logo HARUN YƏHYA

Məaric - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. İstəyən kimsə baş verəcək əzabı istədi –
  • 2. bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.
  • 3. O, dərəcələr sahibi olan Allahdandır.
  • 4. Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
  • 5. Sən təmkinlə səbir et!
  • 6. Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.
  • 7. Biz isə onun yaxın olduğunu görürük.
  • 8. O gün göy əridilmiş metal kimi olacaqdır.
  • 9. Dağlar da didilmiş yuna bənzəyəcəklər.
  • 10. Dost dostunun halını xəbər almayacaq.
  • 11. Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
  • 12. həyat yoldaşını və qardaşını,
  • 13. ona sığınacaq vermiş nəslini
  • 14. və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.
  • 15. Xeyr! Bu, alovu şölələnən Oddur –
  • 16. başın dərisini sıyırıb çıxaran bir od.
  • 17. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
  • 18. və mal-dövlət yığıb saxlayanı.
  • 19. Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
  • 20. Ona bir pislik toxunduqda özündən çıxır,
  • 21. bir xeyir nəsib olduqda isə xəsislik edir.
  • 22. Namaz qılanlar istisnadır.
  • 23. O kəslər ki, namazlarını həmişə qılırlar.
  • 24. O kəslər ki, onların mallarında məlum bir haqq vardır-
  • 25. dilənən və həya edib dilənməyən miskinlər üçün.
  • 26. O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
  • 27. O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
  • 28. Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.
  • 29. O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
  • 30. zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.
  • 31. Bundan artığını istəyənlər isə həddi aşanlardır.
  • 32. O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
  • 33. O kəslər ki, şahidliklərində mətindirlər.
  • 34. Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
  • 35. Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.
  • 36. Sənə doğru tələsən kafirlərə nə olub belə –
  • 37. sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?
  • 38. Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?
  • 39. Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.
  • 40. And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
  • 41. onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.
  • 42. Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
  • 43. O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
  • 44. O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code