Bu gün insanların əksəriyyəti keyfiyyəti maddi amillərlə müəyyən etməyə meyllidirlər. Texnoloji irəliləyişlər, istehlak vərdişləri, estetik dəyərlər və status simvolları fərdlərin və cəmiyyətlərin keyfiyyət anlayışını formalaşdırır. Ona görə də keyfiyyət dedikdə ağlımıza çox vaxt müasir binalar, texnoloji məhsullar, dəbdəbəli həyat tərzi, marka geyimləri gəlir. Bununla belə, əsl keyfiyyət sadəcə fiziki görünüş və ya maliyyə resursları ilə ölçülmür. Keyfiyyət insanın düşüncəsində, ruhunda, xarakterində, davranışında, münasibətlərində, həyat tərzində də özünü göstərməlidir. Məsələn, vədlərə əməl etmək, dürüst, səbirli, şəfqətli və ədalətli olmaq şəxsi keyfiyyətli bir insan edir. Burada güclü iman həm insanın mənəvi inkişafına, həm də həyat keyfiyyətinə dərindən təsir edən təməl daşı kimi meydana çıxır.
Keyfiyyət həyatın ən təməl və əvəzolunmaz xüsusiyyətidir
Keyfiyyət həyatın hər sahəsinə dəyər qatan ən əsas elementdir və həm şəxsi, həm də ictimai inkişafın açarıdır. Beləki keyfiyyət insan münasibətlərindən tutmuş istehsala, düşüncədən davranışa qədər hər şeydə prioritet olması lazım olan bir prinsipdir. Buna görə də həyatın bir çox sahələrində - memarlıq, interyer dizaynı, geyim mədəniyyətindən tutmuş xidmət sektoruna, ünsiyyət üslublarından istehsal proseslərinə qədər yalnız funksionallığa diqqət yetirmək estetik, bədii və mədəni dəyərlərdən məhrum olmaqla yanaşı, həm də keyfiyyətsizliyin əlamətidir. Həqiqətən də keyfiyyət anlayışı həyatın hər sahəsinə inteqrasiya edilməlidir.
İnsanın yerişindən tutmuş oturub durmasına, hətta yemək yeməsinə qədər hər davranış həm şəxsi, həm də ictimai həyata təsir edir. Keyfiyyət hissi gündəlik həyatın hər sahəsinə nüfuz etdikdə, fərdlərə və cəmiyyətə sülh gətirən bir tarazlıq yaranır. Əgər şəhər dizaynında, memarlıqda, insanların geyimində və görünüşündə keyfiyyət yoxdursa, bu, insanlara dərindən təsir edir və onların canlılığını azaldır. Fərdlərin iç dünyasında diskomfort və narazılıq yarandıqda sosial quruluşda uzunmüddətli pozulmalar baş verir. Buna görə də keyfiyyət şəxsi tərcihlər və ya estetika ilə məhdudlaşmamalı, eyni zamanda da sosial tərəqqinin əsas elementi hesab edilməlidir.

Keyfiyyət əksikliyi ölkənin həm fiziki, həm də mənəvi quruluşuna ciddi ziyan vurur və bu zərərlər artarsa, bütövlükdə cəmiyyətdə dağıdıcı təsirlər meydana gələ bilər. Zaman keçdikcə bu təsirlər iqtisadi strukturu zəiflədə və ictimai nizamı poza bilər. Ona görə də keyfiyyətin saxlanılması və təkmilləşdirilməsi həyati vacib məsələdir. Odur ki, sosial həyatın bütün sahələrində keyfiyyətin qorunub saxlanılması və yüksəldilməsi üçün “keyfiyyət” və “sənət” istiqamətlərinə yönəlmiş kurslar təhsil sisteminə inteqrasiya edilməli, tələbələr keyfiyyət və estetik dəyərlərə qarşı həssas yanaşan şəxsiyyət kimi yetişdirilməlidirlər. Bundan əlavə, keyfiyyət siyasətinin davamlı şəkildə həyata keçirilməsini təmin etmək üçün mərkəzi “Keyfiyyət Nazirliyi”nin yaradılması da sosial rifah üçün vacibdir.
Bütün bu struktur tənzimləmələrə əlavə olaraq, gündəlik həyat təcrübələrində keyfiyyət anlayışının necə formalaşması lazım olduğuna dair bəzi nümunələr vermək məqsədəuyğun olardı.
