logo HARUN YƏHYA

Nuh - QURANİ KƏRİM - Harun Yəhya

  • 1. Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”
  • 2. O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!
  • 3. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
  • 4. Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
  • 5. O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.
  • 6. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.
  • 7. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
  • 8. Sonra mən onları aşkarcasına dəvət etdim.
  • 9. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib
  • 10. dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
  • 11. O, sizin üzərinizə bol-bol yağış göndərər,
  • 12. var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
  • 13. Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
  • 14. Axı O sizi mərhələlərlə yaratdı.
  • 15. Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?
  • 16. Ayı bir nur, günəşi də çıraq etmişdir.
  • 17. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
  • 18. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
  • 19. Allah yeri sizin üçün xalı təki döşədi.
  • 20. Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.
  • 21. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
  • 22. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
  • 23. və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
  • 24. Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.
  • 25. Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
  • 26. Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
  • 27. Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.
  • 28. Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code