6. Ənam - Quran
- 1. Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar.
- 2. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.
- 3. O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir.
- 4. Onlara Rəbbindən gələn elə bir ayə yoxdur ki, ondan üz çevirməsinlər.
- 5. Onlara haqq gəldikdə onu yalan saydılar. İstehza etdikləri şeyin xəbəri onlara tezliklə çatacaqdır.
- 6. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Onların üzərinə göydən bol-bol yağış yağdırmış və evlərinin altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.
- 7. Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” – deyərdilər.
