5. Maidə - Quran
- 1. Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. Haram edildiyi sizə bildiriləcək heyvanlar və ihramda olarkən ovladığınız ov istisna olmaqla digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir.
- 2. Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
- 3. Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir.
- 4. Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: “Təmiz nemətlər və Allahın sizə öyrətdiyindən öyrədib əhliləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları sizə halal edildi. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ova göndərərkən onların üzərində Allahın adını çəkin. Allahdan qorxun! Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.
