26. Şuəra - Quran
- 1. Ta. Sin. Mim.
- 2. Bunlar aydın Kitabın ayələridir.
- 3. Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
- 4. Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
- 5. Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
- 6. Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
- 7. Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?
- 8. Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
- 9. Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 10. Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
- 11. Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
- 12. Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
- 13. belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər.
- 14. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
- 15. Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik.
- 16. Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
- 17. İsrail oğullarını bizimlə birgə burax!”
- 18. Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
- 19. Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”
- 20. Musa dedi: “Mən onu edəndə nadan olmuşam.
- 21. Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
- 22. Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.
- 23. Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
- 24. Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
- 25. Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”
- 26. Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
- 27. Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
- 28. Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
- 29. Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
- 30. Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
- 31. Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
- 32. Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
- 33. Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.
- 34. Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
- 35. O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
- 36. Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,
- 37. bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
- 38. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
- 39. Camaata deyildi: “Siz də yığışırsınızmı?
- 40. Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
- 41. Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
- 42. Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.
- 43. Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
- 44. Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” – dedilər.
- 45. Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.
- 46. Sehrbazlar səcdəyə qapandılar
- 47. və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
- 48. Musanın və Harunun Rəbbinə!”
- 49. Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
- 50. Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.
- 51. Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
- 52. Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik.
- 53. Firon şəhərlərə əsgər toplayanlar göndərdi.
- 54. O dedi: “Bunlar kiçik bir dəstədir.
- 55. Onlar bizi qəzəbləndirmişlər.
- 56. Biz hamımız ayıq-sayıq olmalıyıq”.
- 57. Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
- 58. xəzinələrdən və gözəl yerlərdən də qovduq.
- 59. Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
- 60. Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar.
- 61. İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər.
- 62. Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”
- 63. Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.
- 64. O birilərini də ora yaxınlaşdırdıq.
- 65. Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
- 66. O birilərini isə suya qərq etdik.
- 67. Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
- 68. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 69. Onlara İbrahimin əhvalatını da oxu.
- 70. Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi.
- 71. Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.
- 72. O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
- 73. Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
- 74. Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
- 75. O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
- 76. həm siz, həm də ulu babalarınız?
- 77. Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
- 78. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
- 79. O Rəbb ki, məni yedirdir və içirdir;
- 80. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
- 81. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
- 82. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
- 83. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
- 84. Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!
- 85. Məni Nəim bağının varislərindən et!
- 86. Atamı bağışla! Çünki o, azanlardandır.
- 87. Onların dirildiləcəyi gün məni rüsvay etmə!
- 88. O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
- 89. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
- 90. Cənnət müttəqilərə yaxınlaşdırılar.
- 91. Cəhənnəm də azğınlara göstərilər.
- 92. Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
- 93. Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
- 94. Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
- 95. İblisin bütün əsgərləri də habelə.
- 96. Onlar orada höcətləşərək deyərlər:
- 97. “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
- 98. o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
- 99. Bizi ancaq günahkarlar azdırdı.
- 100. İndi isə bizim nə şəfaətçilərimiz,
- 101. nə də bizə canıyanan bir dostumuz var!
- 102. Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”
- 103. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
- 104. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 105. Nuh tayfası da elçiləri yalançı saydı.
- 106. O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
- 107. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
- 108. Allahdan qorxun və mənə itaət edin.
- 109. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- 110. Allahdan qorxun və mənə itaət edin!”
- 111. Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
- 112. Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm!
- 113. Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
- 114. Mən iman gətirənləri qovan deyiləm.
- 115. Mən yalnız açıq-aşkar bir qorxudanam”.
- 116. Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
- 117. Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
- 118. Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”
- 119. Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
- 120. Yerdə qalanları isə suya qərq etdik.
- 121. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
- 122. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 123. Ad tayfası da elçiləri yalançı saydı.
- 124. O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?
- 125. Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
- 126. Allahdan qorxun və mənə itaət edin!
- 127. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- 128. Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
- 129. Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
- 130. Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?
- 131. Allahdan qorxun və mənə itaət edin!
- 132. Bildiyiniz nemətləri sizə verəndən qorxun.
- 133. O sizə heyvanat və oğul-uşaq verdi,
- 134. üstəlik bağlar və çeşmələr də əta etdi.
- 135. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
- 136. Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
- 137. Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
- 138. Biz əzaba düçar olan da deyilik”.
- 139. Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
- 140. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 141. Səmud tayfası da elçiləri yalançı saydı.
- 142. O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?
- 143. Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
- 144. Allahdan qorxun və mənə itaət edin.
- 145. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- 146. Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
- 147. Bağlar və bulaqlar içində,
- 148. əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız?
- 149. Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
- 150. Allahdan qorxun və mənə itaət edin!
- 151. Həddi aşanların əmrinə tabe olmayın.
- 152. Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”.
- 153. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
- 154. Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
- 155. Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).
- 156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
- 157. Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.
- 158. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
- 159. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 160. Lut tayfası da elçiləri yalançı saydı.
- 161. O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?
- 162. Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
- 163. Allahdan qorxun və mənə itaət edin!
- 164. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- 165. Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
- 166. və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
- 167. Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
- 168. O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
- 169. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
- 170. Biz onu və onun bütün ailəsini xilas etdik.
- 171. Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
- 172. Sonra da o birilərini darmadağın etdik.
- 173. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
- 174. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
- 175. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 176. Əykə əhli də elçiləri yalançı saydı.
- 177. O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
- 178. Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
- 179. Allahdan qorxun və mənə itaət edin!
- 180. Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
- 181. Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
- 182. Düz tərəzi ilə çəkin.
- 183. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
- 184. Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
- 185. Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
- 186. Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik.
- 187. Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
- 188. Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
- 189. Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
- 190. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
- 191. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
- 192. Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.
- 193. Onu sadiq Ruh (Cəbrail) endirdi –
- 194. sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
- 195. Bu Quran açıq-aydın ərəb dilində nazil edildi.
- 196. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
- 197. Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
- 198. Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,
- 199. və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
- 200. Biz küfrü günahkarların qəlbinə belə salarıq.
- 201. Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.
- 202. O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
- 203. Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
- 204. Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?
- 205. Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
- 206. sonra vəd olunduqları əzab onlara yetişsə,
- 207. onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz.
- 208. Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
- 209. Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq!
- 210. Quranı şeytanlar endirmədi.
- 211. Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər.
- 212. Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər.
- 213. Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
- 214. Ən yaxın qohumlarını qorxut!
- 215. Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
- 216. Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
- 217. Qüdrətli və Rəhmli olana təvəkkül et!
- 218. O səni namaza duranda da görür,
- 219. səcdə edənlər içində hərəkət edəndə də.
- 220. Həqiqətən də, O, Eşidəndir, Biləndir!
- 221. Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
- 222. Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
- 223. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
- 224. Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.
- 225. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
- 226. və etmədikləri şeylərə aid söhbət açırlar?
- 227. Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.