Nitqin keyfiyyəti: Keyfiyyətli nitq təkcə qrammatik dəqiqliyə əsaslanaraq cümlələr qurmaq deyil; eyni zamanda digər insanı dinləmək qabiliyyətini də əhatə edir. Bundan əlavə, hörmət və nəzakət, mənalı və dərin məzmunlu ifadələr, cümlələrin aydın, yığcam və səmimi şəkildə təqdim edilməsi nitqin keyfiyyətini yüksəldən elementlərdir. Çıxışlar həmişə digər insanı yüksəltmək və düşünməyə təşviq etmək üçün hazırlanmalıdır. Hətta zarafat da başqasının ləyaqətinə hörmət etməlidir. Qəzəb və nifrətdən uzaq, sevgiyə əsaslanan müsbət və konstruktiv ton keyfiyyətli nitqin əsas komponentləridir.
Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. (İbrahim surəsi, 24)
Geyimdə keyfiyyət: İnsanın keyfiyyəti təkcə sözlərində və ya hərəkətlərində deyil, həm də geyim tərzində də əks olunur. Təmiz, səliqəli, zərif, sadə geyinmək insanın həm özünə, həm də ətrafındakılara olan hörməti nümayiş etdirir. Bundan əlavə, yüksək keyfiyyətli geyim mütləq bahalı libasları tələb etmir. Əsl keyfiyyət seçilmiş geyimlərin, rənglərin, parçaların və aksesuarların harmoniyasında və estetik bütövlüyündədir. Geyimi daşıya bilmək də eyni dərəcədə vacibdir. Quran gözəl, təmiz və estetik geyinməyi belə izah edir:
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir. (Əraf surəsi, 31)
Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan )ibrət alasınız. (Əraf surəsi, 26)
Ev Dekorasiyasında Keyfiyyət: Estetik, funksionallıq və zərifliyin balanslaşdırılmış birləşməsi ev dekorasiyasının da əsasını təşkil edir. Keyfiyyətli bəzək yalnız bahalı əşyalarda deyil, həm də rəng harmoniyasında, material seçimində, sadəlikdə, detallara diqqət yetirməkdə özünü göstərir. Fundamental estetik dəyərləri özündə cəmləşdirən, eyni zamanda təmizlik, dinclik və rahatlıq hissini oyadan yaşayış sahəsi fərdin ruhunun keyfiyyətini və daxili dərinliyini əks etdirir.
Yaşıllaşdırma və memarlıq strukturlarında keyfiyyət: Funksionallığı və sənətkarlığı ustalıqla birləşdirən memarlıq strukturları cəmiyyətin keyfiyyət və sənətkarlıq anlayışını ən yaxşı əks etdirən elementlər sırasındadır. Bu strukturlar sırf sığınacaq və ya istifadəni aşaraq, insan ruhu ilə danışan və həyatı zənginləşdirən sənət əsərlərinə çevrilir. Yüksək keyfiyyətli abadlıq layihəsi təbiətlə harmoniyada olan yaşayış massivləri, səliqəli tərtibatlı gül bağları, gölməçələr və şəlalələr, nəfis daşlarla işlənmiş strukturlar, işıq oyunu yaradan naxışlı şüşələr, vitrajlar və şəffaf şüşə günbəzlər kimi mürəkkəb detallarla zənginləşir. Bütün bunlar insanlığa hörmət edən, həm fiziki, həm də mənəvi həyat keyfiyyətini yüksəldən memarlıq yanaşmasının göstəriciləridir.
İncəsənətdə keyfiyyət: İncəsənət, estetik həssaslığı inkişaf etdirərək həyata məna və zəriflik qatan dərinlik, orijinallıq və duyğuların təxəyyüllə qovuşduğu yerdə doğulur. Yüksək keyfiyyətli sənət zamanın sərhədlərini aşaraq insana mənəvi zənginlik qatır. Beləliklə, insanın dünyagörüşü incələşir, duyğuları yetkinləşir, ifadə və davranışları daha da gözəlləşir. İncəsənət ruhun incəliyini və insan dərinliyini tərbiyə etməyin ən güclü yollarından biridir. Quranda Süleyman qisasında bəhs edilən "Süleymanın Bilqisə göstərdiyi möhtəşəm şüşə dibli saray" sənətdə yüksək keyfiyyətin diqqətəlayiq nümunəsidir:
Qadına: “Saraya daxil ol!”– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. (Süleyman) dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” (Qadın) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!” (Nəml surəsi, 44)
Davranışda keyfiyyət: Keyfiyyətli davranış insanın mənəvi yetkinliyinin, hörmətinin, incəliyinin və diqqətliliyinin zahiri əksidir. Bu, insanın həm özünə, həm də ətrafına olan hörmətinin göstəricisidir.
