Futbol ingilis fəhlələrinin məhəllə aralarında oynadığı əyləncəli oyun olaraq başladı. Bu oyunun beynəlxalq səviyyədə mübarizə və rəqabətə çevrilməsi, həqiqətən, maraqlı və araşdırılmağa dəyər bir proses oldu. Ölkələrin milli komandalar nəzdində təmsil edilməsi bəzən futbolu siyasiləşdirdi, dostluq oyunları bəzən ölkələr arasındakı münasibətləri bərpa etdi, futbol adından edilən jestlər bir çox kütlənin dostluğu üçün ilk addım oldu. Futbol komandaları, ölkələri üçün nümunə, futbolçular isə cəmiyyət üçün nümunə təşkil etmək missiyasını öz üzərinə götürdü. Bu səbəbdən centilmenlik bu sektorda güzəştə gedilməyən jest oldu.
Demək olar ki, hər idman növü kimi futbolun cəmiyyətə və ölkələr arası münasibətlər kontekstində müsbət istiqamətverici təsiri olsa da, böyük təhlükəni də özü ilə birlikdə gətirdi: Fanatizm.
Fanatizm, şübhəsiz, təkcə bir idman növü üçün deyil, həyatın hər mərhələsində hər inanc və həyat tərzi üçün riskli məsələdir. Fanatik insan düz bildiyini zorla da olsa, qarşısındakına qəbul etdirmək istəyən xəstəliyə tutulur. Elə bu səbəbdən fanatizm çox vaxt zorakılıqla birlikdə dilə gətirilir. Futbol məsələsində eyni vəziyyət olub.
Çox vaxt fanatik azarkeşlərin törətdiyi zorakılıq əməlləri tarix boyunca “centilmenlik” arenası olmalı olan futbol arena və tribunalarında qan tökülməsinə səbəb olub. Zorakılıq tərəfdarı olan bu insanların əməlləri bəzən futbolu idman növü olmaqdan uzaqlaşdırıb. Belə ki, dövrümüzdə futbol, komandaların “əzəli” rəqabətlərinin mübarizə meydanına çevrilməsinə şahid olur. Futbolun “sektor” halına gətirilməsinin də bunda payı, şübhəsiz ki, böyükdür. Belə ki, futbol bu gün artıq astronomik büdcələri olan, transfer və sponsor məbləğləri kimi məsələlərdə milyardların dilə gətirildiyi ticarət sahəsi halına gəlib. FİFA-nın təkcə 2022-ci ilin Dünya Çempionatından əldə etdiyi gəlirin 6,314 milyard dollar olduğu nəzərə alınsa, vəziyyət daha yaxşı aydın olar.
Futbolu ictimai tərəfi ilə tədqiq etdikdə keçmişdən bu günə futbol fanatizminin olduqca dəhşətli zorakılıq və irqçilik hadisələrinə səbəb olduğunu görərik. Bunda futbolun sektorlaşdırılması əsnasında istifadə edilən dil əhəmiyyət daşıyır. Məsələn, böyük komandaların mübarizəsi daim mediada böyük rəqabət ruhuna təkan verir. Matç öncəsi və sonrasında bu rəqabəti qızışdıracaq şişirdilmiş təriflər və şərhlər insanları oyun ruhundan uzaqlaşdırıb sanki xuliqanlaşdırır.

Fanatların futbolu dərk etmə formaları, onları öz komandaları üçün "ölümü gözə almaq" səviyyəsinə gətirir. Bu düşüncədəki bir insanın asanlıqla adam öldürməsi mümkün olur. Həmin xuliqanların oyunlara gedərkən yanlarında bıçaq, şiş kimi silahlar aparmaları bunun ən böyük dəlillərindəndir. Belə ki, tamaşaçıları xoşbəxt etmək üçün keçirilən futbol oyunu bir çox gəncin ölümünə səbəb olması tanış olduğumuz haldır. Təəssüf ki, bu vəziyyət lokal yox, qlobaldır.
Məsələn,
24 may 1964-cü ildə Peruda Olimpiya seçmə mərhələsində Argentina Perunu məğlub etdikdə azarkeşlər arasında qarşıdurma yaranmış və çıxan qarışıqlıq 318 nəfərin ölümü, 500 nəfərin yaralanması ilə nəticələnmişdi.
1970-ci il FİFA Dünya Kuboku seçmə mərhələsində qarşılaşan iki qonşu ölkə Salvador və Honduras arasında matç sonrası 100 saat davam edən müharibə çıxmışdı. Dünya ədəbiyyatına Futbol Müharibəsi kimi keçən bu müharibə nəticəsində 2100 ölü və 10 mindən çox yaralı olmuşdu. Bu müharibə Amerika Dövlətləri Təşkilatının müdaxiləsi ilə sona çatmışdı.
29 may 1985-ci ildə Belçikada oynanılan Avropa Kuboku Finalında Yuventus-Liverpool tərəfdarları arasında dava zamanı 39 nəfər, 14 iyul 1996-cı ildə Liviyadakı matç zamanı 50 nəfər, 11 aprel 2001-ci ildə Cənubi Afrikadakı qarşılaşmada 43 nəfər, 29 mart 2009-cu ildə Fil Dişi Sahili və Malavi arasındakı Dünya Kuboku seçmə oyununda isə ən az 22 nəfər həyatını itirmişdi.
2012-ci ildə Misirdə Əl-Əhli ilə Əl-Masri komandaları arasındakı matçdan sonra Əl-Masri tamaşaçısının stadiona daxil olması nəticəsində ən azı 74 nəfər ölmüş, minlərlə insan yaralanmışdı. Bir qrup azarkeş stadionu yandırmış, asayişi təmin etmək məqsədilə Misir ordusu hərəkətə keçmişdi.
