37. Saffat surəsi - Quran
- 1. And olsun göylərdə və yerdə səf-səf duranlara,
- 2. imansızları qətiyyətlə qovanlara
- 3. və Zikri oxuyanlara!
- 4. Həqiqətən, sizin məbudunuz Təkdir!
- 5. O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
- 6. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
- 7. və onu hər bir asi şeytandan mühafizə etdik.
- 8. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar
- 9. və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
- 10. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
- 11. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
- 12. Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.
- 13. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
- 14. Bir möcüzə gördükdə isə ona istehza edir
- 15. və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
- 16. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
- 17. Ya da atalarımızmı dirildiləcəklər?”
- 18. De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.
- 19. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.
- 20. Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
- 21. Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
- 22. Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
- 23. Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
- 24. Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
- 25. Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
- 26. Bəli, onlar bu gün baş əyəcəklər!
- 27. Onlar bir-birinə üz tutub soruşacaqlar.
- 28. Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
- 29. Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
- 30. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
- 31. Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.
- 32. Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
- 33. Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
- 34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
- 35. Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!” – deyildikdə təkəbbür göstərir
- 36. və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
- 37. Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.
- 38. Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
- 39. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
- 40. Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar.
- 41. Məhz onlar üçün müəyyən bir ruzi vardır –
- 42. Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
- 43. Nəim bağlarında.
- 44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.
- 45. Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
- 46. Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.
- 47. O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.
- 48. Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.
- 49. Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.
- 50. Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
- 51. Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
- 52. O deyirdi: “Sən də inananlardansan?
- 53. Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
- 54. O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”
- 55. O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək
- 56. və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
- 57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.
- 58. Doğrudanmı biz bir daha ölməyəcəyik –
- 59. ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”
- 60. Həqiqətən, bu, böyük uğurdur.
- 61. Qoy çalışanlar bunun üçün çalışsınlar!
- 62. Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?
- 63. Biz onu zalımlar üçün bir sınaq etdik.
- 64. O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
- 65. Onun meyvəsi şeytanların başları kimidir.
- 66. Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.
- 67. Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
- 68. Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
- 69. Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
- 70. özləri də tez-tələsik onların izini tutub getdilər.
- 71. Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
- 72. Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.
- 73. Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
- 74. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
- 75. Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!
- 76. Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
- 77. Təkcə onun nəslini qoruyub saxladıq.
- 78. Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;
- 79. aləmlər içərisində Nuha salam olsun!
- 80. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- 81. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
- 82. Sonra o birilərini suya qərq etdik.
- 83. Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
- 84. Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
- 85. Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
- 86. Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
- 87. Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
- 88. O, ulduzlara bir nəzər salaraq
- 89. “Mən xəstəyəm!” – dedi.
- 90. Onlar ondan üz çevirib çıxıb getdilər.
- 91. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?
- 92. Sizə nə olub ki, danışmırsınız?”
- 93. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
- 94. Bütpərəstlər tələsik onun yanına gəldilər.
- 95. O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
- 96. Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
- 97. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
- 98. Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
- 99. O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
- 100. O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”
- 101. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
- 102. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.
- 103. Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman
- 104. Biz onu çağırıb dedik: “Ey İbrahim!
- 105. Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- 106. Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
- 107. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
- 108. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
- 109. İbrahimə salam olsun!
- 110. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- 111. Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
- 112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
- 113. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
- 114. Biz Musa ilə Haruna da nemət bəxş etdik.
- 115. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
- 116. Onlara kömək göstərdik və qalib gəldilər.
- 117. Hər ikisinə aydın bir Kitab verdik.
- 118. Hər ikisini də doğru yola yönəltdik.
- 119. Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.
- 120. Musaya və Haruna salam olsun!
- 121. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- 122. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
- 123. Şübhəsiz ki, İlyas da elçilərdəndir.
- 124. Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
- 125. Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
- 126. həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”
- 127. Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir.
- 128. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
- 129. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.
- 130. İlyasinə salam olsun!
- 131. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
- 132. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
- 133. Şübhəsiz ki, Lut da elçilərdəndir.
- 134. Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
- 135. Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
- 136. Sonra da o birilərini yerli-dibli yox etdik.
- 137. Siz həm səhər çağı onların yanından keçirsiniz,
- 138. həm də axşam çağı. Məgər anlamırsınız?
- 139. Yunus da, həqiqətən, elçilərdəndir.
- 140. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
- 141. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
- 142. O, qınanmağa layiq olduqda balıq onu uddu.
- 143. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
- 144. balığın qarnında Qiyamət gününə qədər qalardı.
- 145. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.
- 146. Onun başı üstündə balqabaq tağı bitirdik.
- 147. Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik.
- 148. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
- 149. Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
- 150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?
- 151. Həqiqətən, onlar yalan uydurub deyirlər:
- 152. “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
- 153. Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?
- 154. Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
- 155. Məgər düşünüb ibrət almayacaqsınız?
- 156. Yoxsa sizin aydın bir dəliliniz vardır?
- 157. Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
- 158. Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.
- 159. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
- 160. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
- 161. Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
- 162. heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz;
- 163. ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
- 164. Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
- 165. Həqiqətən, biz səf-səf dururuq.
- 166. Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.
- 167. Müşriklər deyirdilər:
- 168. “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
- 169. biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.
- 170. Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
- 171. Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
- 172. “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
- 173. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
- 174. Sən bir müddət onlardan üz çevir!
- 175. Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
- 176. Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
- 177. Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
- 178. Sən bir müddət onlardan üz çevir!
- 179. Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.
- 180. Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.
- 181. Elçilərə salam olsun!
- 182. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
