Möminlərin həyatı hər dövrdə mübarizə və sınaqlarla dolu olur. İman gətirənlərin Quran əxlaqını yaymaq və insanları doğru yola dəvət etmək cəhdlərinə qarşılıq olaraq, inkar edənlərin onları təzyiq, təhdid, həbs və sürgün kimi müxtəlif üsullarla susdurmağa çalışdıqları görülür.

 

Lakin bu təzyiqlərin səbəbi möminlərin hər hansı bir səhvi, ifrat davranışı və ya ehtiyatsızlığı deyil. Əksinə, inkar edənlərin daxili dünyasında möminlərə qarşı əvvəlcədən formalaşmış bir kin və düşmənçilik hissi mövcuddur.

 

Allah bu gerçəyi Quranda belə bildirir:

“Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər”.(Ali İmran surəsi, 120)

İnkar edənlərin münasibəti yalnız möminlərin zərər görməsini kənardan izləməklə məhdudlaşmır. Fürsət əldə etdikdə onları aradan qaldırmaq, zəiflətmək və ya təsirsiz hala gətirmək üçün hər cür yola əl atırlar.

 

Məsələn, Hz. Yusifin qardaşları ona pislik etdiyi üçün deyil, qəlblərində böyütdükləri dərin qısqanclıq səbəbilə düşmənçilik etmişdilər. Buna görə də “Hz. Yusif fərqli davransaydı, qardaşları ona zərər verməzdi” düşüncəsi doğru yanaşma deyil.

 

Çünki hadisənin əsas səbəbi onların İslam əxlaqına zidd olan həsəd, qısqanclıq və kin kimi cahiliyyə duyğularına təslim olmaları idi. Onları Hz. Yusifə qarşı tələ qurmağa aparan həqiqi səbəb də məhz bu mənəvi zəifliklər idi. Quranda bu həqiqət belə xəbər verilir:

“Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”.” (Yusuf surəsi, 8-9)

Digər tərəfdən, Hz. Yusifin atıldığı quyu insanların daim hərəkətdə olduğu, izdihamlı bir yer deyildi. Ayələrdən anlaşıldığına görə, bu daha çox karvanların su ehtiyacı üçün dayanıb istifadə etdiyi bir quyu idi. Buna görə də Hz. Yusif orada nə qədər qalacağını, xilas olub-olmayacağını bilmirdi. Hətta insanlar tərəfindən tapılsa belə, qarşısına hansı insanların çıxacağını və onların ona necə davranacağını da təxmin edə bilmirdi.

 

Buna baxmayaraq, Hz. Yusif “Niyə quyuya düşdüm, kaş belə etməsəydim” kimi səthi və etiraz dolu bir düşüncəyə qapılmadı. Çünki belə bir yanaşma Allahın təqdirinə şübhə etmək, Allah qorusun, Ona sanki hökm verməyə çalışmaq kimi bir məna daşıyır. O isə səbir və təvəkkül ilə Allaha tam güvənmiş, mütləq təslimiyyət göstərmişdir. Nəticədə isə quyuya atılmasının arxasındakı xeyir və hikmətlər üzə çıxmışdır.

 

Məhz buna görə Allah iman edənləri bu həqiqətlə xəbərdar etmişdir:

“Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”. (Bəqərə surəsi, 216)

Quranda “Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur.” (Ənam surəsi, 59) ayəsinə əsasən hər şeyin Allahın nəzarətində olduğunu dərk etməyən zahiri baxışlı və təvəkkülsüz bir insan asanlıqla şübhəyə və qorxuya düşə bilər. Səmimi bir möminin də etdiyi və ya etmədiyi bir şeylə həyatının axışını dəyişdirə biləcəyini düşünməsi Qurana uyğun bir baxış deyil. Çünki Allah hər şeyin yaradıcısıdır və ən kiçik detal belə Onun elmi daxilində və idarəsi altındadır:

“Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”. (Yunus surəsi, 61)

Yaşanan qədər Allahın təqdiri və ən gözəlidir

 

Hər bir müsəlman xeyirli gördüyü şeyləri Allahdan istəyir və bilir ki, istəkləri həyata keçirən də, xeyir və şər olaraq təqdir edən də Allahdır. Həyatımızdakı hər hadisə, hər söz, hər səhv və ya uğur Allahın müəyyən etdiyi incə bir plan daxilində baş verir. Allah “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!” (Ali İmran surəsi, 168) ayəsi ilə qədəri qəbul etməyənlərin səhvini və cahilliyini ortaya qoyur.

