3. Ali-İmran - Quran
- 1. Əlif. Ləm. Mim.
- 2. Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur.
- 3. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi –
- 4. daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir.
- 5. Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.
- 6. Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.
- 7. Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
