logo HARUN YƏHYA

Nəbə - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Onlar nə barədə bir-birindən soruşurlar?
  • 2. Böyük bir xəbər barəsində –
  • 3. elə bir xəbər ki, onlar onun haqqında ziddiyyətdədirlər.
  • 4. Xeyr, onlar Qiyamətin həqiqət olduğunu hökmən biləcəklər!
  • 5. Bir daha xeyr! Onlar hökmən biləcəklər!
  • 6. Məgər Biz yeri yataq etmədikmi?
  • 7. Dağları da payalar?!
  • 8. Biz sizi cüt yaratdıq.
  • 9. Yuxunuzu da sizin üçün rahatlıq etdik.
  • 10. Gecəni örtük etdik,
  • 11. gündüzü isə ruzi qazanmaq vaxtı.
  • 12. Üstünüzdə yeddi möhkəm göy qurduq
  • 13. və çox parlaq bir çıraq yaratdıq.
  • 14. Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
  • 15. onunla taxıl və digər bitkilər yetişdirək,
  • 16. habelə ağaclarının qol-budaqları bir-birinə sarmaşan bağlar salaq.
  • 17. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
  • 18. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
  • 19. O gün göyün qapıları açılacaqdır.
  • 20. Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
  • 21. Həqiqətən, Cəhənnəm kafirlər üçün pusquda dayanıb gözləyir.
  • 22. O, həddi aşanların qayıdacağı yerdir.
  • 23. Onlar orada əsrlər boyu qalacaqlar.
  • 24. Onlar orada nə bir sərinlik, nə də sərinlədirici içki dadacaqlar.
  • 25. İçdikləri yalnız qaynar su və irin olacaq –
  • 26. Törətdikləri əməllərinə uyğun bir cəza kimi.
  • 27. Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.
  • 28. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
  • 29. Biz hər bir şeyi hesablayıb yazmışıq.
  • 30. Elə isə dadın əzabı! Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
  • 31. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
  • 32. Həmçinin bağlar və üzümlüklər,
  • 33. dolğun döşlü həmyaşıd qızlar
  • 34. və ləbələb doldurulmuş qədəhlər də vardır!
  • 35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşidəcəklər.
  • 36. Bunlar sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
  • 37. Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
  • 38. Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.
  • 39. O gün, gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
  • 40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code