Keyfiyyətli davranış niyyətlə başlayır. Səmimi, dürüst və ədalətli insan sözlərində, rəftarlarında, reaksiyalarında ölçülü olur. Tələsik, qəzəbli və ya eqoist hərəkət etmir. Dinləməyi, səbirli olmağı və anlayış göstərməyi bacarır. Söz verməzdən əvvəl düşünür və ona əməl edir. İnsanın əsl keyfiyyəti hətta çətinliklərlə üzləşdikdə və ya qəzəbli anlarda belə soyuqqanlılığı qoruyub saxlaya bilməsi ilə üzə çıxır. Haqsızlığa uğradıqda ədalətdən əl çəkməmək alicənab və keyfiyyətli insanın rəftarıdır. Digər tərəfdən, keyfiyyətli insan mübahisələrə girmir və həmişə münaqişədən qaçır.
Sosial etiketə uyğun davranmaq - nəzakət, kübar olmaq, təşəkkür etmək, üzr istəmək, söhbətə qoşulmaq insanın davranış keyfiyyətini əks etdirir. Bundan əlavə, fiziki xəstəlikləri və ya şəxsi ehtiyacları (aclıq, susuzluq və ya xəstəlik kimi) dilə gətirməkdən çəkinmək də keyfiyyət əlamətidir. Loğmanın Quranda oğluna verdiyi nəsihət keyfiyyətli davranışın gözəl bir nümunəsidir:
Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir. İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. Yerişində həddi gözlə, (danışanda) səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”. (Loğman surəsi, 17-19)
Səmimi iman edənlər dünyanın ən keyfiyyətli insanlarıdır
Səmimi insan Allahla dərin bir bağ qurmuş və özünü tamamilə Ona təslim etmişdir. Bu əhval-ruhiyyə onun söz və hərəkətlərində öz əksini tapır, təbii incəlik və mənəvi yetkinlik kimi təzahür edir.

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) lütfü, dərinliyi, mərhəməti, ədaləti, təvazökarlığı, nəcibliyi, səbri və cəsarəti, sarsılmaz bağışlama istəyi, düşüncəliliyi və hikmətli sözləri ilə müstəsna keyfiyyətlərə malik bir insan idi. Onun ruhunun keyfiyyəti Quran əxlaqı ilə formalaşmışdır. O, insanları Allah rizası üçün sevər, hər canlıya şəfqətlə yanaşardı. O, təkcə sözləri ilə deyil, həm də sevgi, təvazökarlıq, fədakarlıq və şəfqətlə dolu hərəkətləri ilə həmişə ruhun dərin nəcibliyini qoruyub saxlamışdır.
Möhtərəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) təkcə mənəvi cəhətdən deyil, zahiri görünüşü ilə də bütün müsəlmanlar üçün nümunəvi keyfiyyət standartı qoymuşdur. Onun fiziki görünüşü mənəvi nəcibliyini əks etdirdiyi üçün son dərəcə təsir edici idi. Zahiri görünüşü gözəl simasıyla məhdudlaşmırdı; həm də təvazökarlıq, ləyaqət və balanslaşdırılmış ruh halının estetik cəhətdən xoş bir birləşməsindən ibarət idi. O, həmişə qüsursuz geyinir, xoş ətirlərdən istifadə edirdi. Təmizlik onun sünnətinin təməl daşlarından biri idi. Onun geyimi sadə, nümayişkaranəlikdən uzaq, lakin özənli idi. Həqiqətən də, onun dik yerişi, həmişə təbəssümlə işıqlanan siması, dinc və nurlu ifadəsi, nümayişkaranəlikdən çəkinməsi, diqqətsizliyə yol verməməsi, ölçülü zərifliyi səhabələrin təfərrüatlı və təqdirəlayiq izahlarında belə yer alır:
Həzrət Əli (Allah ondan razı olsun) demişdir:
"Rəsulullah (sallallahu aleyhi və səlləm) nə çox hündür, nə də qısa idi. Əlləri və ayaqları uzun idi. Başı və saqqalı tüklü idi. Sinəsi ilə göbəyi arasındakı məsafə tükdən bir xətt kimi idi. O, yeriyəndə, sanki aşağı enən kimi yeriyirdi. Onu nə daha əvvəl gördüm, nədə ondan sonra onun kimi birini gördüm." (Tirmizi, Şəmail, 7)
