13. Rəd - Quran
- 1. Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır.
- 2. Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.
- 3. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.
- 4. Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.
- 5. Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.
- 6. Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.