 

Bir möminin yaşadığı çətinliklərin səbəbini gəncliyini və ömrünü Allah yolunda fədakarlığa həsr etmiş başqa bir möminə və ya möminlərə yükləməsi həm böyük bir nankorluq, həm də dərin bir cahillik əlamətidir. Daha da ağır olan isə “belə olmasaydı, bu baş verməzdi” kimi çirkin və dayaz bir məntiqlə səbəb axtarmaq Allahın təyin etdiyi qədərə qarşı çıxmaq deməkdir ki, bu da səmimi bir tövbə ilə düzəldilməli ciddi bir yanlışlıqdır.

 

Məsələn, Hz. Musa dövründə də bəzi Yəhudilər “Sən bizə peyğəmbər gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi.” (Əraf surəsi, 129) deyərək yaşadıqları çətinliklərə görə Hz. Musanı məsul tutmuşdular. Bir çox ayədə bu üslub imani dərin olmayan insanlarda çətin vaxtlarda ortaya çıxan tipik bir xüsusiyyət kimi göstərilir:

“Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır, lakin onların çoxu bunu bilmir.” (Əraf surəsi, 131)

Eyni vəziyyət Hz. Saleh dövründə də baş vermişdir. Səmud qövmü Hz. Salehə “Sənin üzündən uğursuzluğa düçar olduq” demiş, Hz. Saleh isə belə cavab vermişdir: 

“Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir qövmsünüz”. (Nəml surəsi, 47)

İmtahan səbəbilə xoşuna gəlməyən çətinliklərlə qarşılaşan insanların bu çətinlikləri bir şəxsə və ya hadisəyə bağlaması Quranı tam dərk etmədiklərinin göstəricisidir. Çünki insanlar onları sevən, nemət verən və onlar üçün sonsuz cənnəti istəyən Allahın təyin etdiyi ən xeyirli qədəri yaşayır və ondan kənara çıxa bilməzlər. Yəni bir hadisə min dəfə geri qaytarılıb yenidən yaşansa və bütün tədbirlər görülsə belə, yenə də eyni nəticə baş verər. Rəbbimiz bu həqiqəti belə bildirir:

“Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır”. (Hədid surəsi, 22)

“Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir”. (Hədid surəsi, 23)

Bu ayələrdən də aydın olur ki, baş verənlərin Allahın iradəsi ilə olduğunu bilməmək və imtahan olunduğunu dərk etməmək insanı yanlış nəticələrə aparır. Görünüşdə məntiqli kimi görünsə də, bir möminin başqasını davamlı tənqid etməsi və “belə etməsəydin belə olmazdı” deməsi Quran əxlaqına uyğun deyil.

 

Nəticə olaraq insanın həyatında qarşılaşdığı hər an və hər çətinlik zahiri səbəblərlə baş vermir, hər biri Allahın təyin etdiyi imtahanın bir hissəsidir. Mömin hadisənin arxasındakı ilahi hikməti dərhal görə bilməsə belə, Quran əxlaqına uyğun olaraq təmkinli və təvəkküllü davranır, nəfsani səbəblərlə başqalarını günahlandırmır. “Belə etməsəydin belə olmazdı” demək isə, Allah qorusun, qədəri bəyənməmək və Allahın yaratdığı bir hadisəni bir insana yükləmək mənasına gəlir. Halbuki mömin bilir ki, hər şey yalnız Allahın iradəsi ilə baş verir və heç kimin özbaşına bir gücü yoxdur. Buna görə də mömin çətinliklərdə səbəb axtarmaqdan çox, həmin hadisələri ibrət və hikmətlə dəyərləndirir, hər halı səbir və şükürlə qarşılayaraq Allahın təqdirinə təslim olur.