Rum - QURANİ KƏRİM - Harun Yəhya
-
1. Əlif. Ləm. Mim.
-
2. Rumlular məğlub edildilər;
-
3. ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;
-
4. bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;
-
5. Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir.
-
6. Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir.
-
7. Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.
-
8. Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.
-
9. Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər.
-
10. Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu.
-
11. Allah məxluqatı əvvəlcə heçdən yaradır, öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız.
-
12. O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.
-
13. Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər.
-
14. Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar.
-
15. İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar.
-
16. Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər.
-
17. Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin.
-
18. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şərəfinə təriflər deyin!
-
19. O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız.
-
20. Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız.
-
21. Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.
-
22. Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!
-
23. Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır.
-
24. Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır.
-
25. Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
-
26. Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir.
-
27. Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
-
28. O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik.
-
29. Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.
-
30. Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.
-
31. Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!
-
32. O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir.
-
33. İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur.
-
34. Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz.
-
35. Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik?
-
36. İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
-
37. Məgər onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.
-
38. Qohum-əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır.
-
39. İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək verdiyiniz zəkata gəlincə, bilin ki, bunu edənlər mallarının bərəkətini qat-qat artıranlardır.
-
40. Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı? O, pakdır və müşriklərin Ona şərik qoşduqlarından ucadır.
-
41. İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar.
-
42. De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi”.
-
43. Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bölünəcəklər.
-
44. Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar.
-
45. Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir.
-
46. Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.
-
47. Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.
-
48. Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər.
-
49. Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər.
-
50. Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.
-
51. Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
-
52. Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.
-
53. Sən korları da düşdükləri zəlalətdən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.
-
54. Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
-
55. O Saatın gəldiyi gün günahkarlar dünyada bircə saat qaldıqlarına and içəcəklər. Onlar dünyada da haqdan belə üz döndərirdilər.
-
56. Bilik və iman nəsib edilmiş kimsələr isə deyəcəklər: “Siz orada Allahın yazısı ilə Dirilmə gününə qədər qaldınız. Bu gün, məhz Dirilmə günüdür, lakin siz bunu bilmirdiniz”.
-
57. Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır.
-
58. Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!” – deyəcəklər.
-
59. Allah haqqı bilməyənlərin qəlbini belə möhürləyir.
-
60. Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.
PAYLAŞIN
1
Fatihə
2
Bəqərə surəsi
3
Ali-İmran
4
Nisa
5
Maidə
6
Ənam
7
Əraf
8
Ənfal
9
Tövbə
10
Yunus
11
Hud
12
Yusif
13
Rəd
14
İbrahim
15
Hicr
16
Nəhl
17
İsra
18
Kəhf
19
Məryəm
20
Taha
21
Ənbiya
22
Həcc
23
Muminun
24
Nur
25
Furqan
26
Şuəra
27
Nəml
28
Qəsəs
29
Ənkəbut
30
Rum
31
Loğman
32
Səcdə
33
Əhzab
34
Səba
35
Fatir
36
Yasin
37
Saffat surəsi
38
Sad surəsi
39
Zumər
40
Mumin
41
Fussilət
42
Şura
43
Zuxruf
44
Duxan surəsi
45
Casiyə surəsi
46
Əhqaf
47
Məhəmməd
48
Fəth
49
Hucurat
50
Qaf
51
Zariyat surəsi
52
Tur
53
Nəcm
54
Qəmər
55
Rəhman
56
Vaqiə
57
Hədid
58
Mucadələ
59
Həşr
60
Mumtəhinə
61
Səff
62
Cumuə
63
Munafiqun
64
Təğabun
65
Talaq
66
Təhrim
67
Mulk
68
Nun
69
Haqqə
70
Məaric
71
Nuh
72
Cinn
73
Muzzəmmil
74
Muddəssir
75
Qiyamə
76
İnsan
77
Mursəlat
78
Nəbə
79
Naziat
80
Əbəsə
81
Təkvir
82
İnfitar
83
Mutəffifin
84
İnşiqaq
85
Buruc
86
Tariq
87
Əla
88
Ğaşiyə
89
Fəcr
90
Bələd
91
Şəms
92
Leyl surəsi
93
Zuha
94
İnşirah
95
Tin
96
Ələq
97
Qədr
98
Bəyyinə
99
Zilzal
100
Adiyat
101
Qariə
102
Təkasur
103
Əsr
104
Huməzə
105
Fil
106
Qureyş
107
Maun
108
Kovsər
109
Kafirun
110
Nəsr
111
Əbu Ləhəb
112
İxlas
113
Fələq
114
Nas surəsi