1996-cı ildə Qvatemala şəhərində keçirilən Qvatemala–Kosta Rika Dünya Çempionatı seçmə oyunu zamanı stadionda izdiham yaşandı. Hadisə nəticəsində 84 nəfər həyatını itirdi, 147 nəfər isə yaralandı.
1998-ci ildə Fransada keçirilən Dünya Çempionatı zamanı Lens şəhərində baş tutan Almaniya–Yuqoslaviya oyunundan sonra alman xuliqanların polis əməkdaşı Daniel Nivelə və digər polislərə hücumu ciddi narahatlıq doğurdu. Hadisə zamanı ölən olmasa da, 3 nəfər yaralandı.
2006-cı ildə Almaniyada təşkil olunan Dünya Çempionatı zamanı Ştutqart şəhərində Almaniya və İngiltərə azarkeşləri arasında qarşıdurma baş verdi. İnsident nəticəsində ölən olmadı, 9 nəfər müxtəlif dərəcəli xəsarətlər aldı.
2009-cu ildə Abican şəhərində keçirilən Fil Dişi Sahili–Malavi Dünya Çempionatı seçmə oyununda stadionda yaranan izdiham faciəyə səbəb oldu. Hadisə nəticəsində 22 nəfər öldü, 132 nəfər yaralandı.
2010-cu ildə Cənubi Afrika Respublikasında keçiriləcək Dünya Çempionatı ərəfəsində Yohannesburqda baş tutan Nigeriya–Şimali Koreya yoldaşlıq oyunu zamanı izdiham yaşandı. Nəticədə ölən olmasa da, 15–20 nəfər yaralandı.
2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatının açılış günündə San-Paulu şəhərində etirazçılarla polis arasında toqquşmalar baş verdi. Hadisələr zamanı ölüm faktı qeydə alınmasa da, ən azı 11 nəfər yaralandı.
2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatında Fransa–Mərakeş yarımfinal oyunundan sonra Fransanın Monpelye şəhərində baş verən iğtişaşlar zamanı bir nəfər avtomobilin vurması nəticəsində həyatını itirdi. Yaralananların sayı ilə bağlı dəqiq məlumat açıqlanmadı.
Həmin il Dünya Çempionatında Argentinanın çempionluğu münasibətilə Buenos-Ayresdə keçirilən kütləvi bayram tədbirləri zamanı izdiham və qarşıdurmalar yaşandı. Hadisələr nəticəsində ölən olmasa da, 18 nəfər yaralandı.
2022-ci il Dünya Çempionatı dövründə Banqladeşdə Argentina və Braziliya azarkeşləri arasındakı rəqabətdən qaynaqlanan zorakılıq hadisələri baş verdi. Nəticədə 23 nəfər həyatını itirdi, 35 nəfər xəstəxanaya yerləşdirildi, daha 45 nəfər isə müxtəlif dərəcəli xəsarətlər aldı.
Sadaladığımız bu hadisələr futbol fanatizminin gətirdiyi faciəli nəticələrin yalnız bir neçəsidir. Bundan əlavə, futbolda irqçiliyin də ciddi narahatlıq doğuran səviyyəyə çatdığı qeyd edilməlidir. Oyunçular, hakimlər və azarkeşlər mənsub olduqları ölkəyə, etnik kimliyə, sosial mənşəyə və ya dini inanclarına görə tez-tez təhqir və alçaldıcı ifadələrə məruz qalırlar.
Futbolun bu vəziyyətdən çıxarılması böyük əhəmiyyət daşıyır. Futbolda fanatizmi, zorakılığı və irqçiliyi təşviq edən, bu istiqamətdə təbliğat aparan şəxslərin açıqlamalarına mediada yer verilməməli, media irqçiliyə və fanatizmə dəstək olmamalıdır. Lakin ən vacib məsələ irqçi və xuliqan düşüncələrin formalaşmasından əvvəl onların qarşısının alınmasıdır. Bu baxımdan sevgi əsaslı təhsil mühüm əhəmiyyət kəsb edir. Başqalarına qarşı sevgisiz, dözümsüz, ittihamedici və ayrı-seçkilik yaradan münasibət göstərən insanların əsas xüsusiyyətinin ön mühakimələrlə hərəkət etmələri olduğu məlumdur. Unudulmamalıdır ki, ön mühakimələrin yaratdığı kiçik görmə, rədd etmə, təcrid və kənarlaşdırma bəzi insanlarda nifrətin, zorakılığın, hətta vəhşiliyin alovlanmasına səbəb ola bilir.
Futbol azarkeşlərinə yönəlmiş xüsusi təhsil proqramları vasitəsilə futbol insanları müsbət istiqamətdə yönləndirən bir təlim mühitinə də çevrilə bilər. Olduqca böyük və əhatə dairəsi geniş olan bu sahənin xuliqanlıq, qəzəbə əsaslanan rəqabət və zorakılıq mənbəyi kimi qəbul edilməsinə son verilməli, köklü dəyişikliklər edilərək futbolda sevgi və qardaşlıq anlayışları daha çox ön plana çıxarılmalıdır. Bu məsələdə futbol klublarının, medianın və əlbəttə ki, futbolçuların üzərinə böyük məsuliyyət düşür. Dünyada sevgi mədəniyyətinin formalaşmasına sənətdən sənayeyə qədər bütün sahələrin mühüm töhfə verməsi vacibdir. Futbol da bu sahələrdən biri olmalıdır.


