logo HARUN YƏHYA

İnsan - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
  • 2. İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
  • 3. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
  • 4. Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
  • 5. Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.
  • 6. Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
  • 7. Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.
  • 8. Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
  • 9. və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!
  • 10. Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
  • 11. Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;
  • 12. onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.
  • 13. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
  • 14. Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
  • 15. Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
  • 16. Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.
  • 17. Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.
  • 18. Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.
  • 19. Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
  • 20. Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.
  • 21. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
  • 22. Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
  • 23. Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
  • 24. Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
  • 25. Səhər-axşam Rəbbinin adını zikr et!
  • 26. Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
  • 27. Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.
  • 28. Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.
  • 29. Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
  • 30. Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
  • 31. O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code