logo HARUN YƏHYA

Səcdə - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Əlif. Ləm. Mim.
  • 2. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir.
  • 3. Yoxsa onlar: “Bunu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.
  • 4. Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?
  • 5. O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.
  • 6. Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.
  • 7. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,
  • 8. sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,
  • 9. sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!
  • 10. Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.
  • 11. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”
  • 12. Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!” – deyəndə görəydin!
  • 13. Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.
  • 14. Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!
  • 15. Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
  • 16. Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.
  • 17. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.
  • 18. Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər!
  • 19. İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir.
  • 20. Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!” – deyiləcəkdir.
  • 21. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar.
  • 22. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.
  • 23. Biz Musaya Kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.
  • 24. Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.
  • 25. Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
  • 26. Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar?
  • 27. Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər?
  • 28. Onlar: “Əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaqdır?” – deyirlər.
  • 29. De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”.
  • 30. Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code