39. Zumər - Quran
- 1. Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.
- 2. Biz Kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də, dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək, Ona ibadət et!
- 3. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik” – deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.
- 4. Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, hər şeyə Qalib gələn Allahdır.
- 5. O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.
- 6. Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!