Bəra ibn Azib (Allah ondan razı olsun) demişdir:
"Rəsulullah (salləllahu aleyhi və səlləm) orta boylu idi. Mən ondan gözəl, qırmızı libas geyən birini görmədim. Nə ondan əvvəl, nədə ondan sonra onun kimi gözəl birini görmədim". (Buxari, Mənaqib, 23; Müslim, Fədail, 79)
Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir:
"Rəsulullahın əlləri ipək və atlasa bənzədilmişdir; onlara toxunduqda sərinlik və yumşaqlıq hiss olunurdu. Nə bir ipək, nə də atlasdan daha yumşaq bir ələ toxundum". (Müslim, Fədail, 79)
Hind ibn Əbi Hala (Allah ondan razı olsun) (Həzrəti Xədicənin oğlu, Peyğəmbərimizin ögey oğlu)
"Rəsulullah (sallallahu aleyhi və səlləm) çox əzəmətli idi. Üzü ay kimi parıldayırdı. Orta boylu idi, nə qısa, nə də çox hündür idi... Çiyinləri geniş idi. Saçları qıvrımla düz arasında bir yerdə, qulağının aşağısına qədər uzanırdı." (Tirmizi, Şəmail, 1)
Həzrət Həsən (r.a.) (Nəvəsi babasının təsvirini nəql etmişdir.) Həzrət Əlinin oğlu Həsən, atasından eşitdiyi Allah Rəsulunun xüsusiyyətlərini belə nəql edir:
"Allah Rəsulu (s.ə.v.) çox mülayim idi. Nə kobud danışar, nə də başqalarına qışqırardı. Hər zaman nazik və zərif idi (Tirmizi, Şəmail, 1)
Nəticə: Ən yüksək keyfiyyət Cənnətdədir
Keyfiyyət və gözəllik Allah sevgisinin təzahürüdür. Səmimi iman sahibi insan ən yüksək keyfiyyət axtarışındadır. Bu axtarış onun ruhunun estetik həssaslığının, cənnət həsrətinin göstəricisidir.
Əsl keyfiyyət sivilizasiyanın, firavanlığın və daxili zənginliyin təməlidir. Keyfiyyətin olmaması isə cəhənnəmə bənzər xüsusiyyətləri ortaya çıxarır, nizamsızlığa, mənəvi boşluğa və süquta səbəb olur. Bu tənəzzül sənaye və sənətdən tutmuş elmə və fərdin mənəvi dünyasına qədər bir çox sahələrə nüfuz edir. Çünki keyfiyyət insanın Allahla qurduğu bağın təbii nəticəsidir.
Qeyri-dini ideologiyaları dəstəkləyən və ya ənənəvi dini anlayışlara malik olan ölkələr tez-tez sənətdə və sənətin keyfiyyətində əhəmiyyətli dərəcədə pisləşmə ilə üzləşirlər. Məsələn, ənənəvi ortodoksal islam anlayışlarına malik ölkələrdə sənət və keyfiyyət çox vaxt diqqətdən kənarda qalmışdır. Quran İslamı tam şəkildə mənimsənildikdə keyfiyyət və sənətdə əsl irəliləyiş ortaya çıxar.
Bu gün eyni təfəkkürlə danışan, dərinliyi olmayan, elmdən qidalanan korrupsionerlərin çoxalması ciddi mənəvi aşınmadır. Lakin, hər kəs oxumaqla, öyrənməklə və özünü təkmilləşdirməklə keyfiyyətli bir ruha çata bilər. Buna görə də bir çox ölkələrdə, xüsusilə İslam dünyasında keyfiyyət şüurunun gücləndirilməsi zəruridir. Çünkü Keyfiyyət müsəlmanın həyatının hər sahəsində olması lazım olan bir dəyərdir. O ki qaldı Cənnətə, ora başdan sona qədər zəriflik, estetika və yüksək keyfiyyətlə zəngindir.
Mömin cənnətdən gəldiyi üçün ruhunda Cənnətə yönəlmə arzusu vardı. Buna görə də evində, süfrəsində, geyimində, münasibətlərində, daxili aləmində daim gözəllik, saflıq, dərinlik axtarar. Unutmamaq lazımdır ki, keyfiyyət cənnətə olan həsrətin bir təzahürüdür.
Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur. (Tövbə surəsi, 72)