33. Əhzab - Quran
- 1. Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
- 2. Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
- 3. Allaha təvəkkül et! Allahın Qoruyan olması sənə bəsdir.
- 4. Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğulluğa götürdüklərinizi də oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz yalan sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir.
- 5. Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir.
- 6. Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır.
- 7. Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq.
