logo HARUN YƏHYA

Rəhman - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Mərhəmətli Allah
  • 2. Quranı öyrətdi.
  • 3. İnsanı yaratdı,
  • 4. ona danışmağı öyrətdi.
  • 5. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.
  • 6. Otlar da, ağaclar da səcdə edir.
  • 7. Allah göyü ucaltdı və tərəzini qoydu ki,
  • 8. çəkidə həddi aşmayasınız.
  • 9. Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.
  • 10. O, yeri məxluqat üçün döşədi.
  • 11. Orada meyvələr və salxımlı xurma ağacları vardır.
  • 12. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.
  • 13. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 14. O, insanı saxsı kimi quru gildən yaratdı,
  • 15. cinləri də təmiz oddan yaratdı.
  • 16. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 17. Allah iki məşriqin və iki məğribin Rəbbidir.
  • 18. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 19. O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.
  • 20. Onların arasında maneə vardır, onu keçə bilməzlər.
  • 21. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 22. Onlardan mirvari və mərcan çıxır.
  • 23. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 24. Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.
  • 25. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 26. Yer üzündə olan hər kəs ölümə məhkumdur.
  • 27. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.
  • 28. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 29. Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir.
  • 30. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 31. Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq.
  • 32. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 33. Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.
  • 34. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 35. Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.
  • 36. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 37. Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.
  • 38. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 39. O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.
  • 40. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 41. Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.
  • 42. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 43. Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!
  • 44. Onlar onunla qaynar su arasında dolanacaqlar.
  • 45. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 46. Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.
  • 47. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 48. İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.
  • 49. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 50. İkisində də iki axar bulaq vardır.
  • 51. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 52. İkisində də hər meyvədən qoşa-qoşa vardır.
  • 53. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 54. Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.
  • 55. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 56. Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
  • 57. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 58. Onlar sanki yaqut və mərcandırlar.
  • 59. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 60. Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?
  • 61. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 62. Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.
  • 63. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 64. Hər ikisi tünd yaşıldır.
  • 65. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 66. İkisində də fəvvarə vuran iki bulaq vardır.
  • 67. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 68. İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır.
  • 69. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 70. Orada xoş xasiyyətli, gözəl qızlar vardır.
  • 71. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 72. Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.
  • 73. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 74. Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
  • 75. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 76. Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.
  • 77. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
  • 78. Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code