logo HARUN YƏHYA

Mursəlat - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. And olsun xeyirlə göndərilənlərə
  • 2. və şiddətlə əsənlərə!
  • 3. And olsun Allahın əmrini yaydıqca yayanlara,
  • 4. haqqı nahaqdan ayırdıqca ayıranlara
  • 5. və zikri çatdıranlara –
  • 6. üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
  • 7. Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.
  • 8. Ulduzlar sönəcəyi zaman;
  • 9. Göy yarılacağı zaman;
  • 10. Dağlar dağılacağı zaman;
  • 11. Elçilərə vaxt təyin olunacağı zaman –
  • 12. deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
  • 13. Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
  • 14. Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
  • 15. Qiyaməti yalan sayanların o Gün vay halına!
  • 16. Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
  • 17. Sonrakıları da onlara qatacağıq.
  • 18. Biz günah sahibləri ilə belə davranırıq.
  • 19. Qiyaməti yalan sayanların o gün vay halına!
  • 20. Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
  • 21. Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
  • 22. məlum bir vaxta kimi?
  • 23. Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
  • 24. Qiyaməti yalan sayanların o gün vay halına!
  • 25. Məgər Biz yeri məskən etmədikmi –
  • 26. dirilər və ölülərə?
  • 27. Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
  • 28. Qiyaməti yalan sayanların o gün vay halına!
  • 29. Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
  • 30. Üç qola ayrılan kölgəliyə gedin!”
  • 31. Ora nə kölgə salır, nə də alovdan qoruyur.
  • 32. Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
  • 33. Onlar sanki sarı dəvələrdir.
  • 34. Qiyaməti yalan sayanların o gün vay halına!
  • 35. Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
  • 36. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
  • 37. Qiyaməti yalan sayanların o gün vay halına!
  • 38. Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
  • 39. Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
  • 40. Qiyaməti yalan sayanların o gün vay halına!
  • 41. Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
  • 42. və istədikləri meyvələr içində olacaqlar.
  • 43. Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
  • 44. Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
  • 45. Qiyaməti yalan sayanların o gün vay halına!
  • 46. Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
  • 47. O gün Qiyaməti yalan sayanların vay halına!
  • 48. Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər.
  • 49. O gün haqqı yalan sayanların vay halına!
  • 50. Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code