9. Tövbə - Quran
- 1. Bu, Allah və Onun Elçisi tərəfindən əhd bağladığınız müşriklərə onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır.
- 2. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müşriklər Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir.
- 3. Bu, Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olmasını elan edəcək bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri ağrılı-acılı bir əzabla müjdələ.
- 4. Saziş bağladıqdan sonra onu pozmamış və sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan müqavilənizi, müddəti bitənədək yerinə yetirin. Həqiqətən, Allah müttəqiləri sevir.
- 5. Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
- 6. Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür.
- 7. Məscidulharamın yanında saziş bağladığınız kəslər istisna olmaqla müşriklərin Allah və Onun Elçisi yanında nə əhdi ola bilər? Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir.
