"Vəli" anlayışı adətən nəfsi ehtiraslardan təmizlənmiş, dünyadan əlini çəkmiş, pisliyə həmişə yaxşılıqla cavab verən kamil əxlaqlı insanlar üçün işlədilir. Bu insanlarda ilk baxışdan heyrətamiz davranış mükəmməlliyi nəzərə çarpır. Nəfslərilə hərəkət etməmələri onların ən əsas xüsusiyyətlərindəndir. Onlar öz rahatlıqlarını, öz istək və arzularını deyil, başqalarının rahatlığını və istəklərini ön planda tutan bir anlayışa sahibdirlər.

Allah məhəbbəti vəlilərin həyatlarının yeganə mənasıdır

Vəlilərin ən önəmli xüsusiyyətləri Allah'a böyük bir məhəbbətlə aşiq olmaları, baxdıqları hər yerdə yalnızca Allah'ı görmələri və O'nun məhəbbəti ilə dəli-divanə olmalarıdır. Vəlilər Allah'ın Zatını məhəbbətlə sevdikləri kimi, Allah'ın yaratdıqlarını da Allah məhəbbəti ilə sevərlər. Bütün insanlara, heyvanlara, bitkilərə, canlı və cansız bütün yaradılanlara Allah məhəbbəti ilə baxar, Onun təcəllisi olduqları üçün qəlblərində hər birinə qarşı böyük maraq və heyranlıq hiss edərlər. Bütün insanları müsbət gözlə qiymətləndirir, pis tərəflərini deyil, gözəl tərəflərini görməyə çalışır, onların yaxşılığını istəyir, xeyir içində, xoşbəxt və sağlam yaşamalarını diləyirlər. Qəlbləri hər an Allah məhəbbəti ilə döyünən vəlilərin imanı yalnızca dillərində deyil, qəlblərindədir. Onlar Allah'a ən səmimi hisslərlə yönəlir, O'na içdən və dərin bir imanla bağlanırlar. Vəlilərin bu xüsusiyyətləri Quranda belə bildirilir:

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! (Ənam surəsi, 162)

Vəlilər həqiqi möminlərdir. Həqiqi möminlik, Allah məhəbbətini, Quranın əmr etdiyi gözəl əxlaqı dərindən yaşamaqdır. Çünki din məhəbbətdir, gözəl əxlaqdır, anlayışdır, təvazökarlıqdır, şəfqətdir, mərhəmətdir, uzlaşdırıcılıqdır, birləşdiricilikdir. Qur’anın əmrinə uyğun olaraq, yaradılmışlara qarşı məhəbbət dolu olmayan, onlara qarşı anlayışlı, şəfqətli və mərhəmətli davranmayan, bağışlayıcı, uzlaşdırıcı bir münasibət göstərməyən bir insanın həqiqi mömin olması tamamilə mümkün deyil. Həqiqi möminlik yalnız və yalnız coşğun bir Allah sevgisinə sahib olmaqla mümkündür. İnsan yalnız qəlbində dərin bir Allah məhəbbəti olduğu zaman dinin tələblərini tam olaraq yerinə yetirəcək, bütün həyatında Allahın razı olacağı gözəl davranışlar sərgiləyəcəkdir. Rəbbimiz vəlilərin sahib olduğu bu gözəl əxlaqa belə işarə edir:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)

Nəticə: Allah’ın bəyəndiyi yüksək və coşğulu məhəbbət vəlilərdə rast gəlinir

Vəlilər, bütün şəxsiyyətləri, hal və hərəkətləri ilə əsl sevgi insanıdırlar. Allah’ın razı olmayacağı bir şey etməkdən, O'nun bəyənməyəcəyi hərəkətlər sərgiləməkdən qətiyyən çəkinirlər. Hər hadisə qarşısında Allah’ın tərəfində olurlar, baş verən şeylər özlərinə zərər verəcək kimi görünsə də, bunun Allah tərəfindən yaradıldığını və bu səbəbdən mütləq bir xeyir olduğunu unutmazlar. Heç vaxt təvəkkülsüz bir davranış sərgiləməzlər.

Allah'a bu qədər dərin bir məhəbbətlə yönələn vəlilərin insanlara yaxınlaşma tərzi də hər zaman müsbət və pozitivdir. İnsanlar arasında fərq qoymazlar, hər kəsi sevər və hər kəsə qucaq açarlar. Allah’ın çox bəyəndiyi bu ideal əxlaqı hər bir müsəlman nümunə götürməli və özündə daşımalıdır. Hər kəs bu əxlaqa sahib olduğunda, yer üzündə tam bir "vəlayət" ruhu hakim olacaqdır.

Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)