancaq Allah qorxusundan qaynaqlanan vicdan və mərhəmət olmadıqda əmin-amanlıq olmur.
Cəmiyyəti ayaqda saxlayan şey qorxu deyil, sevgidir. Sevgini diri tutan isə səmimi iman və imanla gələn təfəkkürdür. Allah möminin davranışlarının mərhəmət, yaxşılıq və sevgi əsaslı olduğunu Quran ayələrində açıq-aydın bildirir.
Allah yolunda infaq edin! Öz əllərinizlə özünüzü təhlükəyə atmayın! Yaxşılıq edin! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir. (Bəqərə, 2/195)
Həqiqətən, Allah pis işlərdən çəkinən və yaxşı işlər görənlərlə birlikdədir. (Nəhl, 16/128)
Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. (Maidə, 5/32)
Sevgi imanın meyvəsidir
Sevgi dərin və səmimi imanın meyvəsidir. İman zəifləsə, meyvə də quruyar. Nifrət, kin, cinayət duyğuları bu quraqlıqdan qidalanır.
Qəlb Allahla bərabər olduqda Allah həmin insana verdiyi nemətini və bərəkəti artırar, nəticədə onun həyatı ümid etdiyindən daha çox hüzurlu, sevincli olar.
Rəbbimiz bunu Quranda aşağıdakı kimi bildirir:
Allahın iman gətirib yaxşı işlər görən qullarına verdiyi müjdə budur. De: “Bunun müqabilində sizdən sevgidən başqa heç bir əvəz istəmirəm”. Kim yaxşı bir iş görərsə, orada onun yaxşılığını artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır, şükrün mükafatını verəndir. (Şura, 42/23)
Peyğəmbərimiz (səv) bir hədisində belə buyurur: “Siz iman gətirmədikcə cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız.” (Müslim, İman 93)
Əsl həll yolu burada gizlənib. Nifrəti, kini, cinayəti aradan qaldırmağın yolu insanlara quru sözlərlə sevgi öyüdü vermək yox, sevginin təməli olan iman dərinliyini və kamilliyi yenidən qəlblərə yerləşdirməkdir. Çünki Allah sevgisi qəlbə yerləşdikdə insan pisliyə meyil etməz, heç kimi incitməz, haramdan uzaq olar.

Cəmiyyətdə nifrət və kinin yerini hüzur və bərəkət mühitinin tutması qanunlarla, cəza sistemlərilə və ya ictimai kampaniyalarla deyil, insanların dərin iman qazanması və nəticədə qəlblərinə sevginin yerləşməsilə mümkündür. Qəlbi sevgi ilə dolu olan insan nə nifrət bəsləyər, nə də zərər verər. Çünki qəlbində Allah sevgisi olan biri Allahdan qorxar və Allah verən həyatın qiymətini bilər, insanın dəyərini anlayar. Cəmiyyətdə əmin-amanlıq insanın içindəki bu sevgi ilə başlayar. İnsanın qəlbinin hüzurlu olmasının yolunu Rəbbimiz Quranda belə bildirmişdir:
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad 13/28)


